Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-311/2022 16.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Bank BTB ASC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank BTB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bank BTB ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bank BTB ASC-nin Ticarət filialı ilə Cavabdeh1 arasında bağlanmış 12.12.2018-ci il tarixli DEN-00009-04/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 230000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmiş və borcalan krediti 10.12.2021-ci il tarixinədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh2 12.12.2018-ci il tarixdə iddiaçı ilə DENG-00009-04/18A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 2də yerləşən ümumi sahəsi 550,9 m2 olan qeyri-yaşayış sahəsini Bank BTB ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.12.2018-ci il tarixli DEN-00009-04/18A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank BTB ASC-yə ipotekaya qoyulmuşdur. ünvan 2də yerləşən qeyriyaşayış binasına ümumi sahəsi 550,9 m2 tutmanın yönəldilməsi haqqında bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Cavabdeh3 12.12.2018-ci il tarixdə iddiaçı ilə DENZ-00009-04/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh DEN-00009-04/18A saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 4.4-cü və ipoteka müqaviləsinin 5.4-cü bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin 22.06.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcu 147912,29 manat, faiz borcu 32445,89 manat, dəbbə borcu 81057,54 manat təşkil edir. Beləliklə cavabdehlərin 22.06.2021-ci il tarixinə ümumi borcu 261415,72 manat təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Məhkəməyə müraciət etdikdən sonra da cavabdehlər borc üzrə heç bir ödəniş etməmiş, bankla hər hansı bir razılıq əldə etmək üçün müraciət etməmişlər. Ona görə də iddiaçı Bank BTB ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.12.2018-ci il tarixli DEN-00009-04/18A saylı kredit müqaviləsindən irəli gələn 22.06.2021-ci il tarixinə olan 147912,29 manat əsas borc, 32445,89 manat faiz borcu, 81057,54 manat dəbbə borcu olmaqla ümumilikdə 261415,72 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmasına, iddiaçı Bank BTB ASC ilə Cavabdeh2 arasında bağlanmış 12.12.2018-ci il tarixli DENG-00009-04/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh2 qızma məxsus olan ünvan 2də yerləşən ümumi sahəsi 550,9 m2 qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsinə, həmin əmlakın açıq hərracda satılmasına, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsinə, sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmasına və ipoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 3024-24-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin boşaldılmasına dair qətnamə çıxarasını xahiş edir. Mülki iş üzrə 01.02.2022-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, pandemiya ilə əlaqədar o, Bank BTB ASC-dən aldığı borcu vaxtında qaytara bilməmişdir. Hazırda bankla borcun qaytarılması ilə bağlı danışıqlar aparmaq fikrindədir. Ona görə də ona vaxt verilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank BTB ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.12.2018-ci il tarixli DEN- 00009-04/18A saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə qaytarmaq, illik 18% ödəmək şərti ilə 230000 məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən kredit və kreditdən istifadəyə görə hesablanmış faizləri kreditin verildiyi valyutada nağd və ya köçürmə yolu ilə ödəniş cədvəlində qeyd olunmuş qaydada elə ödəməlidir ki, müvafiq məbləğlər son tarixə qədər borcverənə tam həcmdə ödənilmiş olsun. Kredit müqaviləsinin 2.10.,2.10.1-ci bəndlərinə əsasən borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda borcverən bu müqaviləyə vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını tələb edə bilər. Bank BTB ASC-nin 13.02.2018-ci il tarixli qəbzindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 230000 manatı Cavabdeh1 vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.10.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 550,9 m2 olan qeyriyaşayış sahəsinə dair Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 7658 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan Bank BTB ASC, ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmaqla notarial qaydada təsdiq olunmuş 12.12.2018-ci il tarixli DEVG- 00009-04/18A saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 550,9 m2 olan qeyriyaşayış sahəsini borcalanın 12.12.2018-ci il tarixli DEN-00009-04/18A saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək üçün borcverən qarşısında yüklü etmişdir. İpoteka müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 722000 manat təşkil edir. Cavabdeh1 notarial qaydada təsdiq olunmuş 12.12.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 550,9 m2 olan qeyri-yaşayış sahəsinin Bank BTB ASC-nin qarşısında ipoteka ilə yüklü edilməsinə razı olmasını bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.12.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 550,9 m2 olan qeyri-yaşayış sahəsinə dair hüquqların ipoteka ilə yüklülüyü 12.12.2018-ci il tarixli DEN-00009-04/18A saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Bank BTB ASC-nin xeyrinə qeydə alınmışdır. Borcverən Bank BTB ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh3 arasında bağlanmış 12.12.2018-ci il tarixli DENZ-00009-04/18A saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin 12.12.2018-ci il tarixli DEN-00009-04/18A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və mövcud müqavilə ilə təmin olunmuş öhdəliklər tam icra olunana qədər qüvvədədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin 11.01.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 550,9 m2 olan qeyri-yaşayış binasına dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Bank BTB ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvanladığı 26.11.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana, ipotekaqoyana və zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Bank BTB ASC-nin 25.06.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 12.12.2018-ci il tarixli DEN-00009-04/18A saylı kredit müqaviləsi üzrə 22.06.2021-ci il tarixinə əsas borca görə 147912,29 manat, faiz borcuna görə 32445,89 manat, dəbbə puluna görə 81057,54 manat olmaqla cəmi 261415,72 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.12.2021-ci il tarixli 9/8604 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bank BTB ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.12.2018-ci il tarixli DEN-00009-04/18A saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 22.06.2021-ci il tarixinə banka olan əsas borcu 147912,29 manat, faiz borcu 32595,71 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 18.10.2021-ci il tarixli 95 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 550,9 m2 olan qeyri-yaşayış binasının bazar dəyəri 900 000 manat, likvid dəyəri 850 000 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.4.-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti İpoteka haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 319.5.-ci maddəsinə əsasən hərrac İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6.-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan Cavabdeh1 və Cavabdeh3 12.12.2018-ci il tarixli DEN-00009-04/18A saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmələri nəticəsində Bank BTB ASC-yə əsas borca görə 147912,29 manat, faiz borcuna görə 32445,89 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsi üzrə birgə borclulardan müştərək qaydada əsas borca görə 147912,29 manat, faiz borcuna görə 32445,89 manatın tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin boşaldılmasına dair tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 17.07.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə birgə borclular olan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 1000 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən qiymətləndirmə nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu qiymətləndirmə rəyi ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə əsasən təyin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı 20.07.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddiaçının əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsinə dair tələbi ilə bağlı qeyd edir ki, icra hərəkətlərinin davam etdirilməsi, tələbin borclunun digər əmlakına yönəldilməsi vəzifəsi qanuni qüvvəsini alan məhkəmə aktını icra etmək səlahiyyəti olan icra məmuruna aid olduğundan, icra məmuru bu vəzifəsini İcra Haqqında Azərbaycan Respublikası Qanununu ilə müəyyən olunan qaydada həyata keçirməli olduğundan və bu barədə məhkəmə aktının qəbul edilməsi tələb olunmadığından iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri birgə borclular olan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas borca görə 147912,29 manat, faiz borcuna görə 32445,89 manat, dəbbə puluna görə 1000 manat, məhkəmə xərclərinə görə 30,40 manat olmaqla cəmi 181388,58 manat Bank BTB ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iş keçirilmiş ipoteka premetinin qiymətləndirilməsi ilə bağlı xərclərə görə 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulsun. Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 550,9 m2 olan qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 850 000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 550,9 m2 olan qeyri-yaşayış sahəsi satıldıqdan 1 ay sonra boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-311/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-311/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver