Məhkəmə qərarları › İş №2(001)-3023/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3023/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3023/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə, 1.012.57 manat məbləğində kredit borcu, 284,67 manat məbləğində faiz borcu və 535,8 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1.833,04 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx xxxxxx 2018-ci il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.4167% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1.987,43 manat ödəniş etmiş və onun iddiaçıya 1.012,57 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx xxxx 2020-ci il tarixdə 347 gün üçün hesablanmış faiz borcu 284,67 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx xxxx 2020-ci il tarixə 347 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 535,8 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə çatdırılması üçün məhkəmə bildirişi Sumqayıt şəhər İcra Hakimiyyətinə, Salyan Rayon İcra Hakimiyyətinə və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə göndərildiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kredit verən bank İddiaçı QSCilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 055A********** saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank kredit alana 18 ay müddətinə, illik 2.4167 % olmaqla 3.000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi xx xxxx 2018-ci il, sonuncu ödəniş tarixi xx xxxxxx 2019-cu il olaraq müəyyən edilmişdir. Müqavilənin 4.2.3-cü bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2018-ci il tarixli kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, kredit alan tərəfindən 30 manat məbləğində komissiya ödənilməklə, kredit alana 3.000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 055G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli 055A********** saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. İddiaçı QSC ilə zamin Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 055G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx xxxxxx 2018-ci il tarixli 055A********** saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. İddiaçı QSC tərəfindən təqdim edilən xx xxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli, 055A********** saylı kredit müqaviləsi üzrə 1.012,57 manat əsas borc, 284,67 manat faiz borcu və 535,8 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.833,04 manat borc hesablanmışdır. İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli, 055A********** saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, zamin Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli, 055A********** saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı QSC-nin Cavabdeh3 ünvanladığı xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, zamin Cavabdeh3 xx xxxxxx 2018-ci il tarixli 055A********** saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. xx xxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 055A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alan Cavabdeh1 xx xxxx 2018-ci il tarixindən xx xxxxxx 2019-cu il tarixinə qədər aylıq faiz dərəcəsi 2.4167 % olmaqla 18 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdeh – zaminlər Cavabdeh2, Cavabdeh3 və borc alan Cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən isə zamin borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşlər. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona xx xxxxxx 2018-ci il tarixli 055A********** saylı kredit müqaviləsi üzrə ümumilikdə 1.833,04 manat borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. xx xxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən xx xxxxxx 2018-ci il tarixli 055A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxx 2020-ci il tarixinə banka olan borcu əsas məbləğ üzrə 1.012,57 manat, faiz borcu 284,67 manat, cərimə borcu isə 535,8 manat məbləğində olmaqla, ümumilikdə 1.833,04 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, xx xxxxxx 2018-ci il tarixli 055A********** saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 1.012,57 manat, faiz borcu üzrə isə 284,67 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixli 055A********** saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 535,8 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə endirilməli və 30 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada İddiaçı QSC -nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2018-ci il tarixli 055A********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1.012,57 manat əsas borc, 284,67 manat faiz borcu və 30 manat dəbbə pulu olmaqla, ümumilikdə 1.327,24 manat məbləğində vəsait İddiaçı X1 xeyrinə tutulmalı, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manatı cavabdehlərlərdən müştərək qaydada iddiaçınınxeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 2018-ci il tarixli, 055A********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1.012,57 (bir min on iki manat, əlli yeddi qəpik) manat məbləğində əsas borc, 284,67 (iki yüz səksən dörd manat, altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1.327,24 (bir min üç yüz iyirmi yeddi manat, iyirmi dörd qəpik) manat məbləğində borc İddiaçı X1 xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 22 (iyirmi iki) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı X1 xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar