Məhkəmə qərarları › İş №2(001)-3121/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3121/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3121/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı 03.11.2019-cu il tarixli və 29.01.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********86927 olan Huawei P30 Lite markalı telefon, Sony markalı televizor, İMEİ kodu **********65191 olan X3 8 markalı telefon, Hoffmann markalı mini soba, LG markalı qabyuyan almış, öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçıya 5539 manat borcu yaranmışdır. Cavabdeh iddiaçıya aldığı əşyaların dəyərinə görə cəmi 514 manat ödəniş etmişdir. Cavabdehə 03.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 864 manat olan İMEİ kodu **********86927 olan Huawei P30 Lite markalı telefon üçün ümumilikdə 520 manat olmaqla, 434 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu, 29.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3925,20 manat olan Sony markalı televizor, İMEİ kodu **********65191 olan X3 8 markalı telefon, Hoffmann markalı mini soba, LG markalı qabyuyan üçün ümumilikdə 5019 manat olmaqla, 3841,20 manat ödənilməmiş hissə, 1177,80 manat dəbbə pulu hesablanmışdır. Ona görə də 03.11.2019cu il tarixli müqavilə üzrə əsas borca görə 434 manat, dəbbə puluna görə 86 manat, 29.01.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 3841,20 manat, dəbbə puluna görə 1177,80 manat olmaqla cəmi 5539 manat borcun və dövlət rüsumuna görə 30 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. 29.03.2021-ci il tarixə təyin olunan məhkəmə hazırlıq iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı ABC Telecom MMC ilə bağladığı 03.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86927 olan Huawei P30 Lite markalı telefon almış, bu müqavilə üzrə iddiaçının tələblərini qəbul edir. 29.01.2020-ci il tarixli müqavilə üzrə ona satılan əşyaları o, başqa şəxsə vermiş, razılığa əsasən həmin müqavilə üzrə ödənişləri də həmin adam ödəməli idi. Hazrda həmin adam ödənişləri aparmaqdan imtina edir. Ona görə də o, polisə müraciət etmək fikrindədir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 03.11.2019-cu il tarixli 01025783 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 864 manat İMEİ kodu **********86927 olan Huawei P30 Lite markalı telefonu, 2 illik yeni qızıl zəmanəti və telefon quraşdırma xidmətini ilkin ödənişsiz etməklə, hər ay 48 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cəvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200 %) və 87 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin 03.11.2019-cu il tarixli 01025783 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 15.12.2019-cu il tarixdən 15.05.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 48 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş 03.11.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 01025783 nömrəli müqavilə üzrə 1 ədəd İMEİ kodu **********86927 olan Huawei P30 Lite markalı telefonu, 1 ədəd 2 illik yeni qızıl zəmanəti və 1 ədəd telefon quraşdırma xidmətini tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 29.01.2020-ci il tarixli 20067126 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh ümumi qiyməti 3925,20 manat olan Sony markalı televizor, İMEİ kodu **********65191 olan X3 8 markalı telefon, Hoffmann markalı mini soba, LG markalı qabyuyanı ilkin ödənişsiz, hər ay 327,10 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 393 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin 29.01.2020-ci il tarixli 20067126 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 05.03.2020-ci il tarixdən 05.02.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 327,10 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş 29.01.2020-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 20067126 nömrəli müqavilə üzrə 1 ədəd Sony markalı televizoru, 1 ədəd İMEİ kodu **********65191 olan X3 8 markalı telefonu, 1 ədəd Hoffmann markalı mini sobanı tam qüsursuz halda təhvil almışdır. ABC Telecom MMC-nin 22.02.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh 03.11.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 434 manat, dəbbə puluna görə 86 manat, 29.01.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 3841,20 manat, dəbbə puluna görə 1177,80 manat olmaqla, ümumilikdə əsas borca görə 4275,20 manat, dəbbə puluna görə 1263,80 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı 17.08.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində 03.11.2019-cu il tarixli müqavilə üzrə 434 manat, 29.01.2020-ci il tarixli müqavilə üzrə 3841,20 manat əsas borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının tərəflər arasında bağlanan müqavilələr üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 09.03.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən 03.11.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 29.01.2020-ci il tarixli müqaviləyə əsasən 50 manat olmaqla cəmi 60 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 03.11.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 434 manat, dəbbə puluna görə 10 manat, 29.01.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 3841,20 manat, dəbbə puluna görə 50 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 4365,20 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar