Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3060/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması barədə iddia tələbinə, Cavabdeh İddiaçı ASC-yə qarşı kompensasiya tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3.238,61 ABŞ dolları, müqavilə müddətindən sonra 5% hesablanmaqla faiz borcu üzrə 203,93 ABŞ dolları olmaqla, cəmi 3.442,54 ABŞ dolları, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 3.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Qeyd edilən xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxx 2020-ci il tarixinə Cavabdeh əsas borc üzrə 3.238,61 ABŞ dolları, müqavilə müddətindən sonra 5% hesablanmaqla faiz borcu üzrə 203,93 ABŞ dolları olmaqla, cəmi 3.442,54 ABŞ dolları borcu mövcuddur. Hazırki iş üzrə iddia ərizəsi 2018-ci il tarixdə məhkəməyə göndərilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-1255/2019 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmış və əsas kimi xx xxxxxx 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına istinad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2544/2020 saylı qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-1255/2019 saylı qərardadı qüvvədə saxlanılmışdır və qeyd edilən Fərmana istinad edilmişdir. Bildirilir ki, hazırki iş üzrə Cavabdeh xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləği restrukturizasiya olunmalı problemli kreditlərin siyahısına daxil edilsə də, cavabdeh Maliyyə X1 rəsmi internet səhifəsində yerləşdirilən çıxarışa əsasən ona təklif edilən müvafiq restrukturizasiya məbləği ilə razılaşmamış və razılaşmadığı üçün problemli kredit üzrə borc məbləği restrukturizasiya edilməmişdir. Həmçinin müvafiq Fərmanın icrası məqsədilə X4 Palatası tərəfindən müəyyən edilmiş Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Cavabdeh restrukturizasiya məbləği ilə razılaşmadığı üçün yeni müqavilə bağlanması üçün müraciət etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh İddiaçı ASC-yə qarşı kompensasiya tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsini, İddiaçı ASC-dən kompensasiya tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ASC cəmiyyəti pul tələbinə dair ona qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-1255/2019 saylı qərarı ilə mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı ASC yenidən Bakı Apellyasiya məhkəməsinə müraciət etmişdir. Lakin 2(103)-2544/2020 saylı qərara əsasən şikayət baxılmamış saxlanmışdır. Bankın təqsiri ucbatından o, restrukturizasiya imkanından yararlana bilməmişdir. Dəfələrlə banka şikayət etsə də heç bir müsbət nəticə əldə etməmişdir. Bankdan əldə etdiyi çıxarışa əsasən xarici valyutada borcu olduğu bildirilir. Amma Azərbaycan Respublikasının Prezidentinin 2019-cu ilin fevral ayında kompensasiya ilə bağlı müvafiq sərəncamı mövcuddur. Buna məhəl qoymayaraq bank onun bütün hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh onun borcunun restrukturizasiya edilməsinə razı deyil, ona kompensasiya ödənilməsini tələb edir. Halbuki, cavabdehə hər hansı kompensasiya məbləğinin ödənilməsi məlum Fərmana görə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək qarşılıqlı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, İddiaçı ASC-nin təqsiri ucbatından ona kompensasiya verilməmişdir. Belə ki, bank tərəfindən məlum Fərman icrası ilə bağlı lazımi sənədlər Maliyyə X3 təqdim edilməmişdir. O, borcu ilə razı omadığından, restrukturizasiyası ilə bağlı da müqavilənin bağlanması barədə banka müraciət etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank Cavabdeh plastik kartı vasitəsilə 3.500 ABŞ dolları məbləğində illik 18 % hesablanmaqla 12 ay müddətinə kredit xətti açır, borc alan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 4.5-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borc verən tərəfindən borc alanın plastik kartına müvafiq kredit limitinin açılması gündən başlayaraq xx xxxxxxx 2014-cü il tarixində başa çatır. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər 4.5-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş “borcun qaytarılması” haqqında xx xxxxxxx 2018-ci il tarixli, 14/8630 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə bank ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini 3 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin cavabdehdən tutulması barədə məhkəmə qərarının çıxarılacağının xahiş olunacağı barədə xəbərdarlıq edilmişdir; İddiaçı ASC-nin xx xxx 2020-ci il tarixli, MF-1076 saylı maliyyə arayışına əsasən borcalan Cavabdeh kredit kartı xx xxxxxxx 2013-cü il tarixində verilmiş, kredit xəttinin məbləği 3.500 ABŞ dolları təşkil etmiş, kredit xəttinin müddəti 12 ay müddətinə qeyd edilmişdir. xx xxxxx 2020-ci il tarixinə cavabdehin ödənilməmiş əsas borcu 3.238,61 ABŞ dolları, ödənilməmiş faizlər (5%) 203.93 ABŞ dolları, cəmi borcu 3.442,54 ABŞ dolları təşkil edir; Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsindən əldə olunmuş “Problemli kreditlərin kompensasiyası” adlı çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağlandığı kredit müqaviləsi üzrə restrukturizasiyası olunması təklif olunan məbləğ 5.505,64 manat təşkil edir. Həmin çıxarışdan həmçinin görünür ki, cəmi hesablanmış kompensasiya məbləği 0 manat təşkil edir; xx xxxxxx 2018-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu, 0,4 manat məbləğində isə bank xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh plastik kartı vasitəsilə 3.500 ABŞ dolları məbləğində illik 18 % hesablanmaqla 12 ay müddətinə kredit xətti açmış, borc alan Cavabdeh isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırda cavabdehin banka xx xxxxxxx 2013-cü il tarixli krediti müqaviləsinə əsasən 3.238,61 ABŞ dolları məbləğində əsas, müqavilə müddəti bitdikdən sonra 5 % hesablanmaqla 203,93 ABŞ dolları olmaqla, cəmi 3.442,54 ABŞ dolları məbləğində borcun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Bundan əlavə, cavabdehə borcun restrukturizasiya edilməsi ilə bağlı təklif verilsə də, cavabdeh bu təklifi qəbul etməmişdir. Cavabdeh isə iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini, bank tərəfindən ona kompensasiyanın ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə Cavabdeh İddiaçı ASC-yə qarşı kompensasiya tutulmasına dair qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının müvafiq bəndlərinə əsasən Azərbaycan Respublikasının Maliyyə X3 fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi müəyyən edilmiş qaydada qiymətləndirilməklə, dövlət büdcəsinin vəsaiti hesabına fiziki şəxslərə kompensasiyanın ödənilməsi tapşırılmışdır. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə X1 ləğv edilməsi və onun səlahiyyətlərinin Azərbaycan Respublikası Mərkəzi Bankına verilməsi qərara alınmışdır. Göründüyü kimi, fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyanın verilməsi ilə bağlı tapşırıq Azərbaycan Respublikasının Maliyyə X3 verilmiş, daha sonra həmin qurum ləğv edilmiş və onun səlahiyyətləri Azərbaycan Respublikası Mərkəzi Bankına verilmişdir. Mərkəzi Bankın internet səhifəsindən əldə olunmuş çıxarışdan görünür ki, cavabdehə hesablanmış kompensasiya məbləği 0 manat təşkil edir. Cavabdeh – qarşılıqlı iddiaçı bankın hərəkətləri nəticəsində ona kompensasiyanın hesablanmadığını iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3.238,61 ABŞ dolları məbləğində əsas, müqavilə müddətindən sonra 5% hesablanmaqla 203,93 ABŞ dolları məbləğində faiz borcu, cəmi 3.442,54 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı X5 xeyrinə tutulmalı, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində xidmət haqqı İddiaçı X5 xeyrinə tutulmalı,Cavabdeh İddiaçı ASC-yə qarşı kompensasiya tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3.238,61 (üç min iki yüz otuz səkkiz dollar, altmış bir sent) ABŞ dolları məbləğində əsas, müqavilə müddətindən sonra 5% hesablanmaqla 203,93 (iki yüz üç dollar, doxsan üç sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 3.442,54 (üç min dörd yüz qırx iki dollar, əlli dörd sent) ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı X5 xeyrinə tutulsun. Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı İddiaçı X5 xeyrinə tutulsun. Cavabdeh İddiaçı ASC-yə qarşı kompensasiya tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edənMəhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3060/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3060/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver