Məhkəmə qərarları › İş №2(001)-3166/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3166/2025

20.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3166/2025 20.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X8 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin hissəvi tutulmasına dair iddia ərizəsi üzrə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay uşaq üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 4/1 hissəsi miqdarında alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-3240/2024 sayli, xx.xx.2024-cü il tarixli qetnaməsi ile yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ayda aliment miqdari cəmi 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən olunmuşdur. İddiaçı həmin icra sənədinin icrası ilə əlaqədar Binəqədi rayon icra şöbəsində icra işinin sənədləri ilə tanış olduqda cavabdehin 3 iş yerində işləməklə ümumi əmək haqqisının 1619 manat olduğunu müəyyən etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində cavabdehin iş yerlərindən yalnız biri nəzərə alınmışdır. Həmin qətnamə qəbul olunduqdan sonra bu hal iddiaçı tərəfindən iddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyinə görə aliment təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz etdi və izahatında bildirdi ki, alimentin artırılmasına etiraz edir, onun himayəsində ikinci nikahdan azyaşlı uşağı da var, imkanı çatan alimenti ödəyir. Əmək haqqısı yarımştat işlədiyinə görə 440 manatdır, sistemdə düzgün göstərilməyib. Həmçinin qarşı tərəfə vaxtında aliment versə də uşağını görə bilmir və hər dəfə qarşı tərəfdən təhqirlərə məruz qalır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan övladları var. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən 200 manat məbləğidə alimentin tutulması müəyyən olunmuşdur. AZEMİS elektron sistemdən müəyyən olunur ki, cavabdeh Qərbi Azərbaycan İcmasında veb mütəxəssisi kimi fəaliyyət göstərərək 880 manat əmək haqqı, Azərbaycan Milli Elmlər X1 proqramçı kimi fəaliyyət göstərərək 747.50 manat əmək haqqı alır. xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh Qərbi Azərbaycan İcmasında veb mütəxəssisi kimi 0,5 ştat fəaliyyət göstərərək 440 manat əmək haqqı alır. AZEMİS elektron sistemdən müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X4 adlı azyaşlı övladı var. AZEMİS elektron sistemdən müəyyən olunur ki, Cavabdeh ƏG-İİ qrup əlil kimi 393,33 manat məbləğində pensiya alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, iddiaçı öz tələbində haqlıdır. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin dəyişdirilməsi üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu, uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Lakin məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. Cavabdehin iddianın təminini istisna edən hal kimi ikinci ailə həyatı qurmasını, himayəsində azyaşlı uşağının olmasını, digər xərclərinin mövcud olmasını bildirməsini – uşaqların saxlanmasının hər bir valideynin istisnasız vəzifəsi olması müddəasından irəli gələrək məhkəmə qəbul etmir və hesab edir ki, göstərilənlər iddianın rədd edilməsi üçün əsas deyil. Beləliklə qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, iddia təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə sabit pul məbləğində müəyyən olunmuş aliment dəyişdirilərək xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında alimentin tutulmasını və tutulmanın əvvəlinin iddia ərizəsinin verildiyi gündən hesablanmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 60 manat məbləğində mediasiya xərcindən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə sabit pul məbləğində müəyyən olunmuş aliment dəyişdirilərək xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli xx.xx.2025-ci ildən (iddia ərizəsinin verildiyi tarix) hesablanmaqla Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin: mediasiya xərci kimi ödənilmiş 60 manat cavabdehdən alınaraq iddiaçıya, dövlət rüsumunun əvəzi kimi 40 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar