Məhkəmə qərarları › İş №2(001)-3150/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3150/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3150/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəmədinin 2(001)-6094/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6094/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, xx.xx.2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tərəfərin arasında olan nikaha xitam verildikdən sonra uşaq anası ilə birlikdə yaşamağa davam etmiş, bu müddət ərzində ehtiyacları anası tərəfindən qarşılanmışdır. Hazırda məhkəmə tərəfindən müəyyən olunmuş aliment məbləği ilə uşağın saxlanılmasından əziyyət çəkir. Tələb edilən aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edildiyindən, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq, tərəflərin birgə nikahından olan xx.xx.2014-cü ildə doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə tərəfindən cavabdehə uşaqla görüş üçün 1 gün təyin edilib. Lakin buna baxmayaraq, cavabdehə uşağını istədiyi vaxt gəlib görə biləcəyini dediyindən, cavabdeh də, ürəyi istəyən vaxt uşaqla gəlib görüşür. Görüş günlərini uşağını hazırlayıb, hətta yeməyini belə yedizdirib sonra atası ilə göndərir. Yəni hər görüşündə cavabdehin uşağa 30-40 manat xərcləməsi həqiqət deyil. Uşağı gəzintiyə aparır, kinoteatra aparır. Uşaq kurslara gedir, kopoeraya gedir. Bunların hamısını özü təkbaşına edir. Cavabdeh bunların təşkilində iştirak etmir və maddi köməklik göstərmir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, hazırda təyin olunmuş alimentin miqdarı 170 manat təşkil edir və cavabdeh alimenti vaxtıvaxtında ödəyir. Uşağın xərcləri artıb, müxtəlif məşğələlərə gedir. Uşağın maddi ehtiyaclarını tək qarşılamaqda çətinlik çəkir. ADA Universitetində oxuyur və təhsil haqqı səfirlik tərəfindən qarşılanır. Bundan başqa cavabdeh onu təhdid edir, televiziyaya çıxacağını bildirir. Hazırda Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh mediasiya mərhələsində iştirak etmədiyindən aralarında barışıq əldə olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmiş və iddiasının təmin olunmasını xahiş edir. Eyni zamanda qeyd edir ki, iddia ərizəsində texniki səhvə yol verilməklə bir uşağının olmasına baxmayaraq 3 uşağının olması kimi göstərilmişdir. Bundan başqa onun şəxsi instaqram səhifəsindən hər hansı fotoşəkillərin götürülməsinə cavabdehin ixtiyarı yoxdur. O, heç kimin konsertinə getməmiş. Həmin konsertə rəfiqəsi iştirak etmişdir. Atası işləmir, anası isə maddi durumu yaxşı olmadığından iki işdə işləyir. Aylıq əmək haqqı 613 manatdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, əlinə 517 manat aylıq əmək haqqı alır. Həmin əmək haqqı heç özünün dolanışığına çatmır. Gündəlik nəqliyyat, yemək, şəxsi ehtiyaclarına sərf olunan vəsaitlər, uşaqla görüş zamanı xərclənən vəsaitlərə, ödədiyi alimentə görə əslində hər ay 25,40 manat ziyanla işləyir. Uşaq üçün hər dəfəsində mövsümi meyvələr alıb göndərir. Saxlanılması üçün əlindən gələn köməkliyi edir. Ümumiyyətlə 1 ildir ki, alimenti 200 manat məbləğində ödəyir. Həmin aliment də, tərəfin ərizə verdiyi gündə hesablanıb. Ona işində də, maneələr yaradılır.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı qərəzli şəkildə məhkəmələrə müraciət edir. Dəfələrlə barəsində polisə şikayət edib. İddiaçının maddi vəziyyəti onun maddi vəziyyətindən daha yaxşıdır. O, uşağı ayda 4 dəfə olmaqla görüşür və hər dəfə görüşəndə 30-40 manat civarında xərci çıxır. Onun əmək haqqı artmayıb. Bakı Dövlət Universitetində böyük laborant vəzifəsində işləməklə aylıq əmək haqqı 517 manat təşkil edir. Gələcəkdə əmək haqqı artarsa alimenti artıq ödəməyə razı olar. Alimenti iddiaçı özünə xərcləyir. İddiaçı bahalı konsertlərə və bahalı salonlara gedir. Bu barədə iddiaçının instaqram səhifəsindən fotoşəkilləri məhkəməyə təqdim edib. Özü isə 3 ildir ki, maddi durumuna görə ölkə xaricinə istirahətə gedə bilmir. Bundan başqa valideynləri ilə qalır. Valideynlərinin hər ikisi pensiyaçıdırlar və müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Eyni zamanda bacısı və onun övladı valideynlərinin himayəsindədirlər. İddiaçının atası qızıl işi ilə məşğul olur, anası isə həm lisey, həm də ki, Bakı Dövlət Universitetində işləyir. İddiaçının maddi durumu çox yaxşıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)- 6094/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında Bakı Nikah evində bağlanmış xx.xx.2012-ci il tarixli, 2170 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 anası X2 yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması və s. qət edilmişdirr.

8. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 387566 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 99 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra qadına “Mahmudova” soyadı verilmişdir.

9. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü ildə keçirilmiş mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. İddiaçı ilə Cavabdeh arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-6094/2020 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Həmin qətnamə ilə tərəflərin birgə nikahlarından doğulan uşağın- xx.xx.2014-cü il təvəllüdlü X1 anası Fridunbəyova (Mahmudoav) Güney Salam qızının yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Fridunbəyova (Mahmudoav) Güney Salam qızına ödənilməsi qət edilmişdir.

11. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-6094/2020 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Tələbini isə uşağın tələbatının artması, yaşayış minimumu məbləğinin artması ilə əlaqələndirir.

12. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, əmək haqqının 632 manat olmaqla, tutulmalardan sonra əlinə 517 manat əmək haqqı aldığını, gündəlik xərcləri və ödədiyi aliment məbləği nəzərə alındıqda əslində hər ay 25,40 manat ziyanla dolandığını, artırılan həcmdə aliment ödəyə bilməyəcəyini bildirməklə, iddianın rədd edilməsini xahiş edir.

13. “Azemis” Elektron Məhkəmə Sistemindən müəyyən olunmuşdur ki, cavabdeh Bakı Dövlət Üniversiteti X6 böyük laborant vəzifəsində çalışır və aylıq 632 manat əmək haqqı alır.

14. “Azemis” Elektron Məhkəmə Sistemindən müəyyən olunmuşdur ki, iddiaçı Bakı Dövlət Üniversiteti X6 elmi işçidir və aylıq 650 manat əmək haqqı alır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

17. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

20. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

23. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

24. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, uşağın maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.

25. Belə ki, sabit pul məbləğində müəyyən edilən alimentin uşaqlar üçün həmin dövr üçün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum ehtiyaclarının qarşılanmasına yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşaqlarının maddi tələbatlarını ödəməyə borcludur. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh isə əmək qabiliyyətli bir valideyn kimi harada işləməsindən, hansı məbləğdə əmək haqqı almasından asılı olmayaraq övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını yüksək saxlamalı və bununla bağlı vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideyn olaraq yerinə yetirməli olduğu vəzifələrini şərtsiz qəbul etməklə, uşağının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq üçün qanunla qadağan edilməyən formada tədbirlər görməlidir. Hazırki iş üzrə isə cavabdehin bu vəzifələrini icra etməkdən yayınması üçün hər hansı üzrlü səbəb yoxdur.

26. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

27. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

28. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

29. Odur ki, Cavabdeh 13 aprel 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

34. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-6094/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

35. İddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-6094/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar