Məhkəmə qərarları › İş №2(001)-30/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-30/2021

28.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-30/2021 28.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpaq edilməsi və əmlaka müdaxilənin qadağan edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpaq edilməsi və əmlaka müdaxilənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus fərdi yaşayış evinin divarı iddiaçıya məxsus fərdi yaşayış evinin arxasında yerləşir. Cavabdeh özbaşına olaraq iddiaçıya məxsus 1,20 metr enində kürsü zolağını 2018-ci ilin yayında zəbt edərək, bir hissəsində tikinti aparmış, qalan hissəsində isə cavabdeh evinin yağış sularının axıdılması üçün nəzərdə tutulan borunu və kanalizasiya xətlərini birləşdirib suyu iddiaçının divarının dibi ilə axıdaraq qəsdən iddiaçının evinin təhlükəsizliyinə ciddi ziyan vurmuşdur. Həmçinin artıq suyun axıdılması üçün nəzərdə tutulmuş boru da iddiaçının fərdi yaşayış evinin divarının dibindən keçən kanalizasiya xəttinə birləşdirilmiş və uzun müddətdir ki, bu xətlərdən axan çirkab sular iddiaçıya məxsus fərdi yaşayış evinə tərəf axıdılır və nəticədə iddiaçıya məxsus 3 otaqlı fərdi yaşayış evinin cavabdehə tərəf olan divarlarında divar kağızları qopmuş, divarlar nəm çəkmiş, döşəmələrə ziyan dəymişdir. Hətta yataq otağında yerləşən şifonyerə belə ziyan dəymiş, kanalizasiya üfunəti hopmuş və bütün otaqlarda daimi nəmişlik yaranmışdır. Bu da onu göstərir ki, kanalizasiya xəttinin birləşdirildiyi üstü torpaqla örtülmüş yanğınsöndürənlərin istifadə etdikləri brezent boru deşikdir, axıdır və iddiaçının evinin divarına, zirzəmisinə axır. Zirzəminin divarlarından su axır, orada saxlanılan ərzaq məhsulları kanalizasiya qoxusu şəraitindədir. Qeyd olunmalıdır ki, zirzəmiyə daha çox su sızır, divarların boyası sıradan çıxmış, divarlar qaralmış vəziyyətdədir, suvaq və boya yerə tökülmüşdür. Otaqlarda və zirzəmidə həddindən artıq nəmişlik yaranması, çirkab suların sızması spesifik qoxunun yaranmasına, antisanitariyanın meydana gəlməsinə səbəb olur, iddiaçı və ailə üzvlərinin sağlamlığı pozulur, özlərini narahat hiss edirlər və bu halın davam etməsi müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Bu azmış kimi, cavabdeh iddiaçının evinin arxasında iddiaçıya məxsus kürsü zolağında, divarından cəmi 40 sm. məsafədə, bir neçə il əvvəl götürülmüş yüksək gərginlikli elektrik dirəyinin yerində sıra ilə yeni ağaclar əkərək bağ salmış və mütəmadi olaraq onları suvararaq iddiaçının evinin divarına, zirzəmisinə və otaqlarına su yeritmiş, divar kağızı və suvaqları qoparmış, divarları bərbad hala salmışdır. Bu da cavabdeh tərəfindən iddiaçının əmlakına müdaxilə hesab edilməlidir. Ona görə də, həmin sahə təmizlənməli, iddiaçının istifadəsinə verilməli və gələcəkdə bu cür halların baş verməsinin qarşısının alınması məqsədi ilə həmin hərəkətlər cavabdehə qadağan edilməlidir. Cavabdehin təqsiri ucbatından iddiaçıya külli miqdarda ziyan dəymiş, otaqlar və zirzəmi təmir edilməli, həmçinin divarların torpaqla təmasda olan hissəsi də daima su sızıntısına məruz qaldığından qurudularaq izolyasiya edilməlidir. Ən əsası isə cavabdehin özbaşına uçurduğu ara hasarının yerində cavabdehin hesabına öz ara divarı hörülməlidir ki, cavabdehi iddiaçının kürsü zolağına yiyələnib iddiaçının arxa divarına şərik olmasın. Bütün bunların həyata keçirilməsi üçün materialların alınması, ustalara zəhmət haqqının ödənilməsi və sair üçün külli miqdarda vəsait tələb olunur. Cavabdehin təqsiri ucbatından iddiaçı maddi ziyana məruz qalmış, fərdi yaşayış evi təmir edilməlidir və vurulmuş maddi ziyan ümumilikdə 30000 manat təşkil edir. İddiaçı dəfələrlə cavabdehdən su sızıntısının qarşısını alması, kanalizasiya və suyun axıdılması üçün nəzərdə tutulmuş xəttin götürülməsini, iddiaçıya məxsus kürsü zolağını tutmamasını tələb etmiş, həmçnin maddi ziyan vurduğuna görə cavab verəcəyini desə də, o, buna əhəmiyyət verməmiş və qanuna zidd əməllərini davam etdirmişdir. Eyni zamanda cavabdeh iddiaçının evinin arxasına nəzarət üçün qonşu Elşadın divarına bitişən yerdə 2,5 metr enində açıq keçidi gecə vaxtı özbaşına təkqat divar (gecə qondu) tikməklə iddiaçının evinin arxasına nəzarətini bağlamış, evinin arxası boyu 1,20 metr enində kürsü zolağının arxa hasarını başdan-başa özbaşına sökərək birbaşa iddiaçının divarına təmas yaratmışdır. Bundan sonra isə iddiaçının ailəsinin narahatlıqları başlamışdır. Belə ki, iddiaçının bəri tərəfində yatdığı otağın divarının o biri tərəfi Musanın yaxın qohumları üçün futbol qapısı olmuş, divara uzun armaturlar vurulmuş, turnik linginin bir tərəfi ona sancılmış, taqqıltı-tuqqultular işdən yorğun gəlmiş müəllimi yatmağa qoymamışdır. Bütün yuxarıda qeyd olunanlar nəticəsinə iddiaçı şəkərli diabet xəstəsi olub, Gürcüstanda və Bakıda əməliyyatlar keçirmişdir. İddiaçının müraciəti əsasında Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə icra nümayəndəliyinin əməkdaşları fərdi yaşayış evinə baxış keçirmiş və bu barədə xx.xx.2018-ci li tarixdə akt tərtib edilmişdir. Aktda da zirzəminin və digər sahələrin divarlarının nəm çəkməsi, divar kağızlarının qopması öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə ümumilikdə 30000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, fərdi yaşayış evinin arxasında yerləşən 1,20 sm. enində ölçüdə torpaq (kürsü) zolağı sahəsində aparılmış tikilinin sökülməsi, orada cavabdehin saldığı kanalizasiya xəttinin suyun axıdılması üçün nəzərdə tutulmuş (vodasliv) xəttin götürülməsi, həmin sahənin əvvəlki vəziyyətinin bərpa edilməsi, evin arxa divarı boyu əkilmiş ağacların götürülməsi, izolyasiya işləri aparılması üçün şərait yaradılması və özbaşına sökülmüş ara hasarın yerində daşla cavabdehin hesabına öz hasarı kimi hörülməsi, divarlar arasındakı torpaq sahəsinə iddiaçının nəzarətinin bərpa edilməsi üçün 2,5 metr məsafədə olan və cavabdehin özbaşına tikdiyi keçidin açılması, su və çirkab axıntısının qarşısının alınması, iddiaçının əmlakına müdaxilənin cavabdehə qadağan edilməsi və mənəvi zərərə görə 20000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazını təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə qarşısında qoyulan məsələlərin reallığa nə qədər uyğun olmasını müəyyən etmək üçün xüsusi mühəndis ekspertizası aparılmalı və rəy alınmalıdır. İddiaçı qonşularla daim konflikt yaradan şəxsdir və halhazırda da cavabdehə şər və böhtan atır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmədən əvvəl cavabdehə və müvafiq bələdiyyə orqanına pretenziya ilə müraciət etməli idi. İddiaçı mənəvi tərbiyəsizlik edərək, ədliyyə sistemi vasitəsilə öz qanuna zidd hərəkətlərinə bəraət almaq və cavabdehdən pul qoparmaq məqsədi güdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həm iddiaçıya, həm də cavabdehə faktiki olaraq məxsus olan yaşayış evləri özbaşına tikilidir və tərəflərin nə həmin yaşayış evlərinə, nə də ki, həmin evlərin yerləşdiyi torpaq sahələrinə hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyil. Belə olan halda iddiaçının iddia ərizəsi “fərdi yaşayış evinin arxasında yerləşən 1,20 sm. enində ölçüdə torpaq (kürsü) zolağı sahəsində aparılmış tikilinin sökülməsi, həmin sahənin əvvəlki vəziyyətinin bərpa edilməsi, özbaşına sökülmüş ara hasarın yerində daşla cavabdehin hesabına öz hasarı kimi hörülməsi, divarlar arasındakı torpaq sahəsinə iddiaçının nəzarətinin bərpa edilməsi üçün 2,5 metr məsafədə olan və cavabdehin özbaşına tikdiyi keçidin açılması” hissəsində əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının qeyd olunan tələblərlə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. İddiaçıya dəymiş maddi zərərin ödənilməsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı iş üzrə məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 16253 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... ünvan 1 ünvanında yerləşən İddiaçı istifadəsində olan mənzilin daxilində yaranmış qüsurlar Cavabdeh tərəfindən özünə məxsus fərdi yaşayış evinin damında yağış sularının axıdılması üçün nəzərdə tutulmuş novun suyunun iddiaçının evinin divarının dibinə axıdılması və evin arxa hissəsində əkilmiş ağacların suvarması nəticəsində yarandığı səbəb olmuşdur. Tətqiq olunan mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4079 manat məbləğində müəyyən olunur” . İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 10/06 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... ünvan 1 ünvanında yerləşən İddiaçı istifadəsində olan evin daxilində yaranmış qüsurları nəzərə alaraq, Cavabdeh tərəfindən özünə məxsus fərdi yaşayış evinin damında yağış sularının axıdılması üçün nəzərdə tutulmuş novun suyun iddiaçının evinin divarının dibinə axıdılması və evin arxa hissəsində əkilmiş ağacların suvarması nəticəsində yarandığı səbəb olmuşdur. Həmin qüsurların aradan qaldırılması üçün İddiaçı istifadəsidə olan evin bünövrəsinin kənarları açılmalı və izolyasiya işləri görülməlidir. ünvan 1 ünvanında yerləşən İddiaçı istifadəsində olan tikiliyə/əraziyə su və çirkab suların axıdılması nəticəsində iddiaçının evində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4079 manat məbləğində müəyyən olunur”. Beləliklə, iddiaçıya cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində 4079 manat məbləğində maddi ziyanın vurulması ekspertiza tədqiqatları nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, bir neçə il ərzində evinin divarının dibinə su və çirkab suların axıdılması nəticəsində divar kağızları qopmuş, suvağı, emulsiya qatı tökülmüş, divarları və döşəməsi nəm çəkmiş evdə yaşamaq məcburiyyəti İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının həmin müddət ərzində keçirtdiyi əsəb və gərginlik nəticəsində itirdiyi səhhətinin hər hansı pul vəsaiti ilə bərpa edilməsi mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X2 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X2 Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə 1000 manat məbləğində pul iddiaçıya dəymiş mənvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən vurulmuş maddi zərərə görə 4079 manat, mənəvi zərərə görə isə 1000 manat olmaqla, cəmi 5079 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, izolyasiya işlərinin aparılması üçün şərait yaradılması, iddiaçının evinin divarının dibinə su və çirkab suların axıdılmasının qarşısının alınması və evin arxa divarı boyu əkilmiş ağacların götürülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 10,16% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 3,05 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Сavabdeh Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərə görə 4079 manat, mənəvi zərərə görə isə 1000 manat olmaqla, cəmi 5079 (beş min yetmiş doqquz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 3,05 (üç manat beş qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddiaçı evinin divarının dibinə su və çirkab suların axıdılmasının qarşısının alınması, izolyasiya işlərinin aparılması üçün şərait yaradılması və evin arxa divarı boyu əkilmiş ağacların götürülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 26,95 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar