Məhkəmə qərarları › İş №2(001)-3238/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3238/2024

24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3238/2024 24.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi(vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(103)-4345/2022 saylı qətnaməsi ilə təyin edilmiş 360 manat alimentin yenidən dəyişdirilərək birgə nikahlarından doğulmuş 28 iyun 2014-cü il təvəllüdlü X2, 28 fevral 2016-cı il təvəllüdlü X8 və 05 yanvar 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hə ay bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat alimentin məbləği artırılıb dəyişdirilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 28 iyun 2014-cü il təvəllüdlü X6, 28 fevral 2016-cı il təvəllüdlü X11 və 05 yanvar 2018-ci il təvəllüdlü X12 adlı 3 övladları olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(001)-283/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında xx.xx.2013-cü il tarixində Qobustan rayon Sündü İcra Nümayəndəliyində akt qeydləri kitabında 19 nömrəli qeyd icra edilməklə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 28 iyun 2014-cü il təvəllüdlü X2, 28 fevral 2016-cı il təvəllüdlü X8 və 05 yanvar 2018-ci il təvəllüdlü X9 onun yanında saxlanılması, qətnamə qəbul edildiyi vaxt Cavabdeh yanında qalan xx.xx.2014-cü il təvəllüdlü X2 ona verilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq qətnamə qanuni qüvvəyə mindiyi tarixədək bir uşağın saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir.Daha sonra cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və alimentin azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4345/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, Binəqədi rayon Məhkəməsinin 2(001)-283/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi alimentin məbləği qətnamənin qüvvəyə minməsindən sonrakı vaxt üçün müəyyən olunan hissəsində dəyişdirilməsi, həmin hissədə alimentin məbləğinin xx.xx.2014-cü il təvəllüdlü X2 faktiki olaraq atadan alınıb anaya verildiyi vaxtdan hesablanması və hər ay hər uşaq üçün 120 manat müəyyən olunmaqla 360 manat müəyyən edilməsi, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda 3 övladı onun himayəsindədir və onlardan ikisi məktəblidir, hər ikisi hazırlığa gedir. Onlara alınacaq məktəb ləvazimatları, geyim, qida çox bahalaşmışdır. Maddi cəhətdən çətinlik çəkir. Özü tək qadındır. Əlavə gəlir yeri yoxdur. Buna görə də, cavabdehin ödəyəcəyi alimentin artırılmasına ehtiyac vardır. Cavabdeh rəsmi olaraq yüksək maaşının olmamasına baxmayaraq maddi imkanı çox normaldır. Cavabdeh 29 aprel 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən qəbul etdiyini, hər uşağa 150 manat olmaqla, cəmi 450 manat aliment ödəməyə razı olduğunu, hazırda işləmədiyini və müəyyən edilmiş alimenti anasının pensiyası ilə ödədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi(vəkili) Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini və maddi imkanı olmadığına görə hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat məbləğində aliment ödəyə bilməyəcəyini və ona görə də ondan hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat məbləğində tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-283/2022 saylı 05 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Şükürova (Səfquliyeva) Ülviyyə Nadir qızı arasında xx.xx.2013-cü il tarixdə Qobustan rayonunun Sündü İcra Nümayəndəliyində akt qeydləri kitabında 19 nömrəli qeyd icra edilməklə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X9 iddiaçı X3 yanında saxlanılması, hal-hazırda atası Cavabdeh yanında qalan xx.xx.2014-cü il təvəllüdlü X4 anası X5 verilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq qətnamə qanuni qüvvəyə mindiyi tarixədək bir uşağın saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X5 ödənilməsi, Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(103)-4345/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Binəqədi Rayon Məhkəməsinin 2(001 )-283/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi alimentin məbləği qətnamənin qüvvəyə minməsindən sonrakı vaxt üçün müəyyən olunan hissəsində dəyişdirilərək, həmin hissədə alimentin məbləğinin xx.xx.2014-cü il təvəllüdlü X2 faktiki olaraq atadan alınıb anaya verildiyi vaxtdan hesblansın və hər ay hər uşaq üçün 120 manat müəyyən olunmaqla, ümumilikdə aylıq 360 (üç yüz altmış) manat müəyyən edilmiş, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 05 aprel 2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmiş və və hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. 50 manat məbləğində mediasiya xərci və 10 manat poçt göndərişi və kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 aprel 2024-cü il tarixli Arayışdan görünür ki, X1 rayonunun Sündü kəndində yaşayır və heç bir yerdə işləmir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay hər uşağa görə 120 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, 28 iyun 2014-cü il təvəllüdlü X2, 28 fevral 2016cı il təvəllüdlü X8 və 05 yanvar 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat miqdarında olmaqla, üç uşağa görə 360(üç yüz altmış) manat alimentin tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(103)-4345/2022 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, cavabdehin cəmi 705 manat məbləğində aliment ödəməyə maddi imkanının olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat miqdarında aliment olmaqla, ümumilikdə 510 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci tarixli, 2(103)- 4345/2022 nömrəli qətnaməsi qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 28 iyun 2014-cü il təvəllüdlü X2, 28 fevral 2016-cı il təvəllüdlü X8 və 05 yanvar 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmalar üçün hər ay hər uşağa görə 120 manat miqdarda tutulan alimentin məbləği artırılmalı, 28 iyun 2014-cü il təvəllüdlü X2, 28 fevral 2016-cı il təvəllüdlü X8 və 05 yanvar 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat miqdarda olmaqla, cəmi 510 manat aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci tarixli, 2(103)-4345/2022 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 28 iyun 2014-cü il təvəllüdlü X2, 28 fevral 2016-cı il təvəllüdlü X8 və 05 yanvar 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. 28 iyun 2014-cü il təvəllüdlü X2, 28 fevral 2016-cı il təvəllüdlü X8 və 05 yanvar 2018ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə, 510(beş yüz on) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar