Məhkəmə qərarları › İş №2(001)-2875/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2875/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2875/2023 22.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh Vyaçeslavoviçin iştirakı ilə İddiaçı Cavabdeh Vyaçeslavoviçə qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə cavabdeh el adəti ilə toy etməklə evlənmiş, 28 mart 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 20 fevral 2006-cı il təvəllüdlü X2, 25 may 2007-ci il təvəllüdlü X3 və 04 yanvar 2011-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, 11 dekabr 2017-ci il tarixdə “nikahın pozulması haqqında” şəhadətnamə verilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatına göstərmişdir ki, cavabdehlə aralarındakı nikah pozularkən alimentlə bağlı aralarında razılıq əldə edilmiş, həmin razılıq əsasında cavabdeh hər ay hər uşağa görə 100 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin bir neçə aydır ki cavabdeh aliment ödəməmiş, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 660 manat ödəniş etmişdir. Uşaqların maddi təminatlarının qarşılanması üçün hər uşağa 100 manat aliment kifayət etmədiyindən, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, o, hazırda işləmir, ərizədə göstərilən miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Həmçinin, yenidən ailə qurmuş və yeni evliliyindən bir yetkinlik yaşına çatmamış uşağı vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, həmin Məcəllənin 75.1-ci maddəsinin məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı, habelə digər xərclərin mövcudluğunu, həmçinin Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin məbləğinin hər uşağa görə 150 manat sabit pul məbləğində müəyyən olunması qanunvericiliyin tələblərinə, eləcə də uşaqların üstün maraqlarına uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Hazırki halda alimentin tutulmasına dair məhkəmə qətnaməsi olmadığından, aliment tərəflərin razılığı əsasında ödənildiyindən, bu iddia alimentin artırılması deyil, aliment tələbi kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, uşaqların saxlanması üçün həy ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, alimentin tutulmasının əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + iddia qiymətinin 1000 manatdan yuxarı hissəsinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 5400 manat (hazırki qətnamə ilə müəyyən edilmiş alimentin cəmi ilə əvvəlki qətnamədəki alimentin cəmi arasındakı fərqin 12 aya hasili) olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 74 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Habelə, mediasiya xərci kimi iddiaçının ödədiyi 50 manat pulun 40 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh Vyaçeslavoviçə qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilsin. 20 fevral 2006-cı il təvəllüdlü X2, 25 may 2007-ci il təvəllüdlü X3 və 04 yanvar 2011-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh Vyaçeslavoviçdən hər ay hər uşağa görə 150 manat, ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərcinin əvəzi kimi 40 manat məbləğində pul vəsaiti Cavabdeh Vyaçeslavoviçdən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh Vyaçeslavoviçdən tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar