Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2864/2021 29.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən Sumqayıt Şəhər Məhkəməsinin 2006cı il tarixli qətnaməsi ilə tutulan 50 manat alimentin 2021-ci il üçün minimum aliment məbləğinin 175 manata artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxx 2001-ci il tarixdən el adəti ilə ailə qurub 2002-ci ildə rəsmi nikaha daxil olmuş, xx xxxxxx 2006-cı ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahlarından xx xxxxxx 2003-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdehle faktiki olaraq bir neçə ildir ki, birlikdə yaşamırlar və birgə təsərrüfatları yoxdur. Cavabdeh bu müddət ərzində onunla və övladı ilə maraqlanmamışdır. Ayrıldıqları gündən könüllü olaraq cavabdeh uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərməmiş atalıq məsuliyyətini dərk etməmişdir. 2006-cı ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə cavabdahdən uşağın saxlanılması üçün ayda 50 manat məbləğində aliment hesablanaraq onun xeyrinə kəsilmişdir. Hazırkı şəraitdə bu məbləğ ilə uşağın saxlanılması mümkün deyildir. Hazırda daimi iş yeri olmadığı və kirayədə qaldığı üçün böyük maddi sıxıntı içərisindədir. Övladının dərslərini etməsi və ali təhsil alması üçün vacib olan abituriyent hazırlığının xərclərini qarşılamağa maddi imkanı çatmır və övladı hazırda mövcud pandemiya şəraiti ilə bağlı yuxarıda sadalanan səbəblərdən dərslərindən geridə qalmaqdadır. Baxmayaraq ki cavabdehin övladlarının saxlanılması üçün kifayət qədər normal imkanları var. Cavabdeh ustalıq fəaliyyət ilə məşğuldur və onun qanunla müəyyən edilmiş minimum aliment məbləğini ödəməyə maddi imkanı çatır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onun hazırda 130 manat məbləğində aliment ödəməyə imkanı çatır. Belə ki, o, tikinti şirkətində fəhlə işləyir və maddi imkanı zəifdir. Eyni zamanda o, ikinci dəfə nikaha daxil olmuş və həmin nikahından da 13 yaşında oğlu var. Göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından olan çıxarışdan görünür ki, X5 xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri Sumqayıt şəhəri, 36-cı məhəllə, 10/27A, 50 ünvanıdır. AZ-İ seriyalı 086558 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah xx xxxxxx 2006-cı il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli, 2-2949/2006 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx xxxxxxx 2002-ci ildə Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsində bağlanmış 737 saylı nikah qeydinin ləğv edilməsi, Cavabdeh hər həftənin bazar günləri xx xxxxxx 2003-cü il tarixdə doğulmuş X5 ilə ünsiyyətdə olması üçün şəraitin yaradılması, Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin xx xxxxxx 2006-cı il tarixdən başlayaraq tutulub xx xxxxxx 2003-cü il tarixdə doğulmuş Fatimənin yetkinlik yaşına çatana kimi saxlanması üçün X2 verilməsi qət edilmişdir. AZ-İ seriyalı 723938 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 xx xxxxxx 2011-ci il tarixdə nikaha daxil olmuşdur. AZ-İİ seriyalı 671361 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X4r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2- 2949/2006 saylı, xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, xx xxxxxx 2003-cü il təvəllüdlü X5 iddiaçının yanında saxlanmış və uşağın saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Hazırda iddiaçı 50 manat məbləğində müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının 175 manat məbləğinə artırılmasını xahiş edir, cavabdeh isə maddi imkanın zəif olduğunu, ikinci dəfə nikaha daxil olduğunu və həmin nikahdan da bir övladı olduğunu bildirərək iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay xx xxxxxx 2003-cü il təvəllüdlü X5 üçün 50 manat sabit pul məbləğində alimentin tutulması haqqında Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Həmçinin, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bundan əlavə, cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağın saxlanması vəzifəsindən azad etmir. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Bununla belə, məhkəmə, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin yenidən ailə həyatı qurduğunu və bir uşağının dünyaya gəldiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Sumqayıt Şəhər Məhkəməsinin 2- 2949/2019 saylı, xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 24 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Sumqayıt Şəhər Məhkəməsinin 2-2949/2006 saylı, xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2864/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2864/2021
29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver