Məhkəmə qərarları › İş №2(001)-2891/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2891/2021

29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2891/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan övladları 05 noyabr 2011ci il təvəllüdlü X3 və 25 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək ödənilən alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikaharından 05 noyabr 2011-ci il təvəllüdlü X6 və 25 fevral 2015-ci il təvəllüdlü X10 anadan olmuşlar. Binəqədi rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli 2(001)-2745/2018 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat aliment təyin olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 2017-ci ildə qeyri rəsmi nikaha daxil olmuş və həmin nikahdan 11 iyul 2020-ci təvəllüdlü X8 anadan olmuşdur. Uşağın atası olduğu 18 avqust 2018-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə təsdiqlənmişdir. Həmin qətnamə ilə yetkinlik yaşına çatmayan qızının saxlanması üçün 120 manat aliment ödənilməsi qət edilmişdir. 2021-ci ilin aprel ayından Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə həmin məbləğ dəyişdirilərək 160 manat məbləğinə qalxmışdır. İşsizdir və ödənişlər eləməyə imkanı yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş , lakin ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxıb iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 810146 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05.11.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İddiaçı, atası Cavabdehdur. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25.02.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İddiaçı, atası Cavabdehdur. Binəqədi rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli 2(001)-2745/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, 05 noyabr 2011-ci il təvəllüdlü X7 və 25 fevral 2015-ci il təvəllüdlü X1 Gülşən Akif qızının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Tərəflərin birgə nikahından 05 noyabr 2011ci il təvəllüdlü X7 və 25 fevral 2015-ci il təvəllüdlü X9 doğulmuşdur. Birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 160 manat olmaqla, ümumilikdə 320 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 175 manat məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh isə ikinci dəfə qeyri rəsmi nikaha daxil olmuşdur və həmin nikahdan bir uşağı vardır və ona aliment ödəyir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X2 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddiaçı alimentin artırılmasının zəruriliyini onunla əsaslandırmışdır ki, uşaqlar üçün yaşayış minimumu artmışdır. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, qeyri rəsmi nikahından uşağı vardır və hal-hazırda onun saxlanılması üçün 160 manat aliment tutulur. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, tərəflərin birgə nikahlarından olan uşaqların müvafiq olaraq 9 və 6 yaşları vardır. Uşaqların yaşlarına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Eyni zamanda yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2018-ci ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşaqların mənafeyinə uyğun hesab edilə bilər. Yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas olmamaqla aliment ödəməli olan şəxsin gəlirinin də artması demək deyildir. Belə ki, Uşaqlar üçün yaşayış minimumu ilə bağlı qanunvericiliyin hazırki mübahisələrə tətbiqi baxımından Ali Məhkəmənin Plenumunun və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarları mövcuddur. Həmin qərarlarda mövqe ondan ibarət olmuşdur ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa həmin qərarlarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, alimentin artırılması tələbinə baxarkən yalnız uşağın təminat səviyyəsi deyil, eyni zamanda aliment ödəyənin maddi vəziyyəti də nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşaqların, həm cavabdehin, həm də cavabdehin aliment ödədiyi azyaşlı uşağın diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və hər uşaq üçün ödənilməli olan alimentin məbləği artırılaraq 165 manat miqdarda müəyyən edilməlidir.Məhkəmə artırılmış alimentin məbləğini işin hallarına uyğun olaraq ədalətli olduğu qənaətinə gəlir. Belə ki, həm aliment tələb edən valideynin, həm uşaqların, həm aliment ödəməli olan şəxsin maraqları nəzərə alınmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, aliment məbləğinin aliment ödəməli olan şəxsin maddi vəziyyətinə uyğun olmayan şəkildə artırılması, məhkəmələrin icraatında alimentin ödənilə bilməməsinə görə çoxsaylı inzibati və cinayət xarakterli işlərin artmasına və nəticə etibarı ilə aliment alan uşaqların mənafelərinin pozulması ilə nəticələnir. Bu faktın məhkəmə təcrübəsində kifayət qədər nümunəsi mövcuddur. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Binəqədi rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli 2(001)-2745/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 05 noyabr 2011-ci il təvəllüdlü X3 və 25 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 165 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 500 manatdan az olduğundan (165 - 160=5 x 2 x 12=120) ödənilməli olan dövlət rüsumu 20 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Binəqədi rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(001)-2745/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 05 noyabr 2011-ci il təvəllüdlü X3 və 25 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 165 (yüz altmış beş) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar