Məhkəmə qərarları › İş №2(001)-298/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-298/2021

27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-298/2021 27.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X3 etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X3 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X6 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” EŞM-nə vurulmuş ziyana görə 9406 manatın və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Ata-Türk prospektində idarə etdiyi “Lexsus” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “xxxx” X3 balansında olan 2 ədəd “Polemo” tipli işıq dirəyini vurub sıradan çıxarmış və nəticədə müəssisəyə 14 406 manat dəyərində maddi ziyan yetirmişdir. Həmin ziyanın 5 000 manatı xxxx ASC tərəfindən ödənilsə də, yerdə qalan 9406 manat ödənilməmişdir. Cavabdeh qeyd olunan məbləğin ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X3 etibarnamə əsasında nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdə Atatürk prospektində idarə etdiyi avtomaşınla hərəkətdə olarkən 2 ədəd işıqlandırma dirəyi ilə toqquşmuş, lakin həmin dirəklər tam şəkildə sıradan çıxmamışdır, aşmamışdır, avtomaşının dəydiyi hissələrdə cuzi zədələnmələr baş vermiş və plafonlar sıradan çıxmışdır. Dirəklər tam sıradan çıxmamışdır. Vurulmuş ziyanla bağlı “xxxx” ASC tərəfindən iddiaçıya 5000 manat məbləğində vəsait ödənilmişdir. Hesab edir ki, həmin məbləğ ziyanın ödənilməsi üçün kifayətdir. İddiaçının işıq dirəyinin məbləğini 14406 manat kimi göstərilməsi əsassızdır. Onda olan məlumata görə xaricdə həmin işıq dirəyinin qiyməti 40 avro civarındadır. Zərər məbləği şişirdilmişdir. Ekspert rəyində göstərilmiş məbləğ dirəyin ümumi bazar qiymətidir. Halbuki o, dirəyi tam sıradan çıxarmamış, sadəcə dirəyə ziyan vurmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh “Lexus RX300” minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2019-cu il tarixdə, saat 08:05-də yol nəqliyyat hadisəsi törətmiş, ona görə də barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında o, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. “xxxx” EŞM-in əməkdaşları M.Qafarov, E.Quliyev, R.Babayev, A.Yusibov, E.Əjdərov və H.Əhmədova tərəfindən imzalanmış № 205 saylı, xx xxxxxx 2019-cu il tarixli Aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə “Lexus RX300” minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil həmin müəssisəyə məxsus 2 ədəd 2015-ci il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəklərini vurmuşdur. Akta əsasən 1 ədəd 2015-ci il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6695,0 manat, 02 ədədi 13390,0 manat, köhnəlmiş dərəcəsi nəzərə alınmaqla (6%) qalıq qiyməti 12586,60 manat müəyyən edilmişdir. Bundan başqa 2 ədəd 2015-ci il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəklərinin yoxlama zamanı tam yararsız olduğu müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, sözügedən yol nəqliyyat hadisəsinə görə “xxxx” ASC tərəfindən “xxxx” EŞM-in hesabına 5 000 manat ödəniş edilmişdir. Cavabdeh dəymiş ziyanın məbləği ilə razılaşmayaraq məbləğin şişirdildiyini bildirdiyindən məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı əsasında əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/3846 saylı, xx.xx.2020ci il tarixli rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də “xxxx” X6 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Akta əsasən 1 ədəd 2015-ci il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6695,0 manat, 02 ədədi 13390,0 manat, köhnəlmiş dərəcəsi nəzərə alınmaqla (6%) qalıq qiyməti 12586,60 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi ekspertiza rəyi nəzərə alınmaqla qismən təmin edilməli, Cavabdeh 2015-ci il istehsallı çuqun altlıqlı 2 ədəd “Palermo” markalı işıq dirəyinə görə 7 586,6 (yeddi min beş yüz səksən altı manat 60 qəpik) manat (12586,60 manat köhnəlmə dərəcəsinin məbləği – 5.000 manat ödənilmiş sığorta ödənişi) məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 06 manatı iddiaçıya aid edilməli, 24 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin 100 (bir yüz) manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 80,6 manat hissəsi cavabdehə, qalan 19,4 manat hissəsi ilə iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllədə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 7 586,6 (yeddi min beş yüz səksən altı manat 60 qəpik) manat və dövlət rüsumuna görə 24 (otuz) manat, cəmi 7 610,6 (yeddi min altı yüz on manat 60 qəpik) manat alınaraq iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X4 verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80,6 manat hissəsi Cavabdeh, 19,4 manat hissəsi iddiaçı “xxxx” X2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar