Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-29/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə Billa Yetimovanın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı borcun qaytarılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bilal Yetimova “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 200000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatına olan məzənnə ilə cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşı olsa da, uzun müddətdir ki, Azərbaycan Respublikasında iş qurub burada yaşamaqdadır. İşi ilə əlaqədar “xxxx” MMC ilə əməkdaşlıqları yaranmışdır. 2018-ci ilin iyul ayında fəaliyyətlərinə kömək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə 200000 ABŞ dolları məbləğində pul borc kimi verilmişdir. Bu barədə tərəflər arasında xx xxxx 2018-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən, iddiaçı istənilən vaxt pulunu tələb edə bilər, cavabdeh isə iddiaçının pulu tələb etdiyi andan 3 iş günü müddətində pulu geri qaytarmalı idi. İddiaçı cavabdehdən pulunu tələb etməsindən bir neçə gün keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmış, buna görə də, iddiaçı 2018-ci ilin sentyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Həmin iddia ərizəsi əsasında keçirilmiş məhkəmə iclasına cavabdeh ərizə ünvanlayaraq iddiaçıya borcunun olduğunu etiraf etmiş, müəssisənin tam gücü ilə işləməməsi səbəbi ilə borclarını birdəfəlik ödəmək imkanında olmadıqlarını bildirmişdir. Sonradan iddiaçının həmin vaxt nümayəndəsi və vəkili kimi çıxış edən X1 məhkəməyə iddiaçının adından ərizə ünvanlayaraq iddiaçının iddiadan imtina etdiyini göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən, həmin əsasla iş üzrə icraata xitam verilmişdir. Halbuki, iddiaçının bu hadisələrdən məlumatı olmamışdır. Sonradan iddiaçı məhkəmənin həmin qərardadından şikayət vermiş və haqlı olaraq şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən təmin edilmiş, məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilərək iş məhkəmə baxışına təyin edilmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərlənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı cavabdehə borc pul verməmiş, buna dair hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır. xx xxxx 2018-ci il tarixli borc müqaviləsinin 1.3-cü bəndinə əsasən, borc məbləğinin verilməsi anı pul vəsaitinin borc alanın kassasına mədaxil edildiyi və ya həmin məbləğin borc alanın bank hesabına köçürüldüyü an hesab edilir. Əgər iddiaçı pul veribdirsə ya kassa mədaxil orderini, ya da bank hesabından çıxarışı məhkəməyə təqdim etməlidir. İş materiallarında isə bununla bağlı heç bir sübut yoxdur. Bundan başqa, müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddətdə borc verən borcunu tələb edərsə, borc alan ən gec 3 bank günü ərzində borcu borc verənə qaytarmalıdır. İddiaçı cavabdehə pul, heç bir borc məbləği vermədiyi üçün cavabdehdən borcunun qaytarılmasını tələb də etməmişdir. Belə ki, iş materiallarında buna dair hər hansı sənəd və ya pretenziya yoxdur. İddiaçı ilə cavabdeh arasında iş münasibətləri olmuş, həmin münasibətlərdən cavabdehin iddiaçıya təxminən 1000-2000 manat borcunun qalması əsaslı ola bilər, lakin iddia tələbində göstərilən məbləğ absurddur. Sonda S.C.Lələyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Bilal Yetimovanın iddia tələbi 200.000 ABŞ dolları məbləgində pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - xx xxxx 2018-ci il tarixli borc müqaviləsindən görünür ki, Bilal Yetimova “xxxx” MMC-yə 200000 ABŞ dolları məbləğində pul vəsaitini qaytarmaq şərti ilə maliyyə yardımı kimi borca vermişdir. - Müqavilənin 2-ci bəndində qeyd olunmuşdur ki, “borc verən” yəni Bilal Yetimova pulu müqavilə imzalanan tarixdə “borc alana” yəni “xxxx” MMC-yə nağd şəkildə verir və ya bank hesabına köçürür. Borc alan pulu tərəflərin razılaşdığı müdətdə geri qaytarır. Müqavilənin qüvvədə olduğu müddətdə borc verən borcunu tələb edərsə, borc alan ən gec 3 bank günü ərzində borcu borc verənə qaytarmalıdır. - “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlandırılmış xx xxxxxx 2018-ci il tarixli, A101 nömrəli ərizədə göstərilmişdir ki, “bildiririk ki, həqiqətən Bilal Yetimova ilə “xxxx” MMC arasında işgüzar münasibətlər mövcuddur. Qarşılıqlı iş birliyimiz vardır. Birgə iş gördüyümün üçün ona borcumuz yaranmışdır. Borcun vaxtında qaytarılmamasının səbəbi ilə müəssisənin hazırda tam gücü ilə işləməməsidir. Buna görə də borcu birdəfəlik ödəmək qeyri-mümkündür. Bu barədə iddiaçıya məlumat verilmişdir. Yəni, iddiaçı ilə danışıqlarımız hal-hazırda davam etməkdədir. Yaranmış borcu qaytarmaqdan imtina etmirik, sadəcə bizə hissə-hissə ödənilməsi üçün vaxt verməyi zəruridir.” Məhkəmə hesab edir ki, cavabdehin təqdim etdiyi yazılı etiraf ərizəsi iddia tələbinin sübutu kimi həlledici əhəmiyyətə malikdir. Çünki cavabdeh iddianın predmeti və iddia tələbinin həcmi barədə məlumatlı olduğu halda məhkəmənin dəftərxanası vasitəsi ilə rəsmi qaydada daxil olan, möhür və imza ilə təsdiq edilmiş yazılı ərizəsində (xx.xx.2018-ci il tarixli) iddia ərizəsində göstərilən məbləği mübahisələndirməmiş, müəssisənin tam gücü ilə işləyə bilməməsi səbəbindən borclarını birdəfəlik ödəmək imkanlarının olmadığının hissə-hissə ödənilməsi üçün vaxt verilməsinin zəruriliyini xahiş etmişdir. İş üzrə icraat təzələndikdən sonra iddia ərizəsinə verilmiş etirazda da cavabdeh tərəflərin qarşılıqlı fəaliyyəti oldugunu və iddiaçıya borclu qalmasını inkar etməmişdir. Həmçinin əvvəlki icraat zamanı iddianın etirafı barədə cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsinin səbəbini izah edə bilməmişdir. Əgər həqiqətən qalıq borc 1000-2000 manat olmuşsa, o halda ərizədə “borcun birdəfəlik ödəməyin qeyri-mümkünlüyü, borcun hissə-hissə ödənilməsi üçün onlara vaxt verilməsinin zəruri olmasının” göstərilməsi də cavabdeh tərəfindən izah edilməmişdir. Belə olduqda məhkəmə hesab edir ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 191.3 maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən qəbul edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 106.3 maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktların digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclas protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı şəkildə ifadə olunarsa, həmin ərizə işə tikilir. Göründüyü kimi fakt yazılı ərizə şəkildə etiraf edilmiş və məhkəminin dəftərxanası vasitəsilə təqdim edilmişdir. Faktın etirafının qəbul edilməməsinə AR MPM-nın 16.4 maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil . İddia tələbində göstərilən pul vəsaitinin cavabdehdən tutmalı olması ilə bağlı məhkəmə həmçinin, aşağıdakı maddi hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uygun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsaında öz hüquq və vəzifələrinin müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtlərti qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır . -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İndiki halda tərəflər arasındakı müqavilə iş matreallarına təqdim edilmiş və etibarsızlığı cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddia tələbi əvvəlcə tam etiraf edilsə də sonradan qismən etiraf edilmişdir. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda işə işgüzar adətlərə və ya adətən irəli sürulən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir .Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər bu öhdəliyi, əgər bu, qanunla qadağan edilmiyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. -439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparlılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa,o,manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. -445.1-ci maddəsinə əsasən, icranı gecikmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağa öhdəsinə götürür. Borc müqaviləsi predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır . “Məhkəmələr və hakimlər haqqında“ AR Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır . AR Konsitutsiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir . Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bilal Yetimova ilə “xxxx” MMC arasında xx xxxx 2018-ci il tarixində borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bilal Yetimova tərəfindən 200.000 ABŞ dolları məbləğində pul vəsaiti borc kimi cavabdehə verilmiş, müqavilənin şərtlərinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə borcun qaytarılması tələb edildiyi təqdirdə 3 iş günü ərzində borcun qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı borcun qaytarılmasını tələb etdikdə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlamaqla iddiaçıya borcunun olduğunu etiraf etmiş, həmin borcu birdəfəlik ödəmək iqtidarında olmadıqlarını, hissə-hissə ödənilməsi üçün iddiaçı ilə danışıqlar aparıldığını göstərmişdir. Hazırki məhkəmə iclasında isə cavabdehin nümayəndəsi iddiaçıya təxminən 1000-2000 manat borclarının olmasını bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını inandırıcı hesab etmir. Cavabdehin 1000-2000 manat borcun 2018-ci ildən indiyədək ödəyə bilməməsi real deyildir və ümumiyyətlə cavabdeh tərəfindən iddiaçıya borcun etiraf edilməsi, sonradan qismən etirafı və konkret hansı məbləğdə olması ilə bağlı sübut etmə vəzifəsi cavabdehə aid edilməlidir. Cavabdeh iddianın etirafı barədə məhkəməyə ərizə verərkən iddianın predmeti və iddia məbləginin həcmi ona məlum olmuşdur. Cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halların mövcudlugu barədə məhkəməyə sübut təqdim etməmişdir. Borc məbləginin iddiaçının haradan əldə etməsi, nə vaxt, hansı əskinaslarla, harada və kimə verməsi, mədaxil orderi ilə cavabdehin kassasına köçürülməməsi, pulun mənbəyinin göstərilməməsinə dair cavabdehin arqumentləri özünün məhkəməyə təqdim etdiyi xx xxxxxx 2018-ci il tarixli, A101 nömrəli etiraf ərizəsi ilə müqayisədə əhəmiyyətini itirmişdir. İddia ərizəsinə etirazda “Mühasibat uçotu haqqında” AR Qanununun tələblərinin pozulması ilə baglı göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, mühasibatlıq qaydalarına əməl edilməməsi indiki halda hüquqi şəxs olan cavabdeh üçün öhdəlik yaradan haldır, fiziki şəxs olan borcverən iddiaçının mühasibatlıq qaydalarına əməl etməsi öhdəliyi qanunla müəyyən edilməmişdir. Hüquqi şəxs olan cavabdehin mühasibatlıq qaydalarına əməl etmə öhdəliyini yerinə yetirməməsi iddiaçı üçün vəzifə yaradan hal deyil. Belə olan halda iş matreallarındakı sübutlar borc müqaviləsindən və cavabdehin borcun etirafı məzmunlu ərizəsindən ibarət olduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi də qiymətlədirilməlidir. Belə ki, cavabdeh bağladığı müqavilə üzrə borc öhdəliyinin yerinə yetirməmiş, üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxta və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşımalıdır . Məhkəmə mülki prossesual qanunvericiliyə müvafiq olaraq, ədalət muhakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarlna müvafiq, məcmu halda qiymət verməklə hesab edir ki, iddia tələbi tam təmin edilməli, cavabdehdən 200.000 ABŞ dolları pul vəsaiti ödəniş anında Azərbaycan manatına uyğun məzənnə ilə tutulub iddiaçı Bilal Yetimova verilməlidir . Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə belə qərara gəlir ki, iddia təmin edildiyindən AR MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rusumu cavabdehdən iddiaşının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmuyubsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və vəzifələri yerinə yetirməlidirlər. AR MPM-nın 28-ci maddəsinə görə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar. AR MPM-nın 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pozulmuş və mübahisə edilən hüquq və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “xxxx” MMC-dən 200000 (iki yüz min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq Yetimova Bilala ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti də “xxxx” MMC-dən tutularaq Yetimova Bilala ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi andan 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-29/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-29/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver