Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3163/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı 02.12.2019-cu il tarixli və 15.12.2019-cu il tarixli müqavilələrə əsasən Hoffmann markalı aspirator, Meta seksiya, Samsung Led televizor almış, öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçıya 2927 manat borcu yaranmışdır. Cavabdeh iddiaçıya aldığı əşyaların dəyərinə görə cəmi 429 manat ödəniş etmişdir. Cavabdehə 02.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 684 manat olan Hoffmann markalı aspirator, Meta seksiya üçün ümumilikdə 596 manat olmaqla, 494 manat ödənilməmiş hissə, 102 manat dəbbə pulu, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2142 manat olan Samsung Led televizor üçün ümumilikdə 2331 manat olmaqla, 1903 manat ödənilməmiş hissə, 428 manat dəbbə pulu hesablanmışdır. Ona görə də 02.12.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 494 manat, dəbbə puluna görə 102 manat, 15.12.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1903 manat, dəbbə puluna görə 428 manat olmaqla cəmi 2927 manat borcun və dövlət rüsumuna görə 30 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli 01095164 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh ümumi qiyməti 684 manat olan Hoffmann markalı aspiratoru, 4 illik yeni qızıl zəmanəti və Meta seksiyanı ilkin ödənişsiz, hər ay 38 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cəvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200 %) və 69 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin 02.12.2019-cu il tarixli 01095164 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 05.01.2020-ci il tarixdən 05.06.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 38 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş 02.12.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 01095164 nömrəli müqavilədə göstərilən məhsulları tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 15.12.2019-cu il tarixli 01127865 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh ümumi qiyməti 2142 manat olan Samsung Led televizoru və 2 illik yeni qızıl zəmanəti ilkin ödənişsiz, hər ay 119 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 215 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin 15.12.2019-cu il tarixli 01127865 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 13.01.2020-ci il tarixdən 13.06.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 119 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş 15.12.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 01127865 nömrəli müqavilə üzrə 1 ədəd Samsung Led televizoru və 2 illik yeni qızıl zəmanəti tam qüsursuz halda təhvil almışdır. ABC Telecom MMC-nin 25.02.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh 02.12.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 494 manat, dəbbə puluna görə 102 manat, 15.12.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1903 manat, dəbbə puluna görə 428 manat olmaqla, ümumilikdə əsas borca görə 2397 manat, dəbbə puluna görə 530 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı 17.08.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində 02.12.2019-cu il tarixli müqavilə üzrə 494 manat, 15.12.2019-cu il tarixli müqavilə üzrə 1903 manat əsas borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının tərəflər arasında bağlanan müqavilələr üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 10.03.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən 02.12.2019-cu il tarixli müqavilə üzrə 20 manat, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən 30 manat olmaqla cəmi 50 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 02.12.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 494 manat, dəbbə puluna görə 20 manat, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 1903 manat, dəbbə puluna görə 30 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2477 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3163/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3163/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver