Məhkəmə qərarları › İş №2(001)-3220/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3220/2023

01.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3220/2023 01.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Novxanı Dənizkənarı təzə salınmış yolun ərazisində torpağın bir sot qiyməti barədə ekspertiza təyin olunması və müəyyən olunmuş qiymətdə 4.4 sotu cavabdehdən tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı ona ayrılmış torpaq sahəsi çəkilmiş magistral yoluna düşmüş və bununla bağlı ona kompensasiya ödənilməmişdir. Hazırda da iddiaçı yola düşən torpaq sahəsinin qiymətləndirilməsini və vurulmuş ziyana görə cavabdeh tərəfindən kompensasiyanın ödənilməsini xahiş edir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırkı tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın V hissəsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan kimi göstərilmişdir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı ilə V bölməyə “uyğun olaraq,” sözlərindən sonra “Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər və” sözləri əlavə edilmişdir) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.7-ci maddələrinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Təsvir edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırki tələbi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməli, habelə iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki tələbi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar