Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3008/2024 23.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-2339/2013 saylı qətnaməsində nəzərdə tutulan 100 manat məbləğin artırlaraq Cavabdeh, iddia tələblərinə əsasən övladı xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə sabit pul məbləğində 300 manat vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-2339/2013 saylı qətnaməsinə əsasən Cavabdeh iddia tələblərinə əsasən övladı xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda övladları onun himayəsində yaşayırlar. Çox çətinliklə dolanırlar. Nəzərə alsaq ki, 100 manat olmaqla cəmi 200 manat məbləği hazırki dövr üçün iki uşağın heç qidası etmir o, zaman başa düşülür ki, bir uşaq üçün müəyyən edilmiş aliment məbləği uşağın ehtiyaclarını ödəmir. Bundan başqa xx.xx.2005-cü il təvəllüdlü X2 18 yaşı tamam olmuş, ona münasibətdə olan aliment ödənişinə xitam verilmişdir. Buna göre də himayəyində olan iki uşağa görə ödənilən 100 manat həddindən artıq aşağıdır. Nəzərə alsaq ki, X8 Universitetinin tələbəsidir və onun geyim, qida ve tələbə üçün zəruri xərclər çoxdur, buna görə də cavabdehdən tələb olunan məbləğ ağlabatandır. Belə ki, hal-hazırkı zaman üçün müəyyən edilən aliment məbləği olduqca aşağıdır. Məhkəmənin müəyyən etdiyi uşaq üçün 100 manat məbləği uşaqların saxlanılması minimum standartlarını belə təmin etmir. Göründüyü kimi, müəyyən edilmiş məbləğ uşaqlar üçün yaşayış minimumunu təmin etmir. Uşaqların yaşları artdıqca təlabatlarının da çoxalması, həmçinin ölkədə baş verən devalvasiya vəziyyəti daha da çətinləşdirir. Buna görə də, cavabdeh uşağın saxlanılması üçün sabit pul məbləğində hər ay 300 manat məbləğində aliment ödəməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 11 ildir cavabdehlə ayrı yaşayır. Bu müddət ərzində uşaqları ilə əlaqə saxlamayıb. Qızının 16 yaşından alimenti ödəməyi dayandırıb. Artıq qızının 19 yaşı var, 3750 manat borc yığılıb qalıb. 2021-ci ilin dekabr ayından aliment ödəmir. 5 aydır 2024-cü ilin Yanvar ayından May ayına kimi oğlu üçün 100 manat, köhnə borc üçün 100 manat məbləğində pul ödəyir. Ayrı olduqları 11 ildə əlavə xərc üçün onu narahat etməmişdir. O, hazırda işsizdir. Borcları var. Adına heç bir daşınar-daşınmaz əmlakı yoxdur. Heç bir yerdən gəliri yoxdur. Oğlunun idman və əlavə xərcləri vardır. Hər dəfə icra məmuruna zəng edib alimentin ödənilməsini tələb etmişdir. Maddi vəziyyəti çətindir. Hazırda isə uşaqların xərclərinin çoxluğuna görə alimenti artırmağı xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. Tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqların ananın yanında saxlanması müəyyən edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-2339/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulur. Uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Cavabdeh "xxxx" MMC-də yük avtomobili sürücüsü vəsifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. İddiaçının bildirdiyinə görə cavabdehin aliment borcu vardır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
6. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
7. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
8. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
9. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
10. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
11. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
14. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
15. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2339/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 100 manat aliment tutulur. Məhkəmə isə iddiaçının dəlilləri ilə razılaşır və bildirir ki, alimentin müəyyən edildiyi vaxtdan keçən müddət ərzində yaşayış minimumu tələbləri, həyat səviyyəsi(qiymətlər və.s) və dolayısı ilə uşaqların xərcləri artmışdır, bu səbəbdən də alimentin artırılması üçün əsas vardır. Buna baxmayaraq artırılması tələb edilən miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması ilə bağlı məhkəmədə sübuta söykənən qənaət yaranmamışdır. Bununla belə, məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından o qənaətə gəlir ki, qətnamə ilə tutulan alimentin məbləği yaşayış minimumu həddində artırılmalı və hər ay üçün 235 manat miqdarda müəyyən edilməlidir.
16. Eyni zamanda məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
17. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
21. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
22. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
24. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:
25. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Nizami Rayon Məhkəməsinin 2(007)-2339/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
26. Eyni zamanda iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində cavabdehdən 36.2 manat məbləğində vəsait tutularaq dövlət büdcəsinə ödənilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2339/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 36.2 (otuz altı manat, iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev