Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3106/2024 24.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001) 2986/2023 saylı qətnaməsi ilə uşaq üçün tutulan alimentin məbləği 220 manatdan artırılaraq 250 manat müəyyən olunması və mediasiya xidmət haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin 2(001)-6666/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə birgə nikahlarından anadan olmuş 25 yanvar 2008-ci il tarixdə anadan olan X2 onun yanında qalması, 25 yanvar 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 onun xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2986/2023 saylı qətnaməsi ilə alimentin miqdarı artırılmış, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutulan alimentin məbləği uşağın minimum tələblərinin ödənilməsinə yetmir. Həmin aliment məbləği 1 il bundan əvvəl uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaq böyümüş, inkişaf etməsi üçün yaşayış məsrəfləri kifayət qədər artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir.Həmin məbləğ də uşağın inkişafı üçün yetərli deyildir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, o çəkir. Uşağın həm təlim-təbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək və işsiz qadın olaraq onun üçün çox çətindir. Maddi vəziyyəti ağırdır. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini, köhnə alimenti belə ödəyə bilmədiyini, xeyli borc yığıldığını bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, maddi imkanı olmadığına görə alimentin miqdarının artırılmasına etiraz etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı 057562 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 25 yanvar 2008-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası Ağayeva (Abuşova) Samirə Səxavət qızıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(001)- 2986/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(001)-6666/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 25 yanvar 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 220(iki yüz iyirmi) manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 mart 2024-cü il tarixli arayışdan görünür ki, 15 mart 2024-cü il tarixdə, saat 12:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay uşağa görə 220 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, 25 yanvar 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(001)-2986/2023 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, cavabdehin hər ay 250 manat miqdarında aliment ödəməyi maddi imkanının olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay uşağa görə sabit pul məbləğində 235 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(001)-2986/2023 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 25 yanvar 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan 220 manat miqdarda alimentin məbləği artırılmalı, 25 yanvar 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 235 manat miqdarda aliment tutularaq, İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(001)- 2986/2023 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 25 yanvar 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. 25 yanvar 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3106/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3106/2024
24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver