Məhkəmə qərarları › İş №2(001)-322/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-322/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-322/2022 05.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (qardaşı) X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi, ödənilmiş faiz borcunun tutulması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun əvəzləşdirilməsi, zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 8-xxxx-2015-YS-AAAF-RO saylı kredit müqaviləsi üzrə ödənilməmiş 15.227,67 manat məbləğində əsas, 3.443,15 manat məbləğində faiz, cəmi 18.670,82 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat bank xidməti haqqının əvəzinin tutulmasını xahiş etmişdir. Cavabdeh1 iddiaçı qismində cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən pozulmuş hüquqların bərpa edilməsi, aralarında bağlanmış 29 mart 2015-ci il tarixli, 8-xxxx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə 2015-2019-cu ilədək cavabdehə ödənilmiş 7.956,97 manat faiz borcunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması və hesablanmış 3.443,15 manat faiz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6072/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, ödənilmiş faiz borcunun tutulması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5199/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin mülki iş fikir ayrılığının həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarı ilə qeyd edilən mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. "xxxx" MMC iddiaçı qismində cavabdeh "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8-xx-xx-2015-YS-AAAF-RO nömrəli, xx.xx.2015-ci il tarixli Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə 15.227,67 manat məbləğində əsas borcun təminat predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 31,2 kv.m. ibarət 1 otaqlı, 69 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 31.2 kv.m. ibarət 1 otaqlı, 69 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürüldükdən sonra "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış 8-xx-xx-2015-YS- AAAF-RO nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmiş hesab edilmişdir. Bundan sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC iki dəfə iddia tələbini dəyişdirmiş və nəticədə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 8-xx-xx-2015-YS-AAAF-RO saylı kredit müqaviləsi üzrə 15.227,67 manat məbləğində əsas, 3.212,54 manat məbləğində faiz, cəmi 18.440,21 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulmasını xahiş etmişdir. Həmçinin, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (qardaşı) X2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində çıxış edən "xxxx" MMC-yə qarşı hər hansı bir tələbinin olmadığını və "xxxx" MMC-nin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASCnin nümayəndəsi X7 ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddiaları qəbul etməmiş və təqdim edilmiş sübutlara əsaslanaraq, ilk iddianın təmin, qarşılıqlı iddiaların isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (qardaşı) X2 qarşılıqlı iddianı müdafiə etmiş, ilk iddianı qismən qəbul etmiş və tərəfindən təqdim edilmiş sübutlara əsaslanaraq, bildirmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Abşeron rayonu, Xərdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.m. ibarət 1 otaqlı 69 nömrəli mənzili almışdır. Məhz onun dəyərini ödəmək məqsədi ilə "xxxx" ASC-dən qeyd edilən kredit müqaviləsi üzrə 26.670 manat məbləğində pul götürülərək, "xxxx" MMC-yə ödənilmişdir. Lakin buna baxmayaraq, "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixli müqavilədən irəli gələn öhdəliklər icra edilmədiyindən, o cümlədən mənzil inşa edilərək təhvil verilmədiyindən aralarında məhkəmə mübahisəsi yaranmışdır və nəticədə məhkəmə qaydasında xx.xx.2015-ci il tarixli müqavilə ləğv edilmiş, vurulmuş zərərin əvəzi olaraq 2.970 manat ilkin ödəniş, mənzilin alınmasına görə "xxxx" ASC tərəfindən verilmiş və "xxxx" MMC-yə ödənilmiş 26.670 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumu "xxxx" MMC-dən Cavabdeh1 xeyrinə tutulmuşdur. Bununla belə, Cavabdeh1 ona məxsus olmayan əmlaka görə "xxxx" ASC-yə hesablanmış faiz qismində 7.956,97 manat məbləğində pul ödəmişdir. Cavabdeh1 bu vəziyyətə "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə düşmüşdür. Əks halda, "xxxx" ASC-dən hər hansı məbləğdə kredit götürməzdi. "xxxx" MMC-dən pulunu alan kimi, "xxxx" ASC-yə olan əsas borcun ödənilməsi təmin ediləcəkdir, lakin qalan məbləğ Cavabdeh1 tutula bilməz, faiz qismində tutulmuş məbləğ isə ona qaytarılmalıdır. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın qismən təmin edilərək, yalnız əsas borcun tutulması, habelə qarşılıqlı iddianın təmin edilərək, kredit müqaviləsinə xitam verilməsini, müqavilə üzrə 2015-2019-cu ilədək cavabdehə ödənilmiş 7.956,97 manat məbləğində faiz borcunun "xxxx" ASC-dən onun xeyrinə tutulmasını və iddia üzrə tələb edilən 3.443,15 manat məbləğində faiz borcunun silinməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən "xxxx" MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 bu barədə tələbini nəzərə alıb, məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddialar rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 mart 2015-ci il tarixli, 8-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 180 ay müddətinə, illik 10% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 26.670 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı cavabdehə bildiriş göndərməklə yaranmış borc məbləği barədə məlumat vermiş və həmin məbləğin 5 gün ərzində ödənilməsini tələb etmiş, əks halda borc məbləğinin tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödəməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda cavabdehin həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 15.227,67 manat məbləğində əsas, 3.212,54 manat məbləğində faiz, cəmi 18.440,21 manat məbləğində borcun yarandığını iddia edir və həmin məbləğin, habelə ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzinin cavabdehdən tutulmasını tələb edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasına uyğun olaraq, aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3359 nömrəli ekspert rəyinə əsasən həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə 15.164,60 manat məbləğində əsas, 4.452,50 manat məbləğində faiz borcu yaranmışdır. Cavabdeh iddianı qəbul etmir və qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xərdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.m. ibarət 1 otaqlı 69 nömrəli mənzili aldığını və onun dəyərini ödəmək məqsədi ilə "xxxx" ASC-dən qeyd edilən kredit müqaviləsi üzrə 26.670 manat məbləğində pulun götürülərək, "xxxx" MMC-yə ödənildiyini, lakin buna baxmayaraq, "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixli müqavilədən irəli gələn öhdəliklər icra edilmədiyindən, o cümlədən mənzil inşa edilərək ona təhvil verilmədiyindən aralarında məhkəmə mübahisəsinin yarandığını, nəticədə məhkəmə qaydasında xx.xx.2015-ci il tarixli müqavilənin ləğv edildiyini, vurulmuş zərərin əvəzi olaraq 2.970 manat ilkin ödənişin, mənzilin alınmasına görə "xxxx" ASC tərəfindən verilmiş və "xxxx" MMC-yə ödənilmiş 26.670 manat məbləğində pulun, habelə ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən onun xeyrinə tutulduğunu, nəticədə ona məxsus olmayan əmlaka görə "xxxx" ASC-yə hesablanmış faiz qismində 7.956,97 manat məbləğində pulun ödənildiyini, onun bu vəziyyətə "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə düşdüyünü, əks halda, "xxxx" ASC-dən hər hansı məbləğdə kredit götürməyəcəyini, "xxxx" MMC-dən pulunun alınan kimi, "xxxx" ASC-yə olan əsas borcun ödəniləcəyini, lakin qalan məbləğin tutulmalı olmadığını, faiz qismində tutulmuş məbləğin isə qaytarılmalı olduğunu bildirir və kredit müqaviləsinə xitam verilməsini, müqavilə üzrə 2015-2019-cu ilədək cavabdehə ödənilmiş 7.956,97 manat məbləğində faiz borcunun "xxxx" ASC-dən onun xeyrinə tutulmasını və iddia üzrə tələb edilən 3.443,15 manat məbləğində faiz borcunun silinməsini tələb edir. İlk iddiaçı qarşılıqlı iddianı qəbul etmir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2348/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən mənzilin alqı-satqısına dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə ləğv edilmiş, mənzilin alqı-satqısı üzrə dəymiş zərərin əvəzi kimi 2.970 manat məbləğində ilkin ödəniş, ödənilmiş 7.956,97 manat məbləğində faiz, həmin mənzilin alınması görə "xxxx" ASC tərəfindən verilmiş və cavabdehə ödənilmiş 26.670 manat məbləğində pul və ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 37.621,97 manat məbləğində pul "xxxx" MMC-dən alınaraq, Cavabdeh1 qaytarılmışdır. Həmin qətnamədən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(105)-2656/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2348/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən – 7.956,97 manat faiz məbləğində hissədə ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə, ilk və qarşılıqlı iddiaların mahiyyətini nəzərə alıb, belə qənaətə gəlir ki, ilk növbədə ilk iddiaya hüquqi qiymət verilməlidir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, ilk iddia ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 9/3359 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib və iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edib, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, məhz ekspert rəyi ilə müəyyən edilmiş 15.164,60 manat məbləğində pul xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc qismində Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia üzrə tələb edilən faiz borcu məbləği ilə bağlı eyni mövqeydən (ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib) çıxış edərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən 3.212,54 manat məbləğində faiz borcu tələb etməkdə haqlı olmamışdır. Belə ki, ekspert rəyinə əsasən həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə yaranmış əsas borc 15.164,60 manat, faiz borcu 4.452,50 manat təşkil edir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə həmin müqavilə üzrə ümumilikdə 1.479,50 manat məbləğində, bundan sonra xx.xx.2022-ci il tarixdə 338,40 manat, xx.xx.2022-ci il tarixdə isə 374,83 manat, cəmi (1.479,50 + 338,40 + 374,83 = 2.192,73) 2.192,73 manat pul ödənilmişdir. Belə olan halda, xx.xx.2022-ci il tarixinə əsas borc məbləğinin 15.164,60 manat, faiz borcu məbləğinin 4.452,50 manat, illik faiz dərəcəsinin 10 faiz olması əsas götürülməklə, xx.xx.2022-ci il tarixə (iddia tələbinin sonuncu dəqiqləşmə tarixi), yəni 7 ay 13 gün üçün (15.164,60 / 100 faiz x 10 faiz = 1.516,46 – 1 il üzrə faiz borcu, 1.516,46 / 12 = 126,37 – 1 ay üzrə faiz borcu, 1.516,46 / 30 = 4,21 – 1 gün üzrə faiz borcu, 126,37 x 7 ay = 884,59, 4,21 x 13 = 54,73, 884,59 + 54,73 = 939,32) 939,32 manat məbləğində faiz borcu yaranmış olur. Bununla belə, xx.xx.2022-ci il tarixə (4.452,50 + 939,32 = 5.391,82) 5.391,82 manat məbləğində faiz borcu yaranmış olur. Həmin məbləğdən xx.xx.2022-ci il tarixdən sonra ümumilikdə ödənilmiş və faiz borcundan silinmiş 2.192,73 manat çıxıldıqda (5.391,82 – 2.192,73 = 3.199,09), xx.xx.2022-ci il tarixə məhz 3.199,09 manat məbləğində faiz borcunun yarandığı müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixə məhz 3.199,06 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmənin ilk iddia ilə bağlı bu qənaəti hüquqi nəticə etibarı ilə Cavabdeh1 qarşılıqlı iddiasının rədd edilməsini şərtləndirir. Hər bir halda, qarşıqlı iddia ilə bağlı qeyd olunmalıdır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli müqavilə üzrə şərtləşdirilmiş müddətə və faiz dərəcəsi ilə 26.670 manat məbləğində kredit götürmüş və onun götürülməsi məqsədindən (hazırki vəziyyətdə mənzilin alınması), o cümlədən öz məqsədini hər hansı səbəbdən reallaşdıra bilməməsindən (hazırki vəziyyətdə mənzilin ona təhvil verilməməsi) asılı olmayaraq, həmin məbləği qaytarmalı və ona hesablanmış faiz məbləğini ödəməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2348/2019 saylı, xx.xx.2019-cu il tarixli, habelə Bakı Apellyasiya Məhkəməsinin 2(105)-2656/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi də qarşılıqlı iddianın hər hansı formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin "xxxx" MMC borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmiş, lakin bu da bir nəticə verməmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb edir. Cavabdeh "xxxx" MMC də "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 26.670 manat məbləğində pulun Cavabdeh1 mənzilin alınması üçün verildiyini, həmin müqavilənin 4.1-ci və 4.3-cü bəndlərinə əsasən kredit öhdəliklərinin icrasının təminat üsulu qismində ipotekanın və zaminliyin müəyyən edildiyini və bununla bağlı əmlaka dair çıxarış alındıqdan sonra mənzilin Bank qarşısında ipoteka ilə yüklü edilməli olduğunu, müqavilənin 12.7-ci və 15.8ci bəndlərinə əsasən öhdəliklər icra edilmədiyi təqdirdə tərəflərin (Bank və Cavabdeh1) həmin mənzilin boşaldılması və mənzilə dair bütün hüquqların Banka keçməsi barədə razılaşmasını, mənzilə dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin məhkəmə qaydasında ləğv edildiyini bildirir və kredit müqaviləsinin yuxarıda göstərilən bəndlərinə istinadən kredit borcunun təminatı olan həmin mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsini və bununla da zaminlik müqaviləsinin ləğv edilməsini xahiş edir. İddiaçı "xxxx" ASC qarşılıqlı iddianı qəbul etmir. Məhkəmə, qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, kredit müqaviləsinin müxtəlif, o cümlədən 4.1-ci, 4.3-cü, 12.7-ci, 15.8-ci bəndlərində ipotekanın müqavilə üzrə kredit öhdəliklərinin icrasının təminat üsülu olduğu təsbit edilmiş və konkret mənzil barədə məlumatlar əks etdirilməklə həmin mənzilin kredit müqaviləsi üzrə təminat kimi çıxış etdiyi və mənzilə dair çıxarış alındıqdan sonra ipoteka ilə rəsmiləşdirilməsi, habelə öhdəliklər icra edilmədiyi təqdirdə tərəflərin həmin mənzilin boşaldılması və mənzilə dair bütün hüquqların Banka keçməsi barədə razılaşması təsbit edilmişdir. Lakin mənzil inşa edilməmiş və Cavabdeh1 təhvil verilməmişdir. Bu mənzilin alqı-satqısına dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə də artıq məhkəmə qaydasında ləğv edilmişdir. Bu baxımdan onun Cavabdeh1 təhvil verilməsi, habelə əmlakın onun adına rəsmiləşdirilməsi və bank qarşısında ipoteka ilə yüklü edilməsi (ipoteka müqaviləsinin bağlanması) hüquqi nəticə etibarı ilə artıq mümkün deyil. Bununla belə, qarşılıqlı iddianın hər hansı formada təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Bu da öz növbəsində qarşılıqlı iddianın rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Cavabdeh "xxxx" MMC zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, müəyyən edilmiş əsas və faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən tələb edilən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı da eyni qaydada cavabdehlərə aid edilməlidir. Məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddialar üzrə iddiaçılar müvafiq olaraq kredit və zaminlik müqaviləsinin ləğv edilməsini tələbini irəli sürmüşdür. Belə olan halda, Mülki Məcəllənin 423-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçılar əvvəlcə müqavilənin ləğv edilməsi təklifini qarşı tərəfə verməli idi. Lakin onlar tərəfindən belə bir təklif irəli sürülməmişdir. Buna baxmayaraq, bu hal pretenziya qaydasına riayət edilməməsi əsası ilə qarşılıqlı iddia tələblərinin həmin hissədə baxılmamış saxlanılması üçün əsas ola bilməz. Belə ki, "xxxx" ASC həmin müqavilələrə əsasən artıq onlardan pul tələb edir. Bu baxımdan iddiaçılar tərəfindən pretenziya qaydasına riayət edilib-edilməməsi hüquqi baxımdan öz əhəmiyyətini itirmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, 29 mart 2015-ci il tarixli, 8-xx-xx-2015-YS- AAAF-RO saylı təminatlı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMCdən müştərək qaydada 15.164,60 manat məbləğində əsas, 3.199,06 manat məbləğində faiz, cəmi 18.363,66 manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, ilk iddia qalan hissədə rədd edilməli, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, ödənilmiş faiz borcunun tutulması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASCyə qarşı “borcun əvəzləşdirilməsi, zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, iddiaçı Cavabdeh1 və iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. 29 mart 2015-ci il tarixli, 8-xx-xx-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 15.164,60 (on beş min bir yüz altmış dörd manat, altmış qəpik) manat məbləğində əsas, 3.203,06 (üç min iki yüz üç manat, altı qəpik) manat məbləğində faiz, cəmi 18.367,66 (on səkkiz min üç yüz altmış yeddi manat, altmış altı qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İlk iddia qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh1 cavabdeh "xxxx" ASC-yə qarşı “ödənilmiş faiz borcunun tutulması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun əvəzləşdirilməsi, zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İddiaçı Cavabdeh1 və iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar