Məhkəmə qərarları › İş №2(001)-3173/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3173/2024

03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3173/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması" tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 2 uşağın saxlanılması üçün hər uşağa görə 235 manat, cəmi 470 manat aliment Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə xx.xx.2012-ci il tarixində bağlanmış nikahı akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X10 doğulmuşdur. Onun nikaha daxil olarkən cavabdehlər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3834/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında xx.xx.2012-ci il tarixində bağlanmış və akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Həmin qətnamə onunla cavabdehin birgə nikahından doğulmuş xx.xx.2012ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay iki uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi və hər ay hər bir uşaq üçün 133 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4874/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş dəyişdirilməklə xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının qətnamə çıxarıldığı xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Hal-hazırda X2 11 yaşı və X4 4 yaşı var. Uşaqlar böyüdükcə tələbatları da artır. Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment uşaqların tələbatlarının ödənilməsi yetmir. X8 hazırda orta məktəbdə təhsil alır və 2024-cü ilin sentyabr ayından isə X10 məktəbəqədər təhsil alacaqş Ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu də dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını və ehtiyacını tamamilə o çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, “alimen məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu barədə 8 saylı Mediasiya təşkilatına da müraciət edilmişdir. Lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixdə arayış təqdim edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə birgə nigahdan iki övladları - xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X10 dünyaya gəlmişdir. xx.xx.2021-ci il tarixdə nikahları məhkəmə qaydasında pozularaq hər uşağa 133 manat, ümumilikdə 266 manat aliment müəyyən olunmuşdur. Daha sonra iddiaçı yeni iddia verərək uşaqların saxlanılması üçün alimetin artırılmasını xahiş etmişidir. Binəqədi Rayon Məhkəməsi 29 sentyabr 2023-cü il tarixdə iddiaçının iddiasını təmin edərək hər uşaq üçün 220, ümumilikdə 440 manat uşaqların saxlanılması üçün aliment kəsmişdir. Bu dəfə iddiaçı uşaqlarının saxlanılması üçün hər uşaq üçün 235 manat, ümumilikdə 470 manat aliment istəyir. Qeyd edir ki, iddiaçının heç bir iddiasına etiraz etməmiş, qətnamə ilə müəyyən olunmuş aliment məbləğini vaxtında, hər ay artıqlamasıyla ödəmişdir. Belə ki, birgə nikahda doğulmuş uşaqlarının taleyinə biganə qala bilmir. Eyni zamanda alimentdən kənar uşaqların bütün paltar və sair xərclərini o çəkmiş və çəkir. Bütün bunlarla yanaşı o, uşaqlarını görə bilmir, iddiaçı uşaqları onunla görüşməyə icazə verməyərək, ona qarşı qaldıraraq vatsap vasitəsi ilə uşaqları öyrədib onu təhqir edərək ünvanına nalayiq sözlər işlədirlər. Bunların sübutu kimi bütün səs yazıları onda mövcuddur. İddiaçı dərk etmir ki, bu hərəkəti ilə uşaqların tərbiyəsini, psixikasını pozur. O, uşaqlarından incimir, onlar uşaqdı və analarının qeyri-ixtiyarı şəkildə mənfi təsiri altındadırlar, amma uşaqlarına görə çox narahatdır. Uşaqlarının tərbiyəsində, təhsilində onunda bir valideyin kimi iştirak etmək hüququ var. İddiaçı onu uşaqlarına həsrət qoyaraq yalnız pul fikirləşir. Eyni zamanda bildirmişdir ki, heç yerdə işləməyən atası Nümayəndə və anası X9 onunla birlikdə bir ünvanda yaşayırlar, evin bütün xərcləri onun üzərindədir. Bütün bunlarla yanaşı xx.xx.2000-ci il təvəllüdlü X6 ilə adət-ənənəyə uyğun toy edib ailə qurmuşlar. Nikahlarının rəsmiləşdirilməsi üçün ASAN 1-ə ərizə vermişlər, 18 iyun 2024-cü il tarixdə nikah haqqında şəhadətnaməni alacaqlar. Beləliklə, yeni həyat yoldaşı, atası və anası onunla birlikdə yaşayırlar, özü rəsmi qaydada dükanda satıcı olaraq 345 manat əmək haqqı alır. Nəticə etibarı ilə iddiaçının məkirli niyyəti ucbatından onun övladları psixi pozuntulara məruz qalır. İş üzrə cavabdeh olsa da, valideyin kimi onun da öz doğma övladları ilə görüşüb ünsiyyət qurmaq hüququ var. Ümid edir ki, məhkəmə bütün bunlara hüquqi qiymət verərək uşaqları ilə görüş və ünsiyyət qurulması üçün müvafiq qərardad qəbul edəcək. Bir ata kimi onunda öz doğma uşaqları ilə məhkəmə qərarı qanuni qüvvəyə minənədək görüşmək və ünsiyyət qurmaq hüququ var. Qeyd olunanlara əsasən, verilmiş səlahiyyətlərdən istifadə edərək məhkəmə araşdırması aparmaqla iddiaçının əsassız iddiasını rədd edərək, 14 sentyabr 2023-cü il tarixli qətnaməyə əsasən uşaqların saxlanılması üçün hər uşaq üçün müəyyən olnmuş 220 manat, ümimilikdə 440 manat aliment məbləği qalmaqla iddianın təmin olunmaması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Həmçinin, o bildirdi ki, iddiaçı uşaqları oğlu cavabdehə göstərmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı 107984 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə Məmmədova (Hüseynova) Arzu Mustafa qızıdır. AZ-İV seriyalı 322185 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə Məmmədova (Hüseynova) Arzu Mustafa qızıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3834/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh arasında Şamaxı rayon Muğanlı kənd icra nümayəndəliyində xx.xx.2012-ci il tarixdə bağlanmış, 07 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 iddiaçı X1 yanında saxlanılmaları, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi və hər ay hər bir uşaq üçün 133 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4874/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3834/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqlq ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. AZ-İ seriyalı 468564 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X5 ilə olan nikahı ləğv olunmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 652 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Hüseynova” soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli Bakı 8 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. AZ-İİ seriyalı 633829 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə bağlanmış və 1209 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Məmmədova” soyadı verilmişdir. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il tarixdə 480 manat, xx.xx.2024-cü il tarixdə 470 manat, xx.xx.2024-cü il tarixdə 440 manat məbləğində ödənişlər etmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriçindən görünür ki, Cavabdeh Dini mallar mağazasında satıcı vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4874/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləği dəyişdirilərək hər uşağa görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya hər ay müxtəlif məbləğlərdə, o cümlədən əvvəlki qətnamə ilə müəyyən olunmuş məbləğdən artıq vəsait ödəmişdir. Məhkəmə hesab edir ki, belə olan halda cavabdeh hər uşağa 235 manat, cəmi 470 manat məbləğində alimenti ödəmək imkanına malikdir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, xx.xx.2012-ci il təvəllüdlü X2 məktəbli olmasını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi təmin edilməklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4874/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4874/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan 220 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar