Məhkəmə qərarları › İş №2(001)-3239/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3239/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3239/2021 18.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 iyul 2020-ci il tarixli, NSNPU-4360 saylı kredit müqaviləsi üzrə 2.431,84 manat məbləğində əsas, 106,77 manat məbləğində faiz, 276,15 manat məbləğində cərimə, cəmi 2.814,76 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, iddiaçı tərəfin bu barədə ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsinin məzmununu nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, aralarında bağlanmış 01.07.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" BOKT QSC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 35 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 3.177 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və qeyd edilən məbləğdən təyinatı üzrə istifadə etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri, gecikməyə yol verdiyi təqdirdə isə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı razılaşdırılmış, o cümlədən 01.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüququları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüququları ilə əlaqəli digər hüququları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizləri, və cərimə sanksiyalarını İddiaçı ASC-yə güzəşt etmişdir. Bu barədə Cavabdeh məlumat verilmiş və bütün aidiyyəti sənədlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı tərəfindən İddiaçı ASC-yə təhvil verilmişdir. Lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş ünvanlanaraq, yaranmış borc məbləği barədə ona məlumat verilməklə, bu borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks halda yaranmış borc məbləğinin tutulması ilə bağlı aidiyyəti tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bundan sonra da cavabdeh yaranmış borcu ödəməmişdir. İddiaçı da 30 manat məbləğində dövlət rüsumu ödəməklə cavabdehə qarşı iddia qaldırmış və hazırda cavabdehin həmin müqavilə üzrə 10.03.2021ci il tarixinə 2.431,84 manat məbləğində əsas, 106,77 manat məbləğində faiz, 276,15 manat məbləğində cərimə, cəmi 2.814,76 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur; 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh 01 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikəri vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu tələb etmə hüququ xeyrinə güzəşt edilmiş iddiaçıya ödəməlidir. Məhkəmə, iddia üzrə tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, habelə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməli, 2.431,84 manat məbləğində əsas və 106,77 manat məbləğində faiz borcu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə gecikməyə yol verildiyi təqdirdə cərimə borcunun hesablanması haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 276,15 manat məbləğində cərimə borcunun tutulmasını tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğdə cərimə borcu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, 01.07.2020-ci il tarixli istehlak kredit müqaviləsi üzrə Cavabdeh 2.431,84 manat məbləğində əsas, 106,77 manat məbləğində faiz, 100 manat məbləğində cərimə, cəmi 2.638,61 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01.07.2020-ci il tarixli istehlak kredit müqaviləsi üzrə Cavabdeh 2.431,84 (iki min dörd yüz otuz bir manat, səksən dörd qəpik) manat məbləğində əsas, 106,77 (bir yüz altı manat, yetmiş yeddi qəpik) manat məbləğində faiz, 100 (bir yüz) manat məbləğində cərimə, cəmi 2.638,61 (iki min altı yüz otuz səkkiz manat, altmış bir qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar