Məhkəmə qərarları › İş №2(001)-2947/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2947/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2947/2023 22.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə cavabdeh 22 oktyabr 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 27 mart 2007-ci il təvəllüdlü X4, 01 noyabr 2009-cu il təvəllüdlü X2 və 08 noyabr 2017-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Cəbrayıl Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(072)-563/2018 saylı qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, uşaqların analarının yanında saxlanması və yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 90 manat olmaqla, ümumilikdə 270 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki qətnamə ilə təyin edilmiş alimentin miqdarının hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatına göstərmişdir ki, təyin edilmiş miqdarda alimentlə uşaqların maddi tələbatlarını qarşılamaq mümkün deyil. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, o, fərdi olaraq taksi sürücüsü işləyir. Qazancı iddia ərizəsində göstərilən miqdarda aliment ödəməyə yetmir. Alimentin artırılaraq hər ay hər uşaq üçün 100 manat müəyyən edilməsinə etirazı yoxdur. Sonda cavabdeh məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Eyni zamanda, həmin Məcəllənin 75.1-ci maddəsinin məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənləri nəzərə alan məhkəmənin qənaətinə görə alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı, habelə digər xərclərin mövcudluğunu, həmçinin Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin məbləğinin hər uşağa görə 180 manat sabit pul məbləğində müəyyən olunması qanunvericiliyin tələblərinə, eləcə də uşaqların üstün maraqlarına uyğundur. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, uşaqların saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı həy ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə 540 manat sabit pul məbləğində müəyyən edilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalı, alimentin tutulmasının əvvəli qətnamə çıxarıldığı 22 may 2023-cü il tarixdən hesablanmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + iddia qiymətinin 1000 manatdan yuxarı hissəsinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 3240 manat (hazırki qətnamə ilə müəyyən edilmiş alimentin cəmi ilə əvvəlki qətnamədəki alimentin cəmi arasındakı fərqin 12 aya hasili) olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 52 manat məbləğində dövlət rüsumunun 45 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Habelə, mediasiya xərci kimi iddiaçının ödədiyi 50 manat pulun 45 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. 27 mart 2007-ci il təvəllüdlü X4, 01 noyabr 2009-cu il təvəllüdlü X2 və 08 noyabr 2017-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cəbrayıl Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(072)-563/2018 saylı qətnaməsinə əsasən müəyyənləşdirilmiş alimentin miqdarı dəyişdirilməklə, Cavabdeh hər ay hər uşağa görə 180 manat, ümumilikdə 540 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Bu məbləğdə alimentin tutulmasının əvvəli 22 may 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərcinin əvəzi kimi 45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar