Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3078/2024 20.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində 235 manat miqdarında alimentin və uşaq sağalanadək əlavə xərclərə görə 50 manat olmaqla, cəmi 285 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan nikah Binəqədi rayon məhkəməsinin 2(001)-8110\2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnamənin tələbinə əsasən xx.xx.2013-cü il tarixdən başlayaraq 15 yanvar 2010-cu il təvəllüdlü oğlu X1, yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində 100 (yüz) manat miqdarında aliment və uşaq sağalanadək əlavə xərclərə müalicə xərclərinə görə 50 (əlli) manat, cəmi 150 (yüz əlli) manat pul tutulmalıdır. Hazırda oğlu Əlizadə Fəqanın 14 yaşı var. Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunan aliment məbləği uşaqın heç bir təlabatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilərək 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən olunmuşdur. Onu da qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti davamlı olaraq ödəmir. Uşağın bütün ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və təlabatı artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Qanunvericiliyin tələbinə uyğun olaraq mediyasia təşkiltına müraciət etmişdir. Cavabdeh aliment ödəməyəcəyini bildirmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, əvvəlki qətnamə ilə 150 manat aliment almışdır. Atası öləndən sonra maddi vəziyyəti pisləşmişdir. Bu səbəbdən alimentin artırılması tələbi ilə məhkəməyə müraciə etmişdir. Hazırda 100 manat aliment məbləğinin artırılaraq, 235 manat təyin edilməsini, əlavə xərclərə görə isə əvvəlki həcmdə, yəni 50 manat vəsaitin saxlanılmasını xahiş edir. Cavabdehin evindən əlavə adına torpaq sahəsi və meyvə bağları var. Maddi vəziyyəti çox yaxşıdır. Sadəcə alimenti ödəməmək üçün bəhanələr irəli sürür.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehin yaşadığı ev və torpaq sahəsi özünə məxsusdur. Gəlin köçəndə cavabdehin hazırda yaşadığı evə köçmüşdür. Cavabdehlə birgə yaşayan zaman cavabdehin anası da onlarla qalırdı. Onun uşağı epilepsiya xəstəliyindən əziyyət çəkir. Hətta uşağına pensiya düşür. Uşağım savadlı uşaqdır və gələcəkdə DİN-nin Polis Akademiyasına daxil olmaq istəyir. Lakin uşağa pensiya təyin olunduğu təqdirdə polis orqanlarında çalışa bilməz. O, uşağının müalicəsini vaxtı-vaxtında edir. Öz valideynləri rəhmətə gediblər ona görə də uşağın maddi ehtiyaclarını tək qarşılamaqda çətinlik çəkir. Valideynləri sağ olanda alimentin artırılması tələbi ilə cavabdehə qarşı müraciət etməmişdir, lakin hazırda uşağa cavabdehin verdiyi 150 manatla baxmaqda çətinlik çəkir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırda da bərbər işləyir, lakin məhkəməyə sənəd təqdim edib ki, ofisiant işləyir. Bildirmək istəyir ki, cavabdehlə həmkəndlidir və bu səbəbdən də cavabdehin hazırda bərbər işlədiyini bilir. Cavabdehin bu ilin aprel və mart ayları üçün aliment borcu vardır. Övladı 8-ci sinifdə oxuyur.
5. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini və növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Vermiş olduğu izahatında isə qeyd etmişdir ki, hazırda işləri qaydasında deyil. İkinci dəfə nikaha daxil olmuş və ikinci nikahdan 3 övladı var. Əvvəllər bərbər işlədiyindən maddi durumu normal olmuşdur. İndi yaşadığı ərazidə çoxlu bərbər var. Hazırda Quba rayonunda yerləşən dönərxanada ofisiant işləyir və əmək haqqı 350 manat təşkil edir. Əmək haqqından əlavə yol puluda verilir və gündə bir dəfə yemək verilir. O, uşağın məktəb ləvazimatlarını, geyimini alır. Hətta keçən il bankdan kredit götürərək 500 manata yaxın uşağın müalicəsi üçün iddiaçıya pul vermişdir. Uşağın ciddi xəstəliyi yoxdur. Ciddi xəstəlik olsa idi, uşağa pensiya verilərdi. Onun əvvəlki kimi imkanı olsa idi, övladına hər şey edərdi. Hazırda ikinci ailəsinə baxmaqda əziyyət çəkir. Özünə məxsus köhnə model Passat markalı avtomobili, adına boş torpaq sahəsi var. Lakin imkanı olmadığından orada ev tikə bilmir. Hazırda anasına məxsus evdə yaşayır. Ona görə də, iddia tələbinin təmin olunmamasını, növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)- 8110/2013 saylı icra vərəqindən görünür ki, xx.xx.2013-cü il tarixdən başlayaraq, 15 yanvar 2010-cu il təvəllüdlü Əlizadə Fərqan(Fəqan) Niyazi oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 100 manat miqdarında aliment və uşaq sağalanadək əlavə xərclərə görə 50 manat, cəmi 150 manat miqdarında pulun tutulması qət edilmişdir.
7. İddiaçı uşağın maddi xərclərinin artmasına əsaslanaraq uşağın saxlanılması ilə bağlı alimentin artırılmasını tələb edir. Maddi vəziyyətinin aşağı olması ilə bağlı cavabdeh tərəfin etirazını isə onun adına olan əmlaklarla (torpaq sahəsi, meyvə bağları) təqzib edir.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh adına Quba rayonu, Paşaoba kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi) xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixində ********** nömrə ilə qeydiyyatdan keçmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli Uçota dair arayışından görünür ki, sonuncunun sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixinədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir.
10. “Azemis” Elektron Məhkəmə sistemindən məlum olur ki, cavabdeh hazırda əmək müqaviləsi əsasında ofisiant işləyir və 350 manat əmək haqqı alır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
12. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
13. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
14. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
15. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
16. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
17. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
18. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
20. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
22. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
23. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşır və o qənaətə gəlir ki, ölkə üzrə yaşayış minimumunun artması dolayı olaraq əvvəlki illərə görə müəyyən edilmiş məbləğin cari il üçün uşağın minimal xərclərinin ödənilməsinə kifayət etmədiyi əsasından qaynaqlanır. Bundan əlavə uşağın yaşı ilə mütənasib olaraq onun xərclərinin artması hamıya bəlli olan haldır və bu faktın hər hansı sübutla təsdiq olunmasına ehtiyac yoxdur. Yəni yaşayış minimumunun cari il üçün artması əvvəlki dövrə görə müəyyən edilən həddə ödənilən vəsaitin uşağın minimal ehtiyaclarını qarşılamadığı hüquqi nəticəsini doğurur və bu hal nəticə etibarı ilə uşaq yanında qalan valideynin maddi vəziyyətini dəyişdirir.
24. Bu səbəbdən də məhkəmə yetkinlik yaşına çatmayanlar üçün 2024-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2013cü ildən uşağın tələbatının, maddi xərclərinin yaşına mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərinə yaxın məbləğdə maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılmalı və hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.
25. Məhkəmə cavabdehin adına əmlakın olmasını, işləməsini nəzər alaraq, maddi vəziyyəti ilə bağlı etirazının dəlillərini inandırıcı hesab etmir. Eyni zamanda hesab edir ki, cavabdehin 2-ci dəfə nikaha daxil olması və həmin nikahından da uşaqlarının olması onun valideyn olaraq uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
26. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
27. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
31. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
32. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
33. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-8110/2013 saylı qətnaməsi ilə uşağın saxlanılması hissəsində müəyyən edilmiş alimentin məbləği artırılmalı, 15 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə ilə Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-8110/2013 saylı qətnaməsi ilə əlavə xərcə görə tutulan aliment məbləğinin müstəqil icra olunması nəzərə alınmalıdır.
35. Eyni zamanda iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində cavabdehdən 36.2 manat vəsait tutularaq dövlət büdcəsinə ödənilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-8110/2013 saylı qətnaməsi ilə uşağın saxlanılması hissəsində müəyyən edilmiş alimentin məbləği artırılsın. 15 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə ilə Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-8110/2013 saylı qətnaməsi ilə əlavə xərcə görə tutulan aliment məbləğinin müstəqil icra olunması nəzərə alınsın. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində Cavabdeh 36.2(otuz altı manat, iyirmi qəpik) manat vəsait tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev