Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2957/2021 28.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.05.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********34631 olan XİAomi Redmi S2 markalı telefon üçün 370 manat ödənilməmiş hissə, 37 manat cərimə borcunun, 24.07.2018-ci il tarixli müqaviləyə əsaən İMEİ kodu **********61997 olan Samsung Galaxy A6 markalı telefon üçün 371 manat ödənilməmiş hissə, 37 manat cərimə borcunun olmaqla, ümumilikdə 815 manat və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əvvəlcə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilsə də, məhkəmənin 08.04.2021-ci il tarixli qərardadı ilə cavabdehin iddiaya etirazına əsasən materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 23.05.2018-ci il və 24.07.2018-ci il tarixlərdə telefonların alınması ilə bağlı nisyə-alqı satqı müqavilələri bağlanmış, lakin cavabdeh müqavilə üzrə ödənişlərini vaxtında icra etməyərək öhdəliyini pozmuşdur. Nəticədə cavabdehin hər iki müqavilə üzrə 815 manat borcu yaranmışdır. Hal-hazırda iddiaçı həmin borcun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasında tərəflərin izahatları ilə, tədqiq edilmiş sübutlarla mülki işin məhkəmə tərəfindən müəyyən edilən halları aşağıdakılardan ibarətdir:
1. İddiaçı ilə cavabdeh arasında dəyəri 564 manat olan Xiaomi Redmi S2 markalı telefona görə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, satıcı qeyd edilən əşyanı alıcıya təhvil vermiş, alıcı isə 21.06.2018-ci il tarixdən başlamaqla 12 müddətində aylıq 47 manat ödəmək barədə öhdəlik götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh tərəfindən 194 manat ödəniş həyata keçirilmiş və hal-hazırda iddiaçı həmin müqavilə üzrə cavabdehdən əsas borca görə 370 manat, cərimə borcuna görə 37 manat tələb edir. Cavabdeh izahatında həmin müqaviləyə etiraz edərək bildirir ki, həmin telefon sıradan çıxdığı üçün qızıl zəmanətlə iddiaçıya müraciət etmiş və telefon ondan təhvil alınmışdır. O, həmin telefonu deyil, əlavə ödənişlə yeni telefon alaraq ikinci müqaviləni bağlamışdır. Həmin telefon da xarab olduğu üçün məqsədyönlü şəkildə ödəniş etməkdən imtina etmişdir.
2. İddiaçı tərəf məhkəmə iclasında verdikləri izahatla və təqdim etdiyi sənədlərlə iddia etmişdir ki, birinci müqavilə üzrə Xiaomi Redmi S2 markalı telefon X2 şərtlərinə uyğun olaraq cavabdehdən təhvil alınmışdır və telefon qaytarıldığı üçün 24.07.2018-ci il tarixində cavabdehin aldığı “Samsung Galaxy A6 2018 DS markalı mobil telefona, qalıq borcu ödəmək şərtilə 50 % endirim nəzərdə tutulmuş, həmin endirim, yəni 195 AZN yeni müqavilə üzrə ilkin ödəniş kimi qəbul edilmişdir. Xiaomi Redmi S2 markalı telefona aparılan işlər barədə məlumatdan müəyyən edilmişdir ki, cihaz istehsal zəmanətindən azaddır, qızıl zəmanət şərtlərindən yararlanaraq yenisi əldə ediləcəkdir.
3. Təqdim edilən maliyyə arayışından görünür ki, 23.05.2018-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 194 manat ödəniş həyata keçirilmiş və qalıq borcunun əsas borc üzrə 370 manat, cərimə borcunun 37 manat olması müəyyən edilmişdir. 24.07.2018-ci il tarixli müqavilə üzrə isə 195 manat ilkin ödəniş hesab edilməklə cavabdehə güzəşt edilmişdir. Həmin güzəşt məbləği ilə birlikdə cavabdeh tərəfindən 472 manat ödəniş həyata keçirilmişdir.24.07.2018-ci il tarixli müqavilə üzrə isə qalıq borc əsas borca üzrə 371 manat, cərimə borcu üzrə isə 37 manat müəyyən edilmişdir.
4. İddiaçı tərəf ilk telefonun qızıl zəmanətin əsasında qaytarılmasına baxmayaraq, hər iki müqavilə üzrə pul tələb etməsini onunla izah etmişdir ki, ikinci müqavilə üzrə iddiaçıya 50 % güzəşt edildiyindən birinci müqavilə üzrə də qalıq borcunu tələb etməkdə haqlıdırlar. Məhkəmə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halllarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır; 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir; 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: (alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin); 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Yuxarıda sadalanan işin faktiki halları ilə məhkəmə tərəfindən müəyyən edilənlərə, o cümlədən sadalanan maddi hüquq normalarına görə məhkəmə o qənaətə gəlir ki, iddiaçı 23.05.2018-ci il tarixli müqavilə üzrə hər-hansı məbləğ tələb etməkdə haqlı deyildir. Belə ki, 23.05.2018-ci il tarixli müqavilə üzrə alınan Xiaomi Redmi S2 markalı telefonda qüsur yarandığından 24.07.2018-ci il tarixdə qızıl zəmanət əsasında həmin telefon geri qaytarılmış, qarşılıqlı razılıq əsasında həmin telefon yenisi ilə deyil, həmin tarixdə bağlanmış müqaviləyə əsasən aradakı qiymət fərqi ödənilməklə daha bahalı telefonla əvəzləşdirilmişdir. Bu o qənaətə gəlməyə əsas verir ki, həmin müqavilənin icrasından artıq tərəflər qarşılıqlı razılıq əsasında imtina etmişlər və yeni müqavilə bağlamışlar, yəni tərəflərin həmin müqavilə üzrə öhdəliklərinə xitam verilmişdir. İddiaçı yeni müqavilə üzrə cavabdehə 50 % güzəşt edildiyini və bu əsasla ilk müqavilə üzrə qalıq borcun tələb edilməsində haqlı olduğunu ifadə etsə də, bağlanmış ikinci müqavilə üzrə əşyanın yarı qiymətinə cavabdehə satılması ilə bağlı hər-hansı sübut təqdim etməmiş və bu işin halları ilə də müəyyən edilməmişdir. O ki qaldı həmin müqavilə üzrə 195 manatın güzəşt edilməsi, bu hal Mülki Məcəllənin 625-ci maddəsində nəzərdə tutulmuş Mal dəyişdirilərkən, alış qiyməti azalarkən və lazımi keyfiyyətli olmayan mal qaytarılarkən qiymət fərqinin ödənilməsidir. Çünki təqdim edilən maliyyə arayışından da göründüyü kimi cavabdehin ilk müqavilə üzrə həyata keçirdiyi 194 manat ödəniş məbləği ikinci müqavilə üzrə ona edilmiş 195 manat güzəşt məbləği ilə demək olarki eynilik təşkil edir. Yəni iddiaçı faktiki olaraq ilk müqavilə üzrə cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla, həmin müqavilədən imtina etməklə yeni müqavilə bağlamışdır. Odur ki, cavabdehin ilk müqavilə üzrə öhdəliklərinə xitam verildiyindən iddiaçının həmin müqaviləyə istinad edərək cavabdehdən pul tələb etməsi əsassızdır. Lakin məhkəmə hesab edir ki, ikinci müqavilə üzrə cavabdeh öhdəliyini lazımi qaydada icra etməmiş və müqavilə şərtlərini pozmuşdur. Cavabdehin həmin müqavilə üzrə borcunu telefonun xarab olmasına görə ödəməkdən imtina etməsi barədə dəlili əsassızdır. Belə ki, iş materiallarında olan “aparılan işlər barədə çıxarış”-dan görünür ki, Samsung Galaxy A6 2018 DS markalı telefonun dinamiki mexaniki zədə nəticəsində sıradan çıxmış və həmin telefon qızıl zəmanətdə olmamışdır. Odur ki, iddiaçı həmin hallara dair cavabdehlik daşımadığından, cavabdehin müqavilənin icrasından imtina etməsi əsassızdır. Bu səbəbdən cavabdeh həmin müqavilə üzrə öhdəliyini icra edərək, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Mötəbər sübut hesab edilən iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə cavabdehin 24.07.2018-ci il tarixli müqavilə üzrə əsas borcunun 371 manat, cərimə borcunun 37 manat olması sübut olunur. Beləliklə məhkəmə o qənaətə gəlir ki, cavabdeh İMEİ kodu **********61997 olan Samsung Galaxy A6 markalı telefonun nisyə alqı-satqısı barədə 24.07.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış borcunu iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İMEİ kodu **********61997 olan Samsung Galaxy A6 markalı telefonun nisyə alqı-satqısı barədə 24.07.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh əsas borc üzrə 371 manat, cərimə borcu üzrə 37 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi özünə aid edilməli, 15 manat hissəsi isə Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. İMEİ kodu **********61997 olan Samsung Galaxy A6 markalı telefonun nisyə alqısatqısı barədə 24.07.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh əsas borc üzrə 371(üç yüz yetmiş bir) manat, cərimə borcu üzrə 37(otuz yeddi) manat olmaqla, ümumilikdə 408(dörd yüz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 15(on beş) manat hissəsi iddiaçıya aid edilsin, 15(on beş) manat hissəsi isə Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev