Məhkəmə qərarları › İş №2(001)-2958/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2958/2023

05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2958/2023 05.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3769/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimenti hər uşağa 190 manat, cəmi 380 manatı qismən dəyişdirilib, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3769/2020 saylı qətnaməsi ilə iddia ürə Cavabdeh ilə xx.xx.2009-cu ildə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X13 onun himayəsinə verilmiş və onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşaq üçün 190 manat, cəmi 380 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh ondan iş yerini gizlədir, alimenti vaxtı-vaxtında ödəmir. Uşaqları tez-tez xəstələnir. İşləməsinə baxmayaraq, evin xərclərini ödəməkdə çətinlik çəkir. xx.xx.2023-cü il tarixinə cavabdehin 1514 manat aliment borcu vardır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, birgə nikah dövründə cavabdeh şəbəkə dekor işləri ilə məşğul olurdu və aylıq qazancı 6000-8000 manat təşkil edirdi. Cavabdehin 30000-40000 manatlıq avadanlıqları vardır. Onunla nikahda ola-ola kənarda ikinci ailə də saxlayırdı. Cavabdeh iki evə aylıq 600 manat kirayə pulu verirdi. Cavabdeh aliment borcunu bilə-bilə vermədiyindən 1514 manat aliment borcu yaranıb. Cavabdehin barəsində Şəki Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə 6 aydır ki, məcburi gətirilmə qərarı vardır. Bundan başqa qızı müxtəlif xəstəliklərdən əziyyət çəkir, belində və ayaqlarında problemlər var. Həmin xəstəliklər mütəmadi müalicə olunmalıdır. Qızının dərmanlarına bu ay 160 manat, analizlərinə isə 250 manat pul vermişdir. Uşaqların xərcləri artıb, hazırlıqlara gedirlər. Özü tibb bacısı işləməklə aylıq qazancı 350 manat təşkil edir və uşaqların maddi ehtiyaclarını tək qarşılamaqda çətinlik çəkir. Özü kirayədə yaşayır və 300 manat aylıq kirayə pulu ödəyir. Cavabdeh atasının ona tikdirdiyi evi də əlindən alıb.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə təqdim etdiyi etirazını müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, İddia ərizəsi əsassızdır. Belə ki, özü usta işləməklə aylıq qazancı 600-800 manat təşkil edir. Hazırda ikinci dəfə nikaha daxil olmuş, ikinci nikahdan da uşağı var. Dəfələrlə iddiaçının kommunal xərclərinə köməklik göstərmişdir. Nikah pozulandan sonra pandemiya dövrü olduğundan aliment borcunu ödəyə bilməmiş və aliment borcu 5000 manata kimi qalxmışdır. Sonra hissə-hissə aliment borcumdan təxminən 3500 manata qədər pul ödəmişdir. Bundan başqa hər dəfə uşaqlarla görüşdükdə 100-150 manat xərci çıxır. Hətta Mediasiya mərhələsində iddiaçının əvəzinə rüsumu da özü ödəmişdir. Halbulki həmin pulu öz övladlarına xərcləyə bilərdi. Ailəsinin maddi xərclərini ödəmək üçün işdən əlavə də işləyir.

7. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında isə göstərir: X10 ilə arasında olan nikah xx.xx.2020-ci il tarixində pozulmuşdur. Birgə nikahdan dünyaya gələn xx.xx.2010-cu il təvəllüdlü X15 va xx.xx.2013-cü il təvəllüdlü X14 anaları X3 himayəsinə verilmiş və hər bir uşağın saxlanılması üçün sabit pul məbləğində 190 azn olmaqla cəmi 380 aliment təyin edilmişdir. Hazırda fərdi qaydada usta kimi işləyir, yani aylıq stabil gəliri. yoxdur. Aliment borcunu ödəmiş, hazırda iddiaçıya 1514 azn yığılmış aliment borcu var ki, bunun da yığılma səbəbi həm ilin müəyyən fəsillərində işinin olmaması, həmçinin də İddiaçı uşaqların onunla normal qaydada görüşməyinə imkan yaratmaması olmuşdur. Lakin hazırda alimenti ödəyir. İddiaçı öz ərizəsində bildirir ki, hər bir uşaq üçün təyin edilmiş 190 azn aliment azdır. O, işləsə də, uşaqları saxlaya bilmir. Halbuki iddiaçı X1 rayon Tüntül kəndində qeydiyyatdadır, onun həmin kənddə evi və təsərrüfatı mövcuddur. Lakin İddiaçı elə ailənin dağılmasına səbəb olan ambisiyaları ucbatından bu gün Bakı şəhərində kirayədə yaşayır. İddiaçının Bakı şəhərində qeyri müntəzəm qaydada yaşaması uşaqların təhsilinə v.s. faktorlara mənfi təsir edir. Təyin edilmiş 380 alimenti çox çətinliklə ödəyir. Çünki gəlirləri stabil deyil, heç bir dövlət və qeyri-dövlət müəssisəsində işləmir. Gündəlik işlərdə çalışmaqla həm özünün dolanışığını təmin edir, həm də alimenti ödəyir. Alimentin 190 azn həddindən hər bir uşaq üçün 250 azn olmaqla cəmi 500 azn həddinə qaldırılması onun həyat şəraitin ciddi şəkildə çətinləşdirəcəkdir. Həmçinin onuda qeyd edir ki, sabit pul məbləğində alimentin həddi rayon və qəsəbələr üçün 190 azn həddində götürülür. İddiaçı alimentin həcmini artırmaq məqsədi ilə özünü məhkəməyə daimi Bakıda yaşayırmış kimi qələmə vermişdir ki, alimentin həcmini artıra bilsin. Yuxarıda da qeyd etdiyi kimi iddiaçı X1 rayon Tüntül kəndində qeydiyyatdadır, onun həmin kəddə evi və təsərrüfatı mövcuddur. Bakı şəhərində isə qeyri-müntəzəm yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 3769/2020 saylı qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Qəbələ rayon Tüntül kəndi X20 Ərazi Nümayəndəliyində bağlanmış, 10 № ilə qeyd edilmiş nikah pozulması, xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X6 anaları X2 yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 190 manat, cəmi 380 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması və s. qət edilmişdir.

9. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 372198 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 108 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra qadına “Ağayeva” soyadı verilmişdir.

10. Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB-/18/2023-00446 saylı arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Qəbələ rayon Tüntül kəndi X20 Ərazi Nümayəndəliyində bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3769/2020 saylı qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulan uşaqlar xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir.

12. Həmin qətnamə ilə xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 manat sabit pul məbləğində aliment tutulmuşdur.

13. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3769/2020 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.

14. Tələbini isə uşaqların tələbatlarının artması və özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.

15. Cavabdeh isə iddia tələbini qəbul etmir və artırılacaq aliment məbləğini ödəmək iqtidarında olmadığını, hətta 1514 manat aliment borcunun da olduğunu bildirir. Səbəbini isə ikinci dəfə nikaha daxil olması, həmin nikahdan uşağının olması, gəlirinin müntəzəm olmaması ilə əlaqələndirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

18. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

21. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

23. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

24. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

25. İşin halları ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qətnaməyə əsasən cavabdehdən hər ay hər uşaq üçün 190 manat olmaqla, 380 manat aliment tutulur. Odur ki, keçən müddət ərzində yaşayış minimumu tələbləri, uşaqların xərcləri artmışdır. Dolayısı ilə iddiaçının alimentin artırılmasına zərurət yaranması barədə dəlilləri əsaslıdır. Buna baxmayaraq iddiaçı artırılması tələb edilən miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması ilə bağlı sübut təqdim etmədiyindən, tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının etiraf etdiyi kimi cavabdehin xx.xx.2023-cü il tarixə 1514 manat aliment borcu vardır və belə olan halda, tələb edilən həcmdə alimentin artırılması cavabdehin aliment borcunun dahada yığılmasına, onun barəsində inzibati icraat və cinayət təqibinin həyata keçirilməsinə səbəb olar. Bu isə heç bir halda uşaqların mənafeyinə uyğun hesab edilə bilməz.

26. Bununla yanaşı məhkəmə cavabdehin də etirazının dəlillərini əsassız hesab edir. Belə ki, cavabdehin özünün etiraf etdiyi kimi 3500 manat aliment borcundan ödəmiş olması, uşaqla hər ünsiyyət zamanı 100-150 manat xərc çəkməsi onun hər uşaq üçün yaşayış minimumu həddində aliment ödəmək imkanında olduğunu təsdiq edir.

27. Bu səbəbdən də məhkəmə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, qətnamə ilə tutulan alimentin məbləği artırılaraq hər ay, hər uşaq üçün 220 manat məbləğində müəyyən edilməlidir.

28. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

29. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

36. 8.1.1-ci maddəsinə əsasən 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir.

37. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

38. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:

39. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3769/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.

40. Məhkəmə eyni zamanda o qənaətə gəlir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu mediasiya xərci ilə əhatə olunduğundan cavabdehdən işə baxılması ilə bağlı hər hansı rüsum tutulmamalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3769/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar