Məhkəmə qərarları › İş №2(001)-2924/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2924/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2924/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə iddiaçı "İddiaçı" MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən iddiaçı cavabdehin istifadəsində olan nəqliyyat vasitəsinə avto-qaz sistemlərinin quraşdırılmasının qarşılığında cavabdeh iddiaçıya 700 manat ilkin ödəniş edib və qalıq 200 manat pulu bir ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, cavabdeh müqavilə öhdəliyini icra etməyib. İddiaçı MMC-nin nümayəndəsi X1 xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı ilə aralarında müqavilənin mövcud olmasını inkar etmir. Həmin müqavilə üzrə onun halhazırda 150 manat borcu mövcuddur. Sadəcə ona hər hansı qəbz verilmədiyinə görə, 50 manat məbləğində pulun ödənilməsini sübut edə bilmir. Bundan əlavə, o, özü də İddiaçı MMC-yə qarşı iddia qaldırmaq fikrindədir. Belə ki, iddiaçı tərəfindən ona satılmış avto-qaz sistemi qüsurludur. Aldığı vaxtdan bir gün belə normal işləməyib. Həmin malı qaytarmaq istəsə də, iddiaçı buna şərait yaratmamışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 700 manat ilkin ödəniş və 200 manat məbləğində pulun bir ay müddətində ödəmək şərtilə avto-qaz sistemi satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 200 manat borcu var. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcunun mövcud olması barədə və borc ödənilmədiyi təqdirdə İddiaçı MMC tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 200 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar