Məhkəmə qərarları › İş №2(001)-2851/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2851/2024

19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2851/2024 19.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 31 may 2022-ci il tarixdə saat 17:50 radələrində ona məxsus olan “Toyota Land-Cruiser” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 112 ünvanında Bakı Sağlamlıq Mərkəzinin arxa hissəsində park edərək digər avtomobilə əyləşib çıxıb getmişdir. 01 iyun 2022-ci il tarixdə saat 12 radələrində avtomobilini saxladığı ünvana gəldikdə maşına yaxınlaşan zaman avtomobilin ön kapot, sağ və sol tərəf qanadlarının, hər dörd qapının, arxa qanadlarının, arxa sağ tərəf stopunun şüşəsinin, qabaq sol tərəf farasının şüşəsinin, sağ və sol güzgüsünün şüşəsinin və qabaq alın şüşəsinin naməlum əşya ilə sındırılmasını aşkar etmişdir. Hadisə nəticəsində ona 5130 manat maddi ziyan dəymişdir. Bununla bağlı olaraq, o, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə şikayət etmiş və qardaşı Cavabdeh dindirilmiş və etdiyi əməlləri etiraf etmişdir. Lakin, Nərimanov Rayon Polis İdarəsində cinayət işi qaldırılmamış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, Cavabdeh əməlində inzibati tərkib yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2022ci il tarixli, 3(005)-2264/2022 saylı qərarı ilə Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edildiyindən iş üzrə icraata xitam verilmişdir. Buna görə də, o, məcbur olaraq mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, dəfələrlə cavabdehə müraciət edərək, ona məxsus “X5” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumilikdə 5310 (beş min üç yüz on) manat məbləğində maddi ziyanın ödənilməsini tələb etsə də, cavabdeh onun tələbini yerinə yetirməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu baş verməlidir, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. O, hesab edir ki, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə onun avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1108.1 və 1115-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 5310 manat məbləğində vurulmuş zərərin əvəzinin və iddia ərizəsi verilərkən ödənilmiş 74 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ** RA *** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobilə dəymiş 5310 manat məbləğində ziyanın və 78 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı onun doğma qardaşıdır və onunla uzun müddətdir ki, küsülü münasibətindədir. xx.xx.2022-ci il tarixdə o, qardaşı İddiaçı və digər qohumlarla birlikdə Binəqədi rayon ərazisində yerləşən restoranların birində oturaraq yemək yeyərək spirtli içki qəbul etmişdir. Məclis zamanı Anar ona yersiz atmacalar atsa da, ona fikir verməmişdir. Onlar yeyib içdikdən sonra çay içmək uçün həmin məkandan durub Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birinə gəlmişlər. Çay evində olduqları zaman qardaşı Anar yenə də ona yersiz atmacalar atmağa başlamışdır. Bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. Mübahisənin ortasında Anar onu günahkar çıxardaraq çay evini tərk etdikdə o, da onun arxasınca çıxsa da, onu tapa bilməmişdir. Bundan sonra o, Anarı tapmaq üçün onun “X5” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı ünvan 3 ünvana BSM-nin arxa tərəfinə taksi ilə gəlmişdir. Maşına yaxınlaşdıqda Anarın orada olmadığını görüb onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, söhbətə aydınlıq gətirməsi üçün onu maşının yanına dəvət etmək istədikdə qardaşı onu telefonda təhqir etməyə başlamışdır. Daha sonra telefonu söndürərək SMS vasitəsilə onu təhqir etməyə davam etmişdir. O, da bundan əsəbləşərək yerdən daş parçası götürüb maşının sağ və sol tərəfini cızmağa başlamış, sağ və sol tərəf iç güzgülərini, arxa sağ tərəf stop farasının şüşəsini, daha sonra isə ön alın şüşəsinə daş atıb sındıraraq oradan uzaqlaşıb getmişdir. İş materiallarında olan fiziki şəxs X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli zərər aktından görünür ki, “Toyota Land-Cruiser” minik markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 5130 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3958 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Fiziki şəxs X2 VÖEN: **********” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 3093 №-li zərər aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı, “Toyota Land-Cruiser” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4580 manat müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti 1280 manat, təmir-bərpa işlərinin qiyməti 3300 manat qeyd edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Land-Cruiser” minik markalı, ** RA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi (mülkiyyətçisi) İddiaçıdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə qardaşı İddiaçı əsəbləşərək, İddiaçı məxsus “Toyota Land-Cruiser” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilə daş parçası ilə qəsdən zərər yetirmişdir. Həmin əməlin törədilməsi iş materiallarında olan müvafiq qərarla və Cavabdeh tərəfindən verilmiş izahatla öz təsdiqini tapmışdır. Fiziki şəxs X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli zərər aktı ilə “Toyota Land-Cruiser” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 5130 manat məbləğində qiymətləndirilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3958 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, 2011-ci il buraxılışlı, “Toyota Land-Cruiser” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4580 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Toyota Land-Cruiser” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3958 nömrəli ekspert rəyində müəyyən edilmiş 4580 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 4580 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 74 manat dövlət rüsumunun 86%, yəni 63.65 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 14%, yəni 10.35 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, 50 manat ekspertiza xərcinin 86%, yəni 43 manat Cavabdeh, qalan 14%, yəni 7 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar