Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3239/2020 05.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı BOKT QSC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT QSC Cavabdeh qarşı “kredit müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli N544-0***-******* nömrəli kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh 1480 manat əsas borc, 280,37 manat faiz borcu və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,50 faiz dərəcəsində 40,82 manat cərimə borcu, ümumilikdə 1801,19 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli N544-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 ay müddətinə ödəmək şərti ilə 1480 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq krediti ödəməkdən yayınır. Cavabdehə rəsmi olaraq xəbərdarlıq edilsə də, öhdəliyi yerinə yetirmir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli N544-0***-******* nömrəli kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə əsas borcu 1480 manat, faiz borcu 280,37 manat və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,50 faiz dərəcəsində cərimə borcu 40,82 manat, ümumi borc 1801,19 manat təşkil edir. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan krediti göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.13.1-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0,50 faiz dərəcəsində dəbbə pulu hesblanır və borcalan tərəfindən kreditora ödənilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli, 544-0***-******* saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh (borclu) ilə İddiaçı BOKT (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya 12 ay müddətinə, illik 44 faiz olmaqla 1480 manat məbləğində kredit vermişdir. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 154,66 manat olmaqla xx.xx.2020-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı BOKT QSC-yə 1480 manat məbləğində əsas borcu, 321,19 manat məbləğində faiz borcu vardır. İşdə olan bildirişdən və onun ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə görə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə xx xxxxxxxx 2019-cu il tarixli 544-0***- ******* saylı kredit müqaviləsindən irəli gələn 1480 manat əsas borc, 280,37 manat faiz borcu, 40,82 manat cərimə borcu, cəmi 1801,19 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin İddiaçı BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 544-0***-******* saylı kredit müqaviləsi ləğv edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1480 manat əsas borc, 280,37 manat faiz borcu və 40,82 manat cərimə borcu olmaqla, cəmi 1801,19 (bir min səkkiz yüz bir manat 19 qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı BOKT QSC-yə ödənilsin. İddiaçı BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 544- 0***-******* saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3239/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3239/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver