Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3226/2020 30.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı əsas borcun, faiz borcunun və cərimənin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Nikoyl” X1 (indiki adı İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 17-A-1-0-552-14 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 17 faiz dərəcəsi ilə 60 ay müddətində qaytarmaq şərti ilə 14500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh mülkiyyətində olan “Daewoo Gentra” markalı, AZ**-UR-*** qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən xx xxx 2019-cu il tarixə banka 5138,17 manat məbləğində əsas, 3152,36 manat məbləğində faiz, 3362,43 manat məbləğində cərimə borcu yaranmışdır. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən kredit müqaviləsi üzrə yaranmış yuxarıda göstərilən məbləğdə borcun, 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan “Daewoo Gentra” markalı, AZ**-UR-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 5138,17 manat məbləğində əsas borca tənasübsüz olaraq 3362,43 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 3362,43 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Şərh olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan avtomobilə tutma yönəldilməli, avtomobil açıq hərracda satılmalı və satışdan əldə olunacaq məbləğ hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinın iddiası qismən təmin edilsin. Cavabdeh 5138,17 manat məbləğində əsas, 3152,36 manat məbləğində faiz, 200 manat cərimə olmaqla, ümumilikdə 8490,53 məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan “Daewoo Gentra” markalı, AZ**-UR-*** qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, XWB319VEA554105 ban, 0612 mühərrik nömrəli, metal rəngli avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracdan satılsın və satışdan əldə olunan məbləğ hesabına cavabdehlərin İddiaçı ASC-yə olan borcu ödənilsin. Avtomobilin satışından əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh tutularaq banka ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3226/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3226/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver