Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3178/2023 12.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aliment miqdarını artıraraq, Cavabdeh 20 oktyabr 2006-cı il təvəllüdlü X5 və 28 aprel 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay hər uşağa sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat alimentin tutulmasına və mediasiya arayışına görə ödədiyi 50 (əlli) manat rüsumun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə faktiki olaraq ailə qurmuşlar, 04 fevral 2010-cu il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 20 oktyabr 2006-cı il təvəllüdlü X8 və 28 aprel 2010-cu il təvəllüdlü X7 adlı övladları olmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə bir müddət mehriban yaşamışlar, sonradan münasibətləri pozulmuşdur. Buna görə də o, nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması və alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 20 oktyabr 2006-cı il təvəllüdlü X8 və 28 aprel 2010-cu il təvəllüdlü X7 onun yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 fevral 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa 170 manat, cəmi 340 manat Cavabdeh onun xeyrinə sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi əsasında təyin edilmiş 340 manat aliment uşaqlarının saxlanılmasına çatmır və buna görə də alimentin məhkəmə qaydasında artırılmasını istəyir. Hər ay uşaqlarının geyim, yemək və digər xərclərinə 800 manatdan artıq xərci çıxır. Cavabdeh isə onlara heç bir əlavə köməklik göstərmir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, alimentin artırılması tələbinə dair iddianı qəbul etmədiyini, işləmədiyini, kirayədə yaşadığını, şəkər xəstəsi olduğunu və təyin edilmiş alimenti güclə ödədiyini bildirib, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, işləmədiyi və şəkər xəstəsi olduğu üçün iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanının olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 903121 №-li və AZ-İİ seriyalı 734386 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 20 oktyabr 2006-cı il təvəllüdlü X5 və 28 aprel 2010-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası Əskərova (Əliyeva) Aybəniz İslam qızıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-879/2021 saylı 25 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Xaçmaz rayonu Qaraçı İƏV nümayəndəliyində bağlanmış 04 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X4 anaları X3 yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat alimentin X3 xeyrinə tutulması, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat alimentin X3 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 387627 №-li Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X6 arasında nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qetdləri kitabında xx.xx.2021-ci il tarixdə 473 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 aprel 2023-cü il tarixli arayışdan görünür ki, 19 aprel 2023-cü il tarixdə, 15:00-16:00 saatlarında keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay hər uşağa görə 170 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, 20 oktyabr 2006-cı il təvəllüdlü X5 və 28 aprel 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-879/2021 saylı 25 fevral 2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 200 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 879/2021 saylı 25 fevral 2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 20 oktyabr 2006-cı il təvəllüdlü X5 və 28 aprel 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində tutulan 170 manat miqdarda alimentin məbləği artırılmalı, 20 oktyabr 2006-cı il təvəllüdlü X5 və 28 aprel 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 200 manat miqdarda aliment tutularaq, İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-879/2021 saylı 25 fevral 2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 20 oktyabr 2006-cı il təvəllüdlü X5 və 28 aprel 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. 20 oktyabr 2006-cı il təvəllüdlü X5 və 28 aprel 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3178/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3178/2023
12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver