Məhkəmə qərarları › İş №2(001)-2902/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2902/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2902/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2020-ci il tarixli 100804-398881/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya illik 21 % ödəmək, 36 ay müddətinə qaytarmaq şərti ilə 23000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh2 arasında 14.01.2020-ci il tarixli 100804-398881/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, borclular banka olan borclarını ödəməmişlər. 03.02.2021-ci il tarixinə birgə borclular olan cavabdehlərin kredit müqaviləsi üzrə 20585,41 manat əsas borcu, 2521,58 manat faiz borcu olmaqla cəmi 23106,99 manat kredit borcu yaranmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə müştərək qaydada 14.01.2020-ci il tarixli 100804-398881/2 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 20585,41 manat, faiz borcuna görə 2521,58 manat olmaqla cəmi 23106,99 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 30,40 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2020-ci il tarixli 100804-398881/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya illik 21 % ödəmək, 36 ay müddətinə qaytarmaq şərti ilə 23000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda onunla bank arasında 14.01.2020-ci il tarixli 100804-398881/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 onun tanışı və iş yoldaşı olduğundan o, sonuncunun xahişi ilə zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh1 ona məhkəmə iclasında iştirak edəcəyini bildirsə də məhkəmə iclasına gəlməmişdir. Onun başqa banklara borcu olduğundan iddia ərizəsinin ona aid olan hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi X1 Cavabdeh2 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı kredit verərkən zaminin başqa banklar qarşısında öhdəliyinin olmasını, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən isə zaminin subsidar məsuliyyət daşımasını nəzərə almamışdır. Borcalan zaminə məhkəmə iclasına gələcəyini bildirsə də məhkəmə iclasına gəlməmişdir. Ona görə də iddia ərizəsinin Z.Z. Quliyevaya aid hissədə təmin edilməməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 14.01.2020-ci il tarixli 100804-398881/2 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana şəxsi istehlak məqsədilə 36 ay müddətinə qaytarmaq, illik 21 % ödəmək şərti ilə 23000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 14.01.2020-ci il tarixli 100804-398881/2 saylı kredit müqaviləsi üzrə 13.02.2020-ci il tarixdən 14.01.2023-cü il tarixədək əsas borca görə 23000 manat, faiz borcuna görə 8177,56 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin 14.01.2020-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank tərəfindən Cavabdeh1 23000 manat ödənilmişdir. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 14.01.2020-ci il tarixli 100804-398881/2 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalanın məbləği 23000 manat olan 14.01.2020-ci il tarixli 100804- 398881/2 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etməsi üçün borcverən qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndindən müəyyən olunur ki, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 9.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və 14.01.2020-ci il tarixli 100804-398881/2 nömrəli kredit müqaviləsi üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam həcmdə icra olunduğu tarixədək qüvvədədir. İddiaçı ASC-nin 03.02.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2020-ci il tarixli 100804-398881/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 03.02.2021-ci il tarixə əsas borcu 20585,41 manat, faiz borcu 2521,58 manat olmaqla cəmi 23106,99 manat borcu vardır, kredit müqaviləsi üzrə gecikmə 205 gün təşkil edir. İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 02.09.2020-ci il tarixli 006/006/1220/2020 saylı xəbərdarlıqdan müəyyən olunur ki, borcverən İddiaçı ASC borcalana və zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birgə borclular olan cavabdehlərin İddiaçı ASC ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmələri nəticəsində iddiaçıya əsas borca görə 20585,41 manat, faiz borcuna görə 2521,58 manat borclarının yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürdüklərindən iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 20585,41 manat, faiz borcuna görə 2521,58 manat tələbi əsaslıdır və bu səbəbdən iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 14.01.2020-ci il tarixli 100804-398881/2 saylı kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 20585,41 manat, faiz borcuna görə 2521,58 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 23137,39 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar