Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3206/2024 03.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “X1” ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 485,19 manat məbləğində əsas borc, 92,71 manat məbləğində faiz borcu, 22,34 manat məbləğində cərimə borcu olmaqla, cəmi 600,24 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən, borcverən bu müqavilə üzrə kreditin limitini heç bir sənədləşmə aparmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə kredit borcalana krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür.” Lakin, cavabdeh Müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" KB ASC-yə 485,19 manat əsas, 92,71 manat faiz, 22,34 manat cərimə borcu olmaqla, cəmi 600,24 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Bu səbəbdən iddiaçı tələbin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: Belə ki, mülki iş materiallarında olan: Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 1540sBkxB/22 №-li kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən müştəriyə SMS bildirişdə qeyd olunan müdddətdə, faizlə və məbləğdə kredit ayırır, ona bank hesabı açılır və ödəniş kartı təqdim edilir. Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.10-cu bəndinə əsasən, “borcalan” kreditin və / və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) faizi miqdarında cərimə(dəbbə pulu) tətbiq edə bilər. SMS bildirişdən görünür ki, cavabdehə xx.xx.2024-cü ilədək, illik 24% dərəcəsində 5000 manat nağd kredit və illik 28%-lə 500 manatlıq kredit xətti açılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh Banka 485,19 manat əsas borc, 92,71 manat faiz borcu və 22,34 manat cərimə olmaqla, cəmi 600,24 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən və bildirişin tərəfə göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərini yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməli və Cavabdeh 485,19 manat əsas borc, 92,71 manat faiz borcu və 22,34 manat cərimə alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏTETDİM: İddia təmin edilsin. Cavabdeh 485,19 (dörd yüz səksən beş manat 19 qəpik) manat məbləğində əsas borc, 92,71 (doxsan iki manat 71 qəpik) manat məbləğində faiz borcu, 22,34 (iyirmi iki manat 34 qəpik) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 630,24 (altı yüz otuz manat 24 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3206/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3206/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver