Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-216/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının hüquqi varisi X4, Cavabdeh və cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpaq edilməsi və əmlaka müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-30/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpaq edilməsi və əmlaka müdaxilənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus fərdi yaşayış evinin divarı iddiaçıya məxsus fərdi yaşayış evinin arxasında yerləşir. Cavabdeh özbaşına olaraq iddiaçıya məxsus 1,20 metr enində kürsü zolağını 2018-ci ilin yayında zəbt edərək, bir hissəsində tikinti aparmış, qalan hissəsində isə cavabdeh evinin yağış sularının axıdılması üçün nəzərdə tutulan borunu və kanalizasiya xətlərini birləşdirib suyu iddiaçının divarının dibi ilə axıdaraq qəsdən iddiaçının evinin təhlükəsizliyinə ciddi ziyan vurmuşdur. Həmçinin artıq suyun axıdılması üçün nəzərdə tutulmuş boru da iddiaçının fərdi yaşayış evinin divarının dibindən keçən kanalizasiya xəttinə birləşdirilmiş və uzun müddətdir ki, bu xətlərdən axan çirkab sular iddiaçıya məxsus fərdi yaşayış evinə tərəf axıdılır və nəticədə iddiaçıya məxsus 3 otaqlı fərdi yaşayış evinin cavabdehə tərəf olan divarlarında divar kağızları qopmuş, divarlar nəm çəkmiş, döşəmələrə ziyan dəymişdir. Hətta yataq otağında yerləşən şifonyerə belə ziyan dəymiş, kanalizasiya üfunəti hopmuş və bütün otaqlarda daimi nəmişlik yaranmışdır. Bu da onu göstərir ki, kanalizasiya xəttinin birləşdirildiyi üstü torpaqla örtülmüş yanğınsöndürənlərin istifadə etdikləri brezent boru deşikdir, axıdır və iddiaçının evinin divarına, zirzəmisinə axır. Zirzəminin divarlarından su axır, orada saxlanılan ərzaq məhsulları kanalizasiya qoxusu şəraitindədir. Qeyd olunmalıdır ki, zirzəmiyə daha çox su sızır, divarların boyası sıradan çıxmış, divarlar qaralmış vəziyyətdədir, suvaq və boya yerə tökülmüşdür. Otaqlarda və zirzəmidə həddindən artıq nəmişlik yaranması, çirkab suların sızması spesifik qoxunun yaranmasına, antisanitariyanın meydana gəlməsinə səbəb olur, iddiaçı və ailə üzvlərinin sağlamlığı pozulur, özlərini narahat hiss edirlər və bu halın davam etməsi müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Bu azmış kimi, cavabdeh iddiaçının evinin arxasında iddiaçıya məxsus kürsü zolağında, divarından cəmi 40 sm. məsafədə, bir neçə il əvvəl götürülmüş yüksək gərginlikli elektrik dirəyinin yerində sıra ilə yeni ağaclar əkərək bağ salmış və mütəmadi olaraq onları suvararaq iddiaçının evinin divarına, zirzəmisinə və otaqlarına su yeritmiş, divar kağızı və suvaqları qoparmış, divarları bərbad hala salmışdır. Bu da cavabdeh tərəfindən iddiaçının əmlakına müdaxilə hesab edilməlidir. Ona görə də, həmin sahə təmizlənməli, iddiaçının istifadəsinə verilməli və gələcəkdə bu cür halların baş verməsinin qarşısının alınması məqsədi ilə həmin hərəkətlər cavabdehə qadağan edilməlidir. Cavabdehin təqsiri ucbatından iddiaçıya külli miqdarda ziyan dəymiş, otaqlar və zirzəmi təmir edilməli, həmçinin divarların torpaqla təmasda olan hissəsi də daima su sızıntısına məruz qaldığından qurudularaq izolyasiya edilməlidir. Ən əsası isə cavabdehin özbaşına uçurduğu ara hasarının yerində cavabdehin hesabına öz ara divarı hörülməlidir ki, cavabdehi iddiaçının kürsü zolağına yiyələnib iddiaçının arxa divarına şərik olmasın. Bütün bunların həyata keçirilməsi üçün materialların alınması, ustalara zəhmət haqqının ödənilməsi və sair üçün külli miqdarda vəsait tələb olunur. Cavabdehin təqsiri ucbatından iddiaçı maddi ziyana məruz qalmış, fərdi yaşayış evi təmir edilməlidir və vurulmuş maddi ziyan ümumilikdə 30000 manat təşkil edir. İddiaçı dəfələrlə cavabdehdən su sızıntısının qarşısını alması, kanalizasiya və suyun axıdılması üçün nəzərdə tutulmuş xəttin götürülməsini, iddiaçıya məxsus kürsü zolağını tutmamasını tələb etmiş, həmçnin maddi ziyan vurduğuna görə cavab verəcəyini desə də, o, buna əhəmiyyət verməmiş və qanuna zidd əməllərini davam etdirmişdir. Eyni zamanda cavabdeh iddiaçının evinin arxasına nəzarət üçün qonşu Elşadın divarına bitişən yerdə 2,5 metr enində açıq keçidi gecə vaxtı özbaşına təkqat divar (gecə qondu) tikməklə iddiaçının evinin arxasına nəzarətini bağlamış, evinin arxası boyu 1,20 metr enində kürsü zolağının arxa hasarını başdan-başa özbaşına sökərək birbaşa iddiaçının divarına təmas yaratmışdır. Bundan sonra isə iddiaçının ailəsinin narahatlıqları başlamışdır. Belə ki, iddiaçının bəri tərəfində yatdığı otağın divarının o biri tərəfi Musanın yaxın qohumları üçün futbol qapısı olmuş, divara uzun armaturlar vurulmuş, turnik linginin bir tərəfi ona sancılmış, taqqıltı-tuqqultular işdən yorğun gəlmiş müəllimi yatmağa qoymamışdır. Bütün yuxarıda qeyd olunanlar nəticəsinə iddiaçı şəkərli diabet xəstəsi olub, Gürcüstanda və Bakıda əməliyyatlar keçirmişdir. İddiaçının müraciəti əsasında Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə icra nümayəndəliyinin əməkdaşları fərdi yaşayış evinə baxış keçirmiş və bu barədə 31.08.2018-ci li tarixdə akt tərtib edilmişdir. Aktda da zirzəminin və digər sahələrin divarlarının nəm çəkməsi, divar kağızlarının qopması öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə ümumilikdə 30000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, fərdi yaşayış evinin arxasında yerləşən 1,20 sm. enində ölçüdə torpaq (kürsü) zolağı sahəsində aparılmış tikilinin sökülməsi, orada cavabdehin saldığı kanalizasiya xəttinin suyun axıdılması üçün nəzərdə tutulmuş (vodasliv) xəttin götürülməsi, həmin sahənin əvvəlki vəziyyətinin bərpa edilməsi, evin arxa divarı boyu əkilmiş ağacların götürülməsi, izolyasiya işləri aparılması üçün şərait yaradılması və özbaşına sökülmüş ara hasarın yerində daşla cavabdehin hesabına öz hasarı kimi hörülməsi, divarlar arasındakı torpaq sahəsinə iddiaçının nəzarətinin bərpa edilməsi üçün 2,5 metr məsafədə olan və cavabdehin özbaşına tikdiyi keçidin açılması, su və çirkab axıntısının qarşısının alınması, iddiaçının əmlakına müdaxilənin cavabdehə qadağan edilməsi və mənəvi zərərə görə 20000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-30/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərə görə 4079 manat, mənəvi zərərə görə isə 1000 manat olmaqla, cəmi 5079 (beş min yetmiş doqquz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 3,05 (üç manat beş qəpik) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, İddiaçı evinin divarının dibinə su və çirkab suların axıdılmasının qarşısının alınması, izolyasiya işlərinin aparılması üçün şərait yaradılması və evin arxa divarı boyu əkilmiş ağacların götürülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 26,95 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir (sədrlik edən: Nigar Nəbizadə). Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçının hüquqi varisi X4 və Cavabdeh mülki işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etdilər: «X4 ilə qonşusu olan Cavabdeh ilə aralarında faktiki divar olan daş hasarın arxasında 50 sm torpaq sahəsinin hüquqi varislərə, yəni X3 və anası X1 aid olmasını Cavabdeh etiraf edir və nöbəti sənədləşmə proseslərində, yəni özəlləşdirmə, çıxarış sənədinin alınmasında heç bir etiraz etməyəcəyini bildirir. Bu halda, məhkəmə qərarı ilə təsdiqlənmiş maddi və mənəvi ziyana görə cəriməni iddiaçı tərəf bağışlayır. Cavabdeh buna etiraz etmir.». Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi R.Hüseynov, Cavabdeh və onun vəkili .Əhmədli barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-30/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçının hüquqi varisi X4 və Cavabdeh arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: «X4 ilə qonşusu olan Cavabdeh aralarında faktiki divar olan daş hasarın arxasından 50 sm torpaq sahəsinin hüquqi varislərə, yəni X3 və anası X1 aid olmasını Cavabdeh etiraf edir və növbəti sənədləşmə proseslərində, yəni özəlləşdirmə, çıxarış sənədinin alınmasında heç bir etiraz etməyəcəyini bildirir. Bu halda, məhkəmə qərarı ilə təsdiqlənmiş maddi və mənəvi ziyana görə cəriməni iddiaçı tərəf bağışlayır. Cavabdeh buna etiraz etmir.». Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-30/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-216/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-216/2022
13.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver