Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2903/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 731 ABŞ dolları əsas borcun, 34 ABŞ dolları faiz borcunun, 260 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 26 ABŞ dolları faiz olmaqla, cəmi 1.051 ABŞ dolları məbləğində borcun və mübahisənin məhkəmə vasitəsilə ilə həll edilməsi üçün ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli, 100.LN.1604.301115.00001 saylı kredit müqaviləsinə və ona edilmiş xx xxxxxx 2016-cı il tarixli Əlavə Razılığa əsasən cavabdehə 36 ay müddətinə, illik 18% ödənilmək şərtilə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərin yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh dəfələrlə şifahi müraciət olunmasına, habelə **********043 saylı, xx xxxxxx 2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəailiyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd etmişdir ki, iddianı müdafiə edir və işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 100.LN.1604.301115.00001 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank tərəfindən Cavabdeh illik 18% hesablanmaqla 36 ay müddətinə 4.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit məbləğinin ödəniş tarixinin əvvəli xx xxxxxx 2015-ci il tarixindən başlamaqla, xx xxxxxx 2018-ci il tarixinə qədər geri qaytarılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borcalan bu müqavilənin 1 saylı Əlavəsində göstərilən ödəniş cədvəlinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə, borcalan müddəti keçmiş dövr ərzində illik 36% məbləğində artırılmış faizləri kreditora ödəməlidir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 1 saylı Əlavə Razılıqdan görünür ki, kreditorla borcalan arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 100.LN.1604.301115.00001 saylı kredit müqaviləsinə uyğun ayrılmış kredit kreditor tərəfindən borcalana 87,84 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 7,66 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunur, bununla ümumi kredit məbləği 3.923,05 ABŞ dolları təşkil edir. Borcalan istifadə etdiyi kreditə görə kreditora illik 12,06 faiz ödəyir. Kredit müqaviləsi üzrə ödənişlər 2 saylı Əlavəyə uyğun olaraq aparılır, bu şərtlə ki, birinci ödəniş xx xxxxxx 2016-cı il, sonuncu ödəniş isə xx xxxxx 2020-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir; xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 100.LN.1604.301115.00001 saylı kredit müqaviləsi üzrə iddiaçının banka xx xxxxxx 2021-ci il tarixə əsas məbləğ üzrə 731 ABŞ dolları, hesablanmış və tələb olunan faizlər üzrə 34 ABŞ dolları, borcun gecikdirilməsinə hesablanan cərimə üzrə 260 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış 26 ABŞ dolları faiz olmaqla, ümumilikdə 1.051 ABŞ dolları borcu vardır; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh ünvanladığı xx xxxxxx 2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-132/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarının surətinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. xx xxxxxx 2021-ci nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 100.LN.1604.301115.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 18% hesablanmaqla 36 ay müddətinə 4.000 ABŞ dolları məbləğində məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə maliyyə araşına əsasən cavabdehin banka 731 ABŞ dolları əsas, hesablanmış və tələb olunan faizlər üzrə 34 ABŞ dolları, borcun gecikdirilməsinə hesablanan cərimə üzrə 260 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış 26 ABŞ dolları faiz olmaqla, ümumilikdə 1.051 ABŞ dolları borcu vardır. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını kredit müqaviləsi ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 260 ABŞ dolları məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 60 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2015-ci il tarixli, 100.LN.1604.301115.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh 731 ABŞ dolları məbləğində əsas borc, 34 ABŞ dolları məbləğində faiz borcu, 26 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, 60 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 851 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etsə də, məhz bu məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 2015-ci il tarixli, 100.LN.1604.301115.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh 731 (yeddi yüz otuz bir) ABŞ dolları məbləğində əsas borc, 34 (otuz dörd) ABŞ dolları məbləğində faiz borcu, 26 (iyirmi altı) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, 60 (altmış) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 851 (səkkiz yüz əlli bir) ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 24 (iyirmi dörd) manatı Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2903/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2903/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver