Məhkəmə qərarları › İş №2(001)-3030/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3030/2024

27.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3030/2024 27.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasi üçün hər ay sabit məbləğdə 400 manat alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2 adlı övladı vardır. Baki şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8033/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 160 (yüz altmış) manat məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaitini hər ay Cavabdeh tutularaq Əliyeva (Nəsirova) Afaq Şagird qızına ödənilməsi qət edilmişdir. Hazırda uşağın maddi ehtiyaclari artdığından və əlavə xərclər yarandığından alimentin hazırkı məbləği uşağın maddi təminatnı qarşılamaq üçün kifayət etmir. Ona görə də alimentin məbləğinin artırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Hazırki günlərdə bu məbləğ həddən artıq aşağıdır. Belə ki, uşağın artıq 9 yaşı olacaq, onun təlabatları, qida, geyim, təhsil və.s xərcləri isə günü gündən artmaqdadır. Cavabdeh uşağa qarşı heç bir diqqət ya qayğı göstərmir, aliment ödəməkdən başqa, uşağa nə maddi, nə də mənəvi heç bir dəstək olmur. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1581/2022 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6712/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilmişdir.

6. Bakı 6 saylı mediasiya təşkilatı tərəfindən verilən mediasiya sessiyasına iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.

7. “Azemis” Elektron Məhkəmə sistemindən müəyyən edilmişdir ki, Cavabdeh “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində növbə rəisi vəzifəsində işləyir və əmək haqqı 662 manatdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1581/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırda Cavabdeh xx.xx.2015-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay 193 manat aliment tutulur.

9. Hazırda iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1581/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay 400 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini tələb edir.

10. Tələbini isə uşağın qida, geyim, təhsil və.s xərclərinin artması və cavabdehin alimentdən başqa maddi dəstək olmaması ilə əsaslandırır.

11. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və elektron sistemdən əldə edilmiş məlumatlardan onun “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi və aylıq əmək haqqının 662 manat olduğu müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

13. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

16. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

17. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bununla belə qeyd edilməlidir ki, qanunvericilik aliment miqdarını aliment ödəməli olan şəxsin qazancı ilə ölçsə də, aliment ödəməli olan və rəsmi gəlir yeri olmayan və ya az olan əmək qabiliyyətli valideyni də yaşayış minimumu həddində uşağı saxlamaq vəzifəsindən azad etməmişdir. Bu məqamda ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu alimentin müəyyən edilməsi zamanı müəyyən mənada meyar kimi qəbul edilir.

21. Məhkəmə 2024-cü ildən uşaqların tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alaraq hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşır, yetkinlik yaşına çatmayanlar üçün müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alır və uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı müvafiq ilin uşaqlar üçün yaşayış minimumuna uyğun həddə artırılmalıdır. Alimentin yaşayış minimumundan artıq məbləğdə və ya qazancına münasibətdə müəyyən edilməsi isə sübutetmə ilə bağlı olan haldır. Yəni iddiaçı cavabdehin hər ay, hər uşaq üçün 400 manat aliment ödəmək iqtidarında olduğunu sübut etməlidir. Lakin iddiaçı bu barədə hər hansı sübut təqdim etməmiş və cavabdehin aylıq əmək haqqının 662 manat olduğu müəyyən edilmişdir.

22. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

23. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir

24. Həmçinin “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

25. Odur ki, Cavabdeh xx.xx.2024-cü il tarixində saat 12:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etmədiyindən 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:

31. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1581/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.

32. 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1581/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar