Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3097/2021 05.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X1, Cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh2, Cavabdeh3 Cuməli qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cuməli qızına qarşı “ümumi istifadədə olan sahənin texniki pasportda göstərilən vəziyyətə qaytarılması, ümumi istifadə üçün nəzərdə tutulmuş sahədən istifadəyə maneənin aradan qaldırılmasına və ümumi istifadədə olan sahədən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 39 saylı evin beşinci mərtəbəsində yerləşən, cavabdehlərə və ona məxsus mənzilə aid ümumi dəhlizə açılan dəmir materialdan hazırlanmış giriş qapısının götürülərək taxta qapı ilə əvəz edilməsinə, ümumi dəhlizdə quraşdırılmış bütün rəflərin sökülməsinə, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 məxsus mənzillərə çəkilmiş qaz xətlərinin sökülərək ləğv edilməsinə və Cavabdeh3 məxsus mənzilin girişinə quraşdırılmış qapının sökülərək əvvəlki vəziyyətinə qaytarılması və həmin hissədə yerləşdirilmiş ayaqyolunun ümumi istifadə üçün əvvəlki vəziyyətinə qaytarılmasına, sanitar qovşağın-ayaq yolu və hamamın əvvəlki vəziyyətinə qaytarılması və texniki pasportda olan texniki göstəricilərinə uyğunlaşdırılmasına, ümumi istifadə üçün nəzərdə tutulmuş sahənin istifadə qaydalarının müəyyən edilməsinə və ümumi sahədə istifadəyə maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 39 saylı evin 513A saylı mənzili mənim adıma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək 02.07.2018-ci il tarixdə çıxarış verilmişdir.Binanın bu hissəsinə girişdən sağda birinci qapı cavabdehlərə məxsus mənzilə açılır və ikinci qapı ona məxsus mənzilə açılır. Girişdən düz istiqamətdə mülkiyyətçilərin ümumi istifadəsi üçün ayaqyolu, əl-üz yuyan sahə, hamam və mətbəx yerləşir və bütün bunlardan mülkiyyətçilərin ümumi qaydada istifadəsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, ümumi dəhlizə daxil olmaq üçün nəzərdə tutulmuş qapı əvvəllər taxtadan olmuşdur, bir müddət sonra Cavabdeh1 qapını dəyişərək yerinə dəmir materialdan hazırlanmış qapı qoymuşdur və bu səbəbdən də mütəmadi olaraq onlar arasında bu barədə mübahisələr yaradır, uşaqlara təzyiq göstərir, qapının açılıb-bağlanmasına müdaxilələr edir və şəxsi qapısı kimi davranır. Bu səbəbdən də dəmir qapı sökülərək əvvəlki vəziyyətinə gətirilməli, yəni taxta qapı ilə əvəz edilməlidir .Həmçinin dəhlizdə bütün qonşulara aid şkaflar yerləşir və bu şkaflardan istifadə zamanı bir çox hallarda qonşular arasında mübahisələr yaranır, bu şkafların dəhlizdə yerləşməsi nəticəsində ümumi istifadədə olan dəhlizdən rahat şəkildə istifadə edilməsinə maneçilik törədir. Bildirir ki, Cavabdeh3 mənzilinə bitişik və ümumi istifadə üçün nəzərdə tutulmuş sanitar qovşağıayaqyolunu zəbt edərək mətbəxə çevirmişdir və mənzilin giriş qapısını qabağa çəkərək həmin hissəni öz mənzilinə qatmışdır. Əvvəllər ümumi mətbəxdən istifadə etməyəcəyini bildirsə də ümumi mətbəxdən istifadə edir. Həmin hissənin zəbt edilməsi nəticəsində onlar həmin hissədən istifadə edə bilmirik hansı bu hissə də ümumi istifadə üçün nəzərdə tutulmuşdur .Həmçinin mülkiyyətçilərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş ayaqyolu və hamam da texniki pasporta göstərilən plana uyğun deyildir və cavabdehlər tərəfindən dəyişiklik edilmişdir, ara divarının yeri dəyişdirilmişdir. Bu səbəbdən də bir çox hallarda qonşular arasında mübahisələr yaranır və cavabdehlər mütəmadi olaraq bir mülkiyyətçi kimi mənə təzyiq göstərirlər, ümumi sahədən öz maraqlarına uyğun istifadə etmək istəyirlər. Hətta cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona hədə-qorxu gələrək onu buradan çıxaracaqları, yaşamağa imkan verməyəcəklərini bildirirlər. Qeyd olunmalıdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz mənzillərinə qaz xətti çəkərək qeyri-qanuni istifadə edirlər , belə ki, bu tipli yaşayış sahələrində otaqlara qaz xətti çəkilməsi və istifadə edilməsi nəzərdə tutulmamışdır və bu qonşular üçün də təhlükə törədə bilər və qaz xətti qaz istismarı idarəsi tərəfindən deyil özbaşına çəkilmişdir. Bu qaz xəttləri də sökülərək ləğv edilməlidir. 22 dekabr 2020-ci il tarixdə Cavabdeh1 mətbəxdə özlərinə qaz sobası quraşdırmaq istəmişdir , onun həyat yoldaşı Cavabdeh2 ümumi mətbəxdə olan stolun üstünü boşaltmağı tələb etdi və o da, onun rahat işləməsi üçün özünə aid əşyaları stolun üstündən götürərək öz mənzilinin divarına bərkidilmiş rəfə yığmışdır. Həmin an Cavabdeh2 gələrək onları təhqir etmiş, hay-küy salmışdır ki, həmin bağlayacaq və onu hədələyərək burada yaşamağına imkan verməyəcəyini” dedi. Cavabdeh1 eyvanda dayanan həyat yoldaşı Quliyev Elsevərə yaxınlaşaraq divardakı rəfi sökməsini tələb etdi, həyat yoldaşım buna etiraz etdikdə ona hücum çəkdi və eyvana çıxan qapını bağlayaraq onu ora buraxmadı Cavabdeh1 eyvana çıxan qapını qəfil açaraq hamilə olduğunu bildiyi halda ona hücum çəkib yaxasında tutaraq bərk şəkildə itələdi və o mətbəxdə yerləşən əlüz yuyana dəyərək xəsarət almışdır. 29.12.2020-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı Y.Zeynalov tərəfindən “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır və Cavabdeh1 AR İXM-nin 157. maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın icrası aidiyyatı əməkdaşa həvalə edilmişdir. Göründüyü kimi cavabdehlər tərəfindən onu hüquqları pozulur, ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdən rahat qaydada istifadə edə bilmir, mütəmadi olaraq maneçilik törədilir, özbaşına konstruksiya dəyişikliyi aparılır. Bu da onun bir mülkiyyətçi kimi hüquqlarımın kobud şəkildə pozulması ilə nəticələnir. Cavabdehlər həmin sahələrin sanki özlərinə məxsus olması kimi davranırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, Mirvari hamı üçün ümumi olan əl-üz yumaq üçün nəzərdə tutulan yeri zəbt etmişdir. Onların yaşadıqları otaqların 2 ümumi hamamı, 2 tualeti və 1 mətbəxi vardır. Dəhlizdə 2 şkaf Leylaya, 2 şaf Mirvariyə 1 şkaf ona məxsusdur. Şkafla bağlı mübahisələri olmuşdur. Leylanın evinə qanunsuz qaz xətti çəkməsi onun həyatı üçün təhlükəlidir. Partlayış olarsa orada olan bütün mənzillər üçün təhlükəlidir. Eyni zamanda ümumi qapı əvvəllər taxta olmuş sonradan dəmir qapı ilə əvəz edilmişdir. Onun uşaqları körpədir və hər-hansı hadisə olarsa uşaqlar dəmir qapını aça bilmirlər. Hər otağın öz qapısı var bloka çıxan ümumi qapının bağlı qalmasına zərurət yoxdur. Uşaqları dərsdən gələndə ümumi qapı bağlı olur və uşaqlar qapıda qalırlar. Bu səbəbdən dəmir qapının taxta qapı ilə əvəz edilməsinə ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil X3 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 izahatında bildirmişdir ki, yaşadıqları otaqlara dair çıxarışları var. Mənzillər qanunsuz tikili deyildir. Onlar evi alanda evə birləşik olan balkon əslində mətbəx olmuşdur. O, mənzili alanda mənzilə qaz sayğacı qoyulmuşdur. Əvvəldən mənzildə qaz xətti olmuşdur. Sonradan hər hansı dəyişiklik edilməmişdir. Sevincin özünün qoyduğu şkaf gediş-gəlişə maneə törədir. O, qeyd edilən ünvanda 10 ildir ki, yaşayır. Sevinc isə 1 ildir ki, köçüb artıq dəyişiklik etmək istəyir. Sevinc mənzili alanda şəraitin bu formada olduğundan məlumatlı olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, yaşadıqları otaqlara dair hər birinin çıxarışı vardır. Talehin adına olan mənzilin ərazisi 18 kv.m-dir. Otaqın qabaq hissəsi balkondur. Onda isə otağın sahəsi 12 kv.m-dir. İndi özlərinin ümumi mətbəxi vardır ki, ora qaz xətti çəkdirmişdir. Bu da iddiaçını qıcıqlandırır. Qaz xətti çəkildikdən sonra iddiaçı bu hərəkətlərə başlamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Cuməli qızı izahatında bildirmişdir ki, evinin yanında əl-üz yumaq üçün yer olmuşdur. Həmin yeri evinin sahəsinə daxil etmişdir. Həmin yer onun mənzilinin texniki pasportunda nəzərdə tutulub. Əvvəllər binada 1 qaz, 1 su sayğacı olmuşdur. Sonradan hərə öz mənzilinə sayğac qoydurmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, o, 1984-cü ildən həmin ünvanda yaşayır. Yataqxana kondisioner zavodunun yataqxanası olmuşdur. Həmin zavodda o, 17 il müddətində işləmişdir. Yataqxanada olan otaqlarda hərənin özünün ayrıca sayğacı vardır. Mətbəx isə balaca yerdir. Qaz xəttləri isə zavodun fəaliyyət göstərdiyi dövrdən çəkilən xəttlərdir. İddiaçının tualet adlandırdığı yer tualet deyildir. Həmin ərazi onun mənim çıxarışının tərkibindədir. Həmin yerdə heç kanalizasiya sistemi yoxdur. İddiaçı cəmi 11 aydır ki, onların binasında yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, 513 A saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə 02.07.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 2880 nömrəli reyestr kitabının 268745 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 12.0 kv.m olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, 516 saylı mənzil Cavabdeh2 Xaqani qızının adına xüsusi mülkiyyət hüququ ilə 30.09.2013-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində 1978 nömrəli reyestr kitabının 182761 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın yaşayış sahəsi 12 kv.m olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, 515 saylı mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə 17.09.2013-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində 955 nömrəli reyestr kitabının 88586 nömrəli vərəqində qeyd edilmişdir. Daşınmaz əmlakın yaşayış sahəsi 18.0 kv.m olaraq qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən ÖM seriyalı, 240211 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, 512 saylı mənzil Cavabdeh3 Cuməli qızının adına xüsusi mülkiyyət hüququ ilə 1418 saylı reyestr kitabında 212961 səhifədə 13.12.2005-ci il tarixində qeydə alınmışdır. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, aralarında mübahisə olan tərəflər Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 39 saylı evin 512, 513 A, 515-516 saylı mənzillərində yaşayan qonşulardır. Qeyd edilən yaşayış binasında mətbəx, hamam və sanitar qovşaq ümumi istifadə üçün nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən yaşadıqları mərtəbədə konstruktiv dəyişikliklər edildiyini, bu dəyişiliklər nəticəsində isə onun ümumi istifadəsində olan sahələrdən istifadə etmək imkanının məhdudlaşdırıldığını iddia etməklə, mərtəbədən və ümumi istifadədə olan otaqlardan istifadəsinə olan maneələrin aradan qaldırılması xahiş edir. Eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hansıkı onlar ər-arvaddırlar, otaqlarına qeyriqanuni çəkilmiş qaz xəttinin ləğv edilməsini xahiş edir. Cavabdehlər isə iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bu aspektdən yanaşıldıqda tərəflər arasında mübahisə edilən işin faktiki halı aşağıdakı kimi olmuşdur. İddiaçı və cavabdehlər fərqli vaxtlarda mübahisə obyekti olan fərdi otaqlara mülkiyyət hüququ əldə etmişlər. Həmin yaşayış sahələri əvvəllər yataqxana olmuş və sonradan ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilmişdir. İddiaçı da həmin yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Cavabdehlərdən Cavabdeh3 Cumali qızı 1984-cü ildən həmin otaqda yaşayır. Digər cavabdehlər yaşayış sahəsinin özəlləşdirilməsindən sonra 2013-cü ildə əldə etmişlər. İddiaçı cavabdehlərdən sonra həmin yaşayış sahəsini əldə etmişdir. Bütün otaqlar(kommunal otaqlar) rəsmi reyestrdə qeydə alınmış və texniki pasportları vardır. Mübahisə doğuran yaşayış sahələrinin təsviri belədir ki(fotoşəkillərdən), 1977-ci ildə tikilmiş sözügedən ünvandakı binanın 5-ci mərtəbəsində 5 otaqlı mənzil vardır və həmin mənzilin bütün otaqları özəlləşdirilmiş, ayrı-ayrı şəxslərin mülkiyyətinə keçmişdir. Otaqların daxilində hər bir mülkiyyətçi özü üçün müxtəlif məişət halları üçün şərait qurmuşdur. Lakin ümumi istifadə üçün dəhliz, sanitar qovşaqları və mətbəx nəzərdə tutulmuşdur. Dəhlizdə mülkiyyətçilər rəflər yerləşdirmişlər. Mətbəxdə hər bir mülkiyyətçinin özünün istifadəsi üçün sahəsi və digər məişət avadanlığı vardır. Hər bir mülkiyyətçinin öz işıq, su və qaz sayğacı vardır. Hazırki mübahisə ümumi istifadə üçün nəzərdə tutulmuş sahənin cavabdeh tərəfindən zəbt edilməsi, qanunsuz qaz qoşulması və ümumi istifadə ilə bağlı digər məişət məsələlərindən yaranmışdır. Mübahisənin faktiki vəziyyətini nəzərə alaraq məhkəmə o qənaətə gəlir ki, hazırki iddia tələbinə Mülki Məcəllənin və Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələbləri baxımından qiymət verilməlidir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin aşağıdakı normalarına nəzər yetirək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-cı maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur; 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin; 230-cu maddəsinə əsasən yaşayış binasının ayrı-ayrı tərkib hissələri və ya onların bölümləri xüsusi hüquqların obyekti ola bilər; bu hissələr və bölümlər mənzil kimi və ya işgüzar və ya digər məqsədlər üçün otaq vahidləri kimi qapalı olmalı və onların öz girişi olmalıdır, lakin tərkiblərində ayrı-ayrı yardımçı otaqlar ola bilər. Bu cür vahidlər aşağıda "yaşayış binasının tərkib hissələrinin vahidləri" adlandırılır; 231.1.3-cü maddəsinə əsasən digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular, Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir; 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; 29.4-cü maddəsoinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur; 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 36.4-cü maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: 1)çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; 2)çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə. 40.1-ci maddəsinə əsasən kommunal mənzildə birdən artıq otağa xidmət etmək üçün istifadə olunan sahələr (kommunal mənzildə ümumi əmlak) ümumi paylı mülkiyyət hüququ ilə həmin mənzildə otaq mülkiyyətçilərinə məxsusdur; 40.2-ci maddəsinə əsasən Kommunal mənzilin ümumi əmlakının ölçülərinin dəyişdirilməsi yalnız həmin mənzildə bütün otaq mülkiyyətçilərinin razılığı əsasında mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması yolu ilə mümkündür; 41.1-ci maddəsinə əsasən kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin ölçülərinə mütənasibdir. 41.2-ci maddəsinə əsasən kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin və həmin mülkiyyətçinin kommunal mənzilin ümumi əmlakına mülkiyyət hüququnda payına müvafiq olaraq müəyyənləşdirilmiş həmin mənzilin ümumi əmlakını təşkil edən sahələrin məcmusuna mütənasibdir. 41.5-ci maddəsinə əsasən kommunal mənzildə otağın mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur:1) kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; 2)kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən otağa mülkiyyət hüququndan ayrılıqda başqasına keçməsinə səbəb olan digər hərəkətlər etməyə. Mübahisənin həlli məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli, 10/3406 saylı ekspert rəyi əsasında müəyyən edilmişdir ki, 512 və 516 №-li mənzillərdə konstruktiv dəyişikliklər aparılmışdır. Bu dəyişikliklər aşağıdakılardan ibarətdir: 1) Cavabdeh Cahanova Murvari Cuməli qızına məxsus olan 512 №-li mənzilə baxış keçirən zaman ümumi dəhlizə aid olan 1.7 x 1 metr sahə hörülmüş divar vasitəsilə həmin mənzilə birləşdirildiyi, həmin divarın hörülməsi nəticəsində ölçüsü 1.7 x 1.33 metr olan ümumi istifadə eçen nəzərdə tutulmuş sanitar qovşağın mənzilin faktiki istifadə sahəsinə əlavə edilmiş və faktiki olaraq həmin sahənin mətbəx kimi istifadə edilir.2) Cavabdeh1 mülkiyyətində olan 516 №-li mənzilə baxış keçirən zaman mənzildə texniki pasportda nəzərdə tutulmayan, ölçüsü 3.22 x 1.36 m olan mətbəx sahəsi yaradılmışdır.3) Cavabdeh3 tərəfindən aparılmış konstruktiv dəyişikliklər səbəbindən ümumi istifadə üçün nəzərdə tutulmuş sanitarqovşaqdan digər mülkiyyətçilərin istifadə etməsi üçün mane yarandığı müəyyən olunmuşdur.4) 516-cı mənzildə konstruktiv dəyişikliklər aparılmış və texniki pasportda nəzərdə tutulmayan mətbəx sahəsi yaradılmışdır. 5) “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərinə görə, mətbəx kimi istifadə olunan otaqlarda qaz xətti çəkilməklə qaz cihazlarının quraşdırılmasına yol verilmədiyini nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 39 saylı evin, 516 saylı mənzilinə qaz xəttinin çəkilişi həmin qaydaların tələblərinə ziddir. Həmin ünvanda yerləşən 515 saylı mənzil təbii qazla təchiz edilməmişdir.(rəydə texniki səhv olaraq 516 nömrəli mənzilin Cavabdeh1 məxsus olduğu göstərilmişdir) Məhkəmə yuxarıda sadalanan maddi hüquq normaları və ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş hallar baxımından o qənaətə gəlir ki, iddiaçının ümumi istifadə üçün nəzərdə tutulmuş sahədən istifadə etməsində maneələr var və bu məhrumetmənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır, eyni zamanda öz təhlükəsizliyini təmin etmək baxımından qanunsuz qazın qoşulmasına etiraz etmək hüququ var. Lakin iddia tələbində istinad olunan digər halların onun qanunla qorunan hər hansı hüquqlarını pozmadığı müəyyən edilir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək o qənaətə gəlir ki, iddiaçının ekspertiza tədqiqatı zamanı aşkara çıxan pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 Xaqani qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 39 saylı evin 516 saylı mənzilinə çəkilmiş qaz xətti ləğv edilməli, Cavabdeh3 Cuməli qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 39 saylı evin 512 saylı mənzilində ümumi istifadə üçün nəzərdə tutulmuş sahədə aparılmış konstruktiv dəyişikliklərin mənzilin texniki pasportuna uyğunlaşdırılmaqla əvvəlki vəziyyətinə qaytarılması Cavabdeh3 Cuməli qızına həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğin 75 manat hissəsi Cavabdeh2 Xaqani qızından, 75 manat hissəsi isə Cavabdeh3 Cuməli qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin Cavabdeh2 Xaqani qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 39 saylı evin 516 saylı mənzilinə çəkilmiş qaz xətti ləğv edilsin. Cavabdeh3 Cuməli qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 39 saylı evin 512 saylı mənzilində ümumi istifadə üçün nəzərdə tutulmuş sahədə aparılmış konstruktiv dəyişikliklərin mənzilin texniki pasportuna uyğunlaşdırılmaqla əvvəlki vəziyyətinə qaytarılması Cavabdeh3 Cuməli qızına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğin 75 (yetmiş beş) manat hissəsi Cavabdeh2 Xaqani qızından, 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh3 Cuməli qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3097/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3097/2021
05.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver