Məhkəmə qərarları › İş №2(001)-3239/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3239/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3239/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında X3 Xidmətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında X3 Xidməti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(002)-2/2020 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, 247-ci və 308.2-ci maddələri ilə tövsif edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Belə ki, Cavabdeh tanışı X1 Qaradağ rayonunun ərazisində olan “Güzdək” əhəngdaşı yatağında yerləşən 1 ha torpaq sahəsini 15 iyun 2014-cü il tarixli istifadə müqaviləsi əsasında müddətsiz istifadəyə götürüb, həmin tarixdən 01 avqust 2018-ci il tarixədək olan müddətədək lisenziya olmadan qanunsuz dağ mədən qazma işləri aparmaqla dövlətə və təbiətə xeyli miqdarda olmaqla, 13305,6 manat məbləğində ziyan vurmuş, eləcə də istismar üçün icarəyə götürdüyü sahədə yerin təkindən faktiki istifadə edərək təbiəti mühafizə üzrə cavabdeh şəxs kimi X5 sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu, 21-ci və 46-cı maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi, yerin təkindən istifadə zamanı torpaq sahəsinin rekultivasiyasının təmin edilməsi, eləcə də, “Ətraf müitin mühafizəsi haqqında” 08 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Azərbaycan Respublikasının Qanununun 41 -ci maddəsinə əsasən, müəssisənin, qurğular və başqa obyektlərin istismarı, X5 üzrə layihədə göstərilmiş, bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsini həyata keçirməli, həmin Qanunun 6-cı maddəsinə əsasən ətraf mühitin qorunmasına borclu olduğu halda, qanunvericiliyin həmin tələblərini yerinə yetirməmiş, həmin əməli nəticəsində atmosferin çirklənməsinə, mineral xammal bazasının məhvinə və ətraf mühit üçün təhlükə yaranmasına, yəni bərpası mümkün olmayan ağır nəticələrə səbəb olmuş, eləcə də həmin əməli ilə insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarına və dövlətin ekoloji tarazlığın saxlanılınası istiqamətində siyasətinə, yeni dövlətin ve cəmiyyətin mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Cinayət işi materiallarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 379/Ü nömrəli Əmri ilə yaradılmış komissiya tərəfindən aparılmış monitorinqin nəticəsi barədə tərtib olunmuş xx.xx.2018-ci il tarixli rəydən görünür ki, Cavabdeh tərəfindən əhəngdaşı yatağının istismar olunması zamanı karxana fəaliyyəti göstərməyə icazə verən sənədlər - dağ-mədən ayırma aktı, ekoloji İ ekspertiza rəyi, ekoloji pasport və dağ mədən işlərinin inkişafı planı olmadan fəlaiyyət göstərmiş və nəticədə bərpası mümkün olmayan texnogen relyef yaranmış, faydalı qazıntıları çıxarmaq üçün səmərəli effektliyə malik üsulları və işlənmə sistemləri tətbiq etmədən faydalı qazıntının normadan artıq itkisinə, kasadlanmasına və keyfiyyətinin aşağı düşməsinə yol vermiş, yerin təkindən istifadə zamanı texnoloji tullantıları toplamaq üçün tullantı anbarları təşkil etməmiş, texnoloji tullantıların həcmi normadan artıq olmuş, torpaq sahəsinin dağ-texniki rekultivasiyasını aparmamış, atmosferdə azot oksidlərinin 1 m3 havada qəbul edilmiş hədd norması 6 mq təşkil etdiyi halda, karxanada monitorinq zamanı bu normanın 120 mq olması müəyyən edilmiş, atmosferin həddən artıq çirklənməsi və təbiətə geridönməz ağır ziyan vurulmaqla X5 qaydaları pozulmuşdur. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin dəfələrlə keçirilən kompleks məhkəmə - yer quruluşu, mühəndis tikinti-texniki, bioloji torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizasının rəylərinə əsasən Cavabdeh fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləği 13305,6 manat təşkil etmişdir. Cinayət işi üzrə materiallarda olan xx.xx.2019-cu il tarixli, TT**********4733000 İ nömrəli mədaxil qəbzinə əsasən Cavabdeh tərəfindən keçmiş X5 Departamentinə 3000 manat və xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən isə əlavə olaraq 500 manat ödəniş edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan nəticəsində ödənilməmiş 9805,60 manat pulun tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, verilmiş iddia ərizəsində cavabdeh tərəfindən ödənilən bütün ödənişlər nəzərə alınmamış, iddiaçı yalnız birinci instansiya məhkəməsində ödənilən zərəri nəzərə almış, qalan məbləğlə bağlı tələb irəli sürmüşdür. Yəni, hökmlə müəyyən edilmiş ümumi 13.305,60 manat məbləğində ziyandan, xx.xx.2019-cu ildə 3000 manat, xx.xx.2020-ci il tarixdə isə 500 manat məbləğində edilən ödənişlər çıxılmaqla qalan 9.805,60 manat cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən əlavə ödənişlər olunsa da, həmin ödənişlər iddiaçı tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Belə ki, cavabdeh tərəfindən edilən ödənişlərin tam məbləğini təsdiq edən qəbzlər saxlanılmasa da, faktiki cavabdehin əlindəki qəbzlərlə, iddiaçıya vurulmuş ziyanın hesabına əlavə 1900 manat ödənildiyi təsdiq edilir. Konkret olaraq xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 200 manat xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə, 200 manat, 22.002.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021- ci il tarixdə 150 manat, xx.xx.2021ci ild tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 100 manat məbləğində pul vurulmuş ziyanın hesabına iddiaçıya ödənilmişdir. Bundan əlavə ödənişlər olunsa da, ödənişi təsdiq edən qəzlər saxlanılmamışdır. Ona görə də cavabdeh verilmiş iddianı, yəni borcun 9805,60 manat olmasını qəbul etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, cavabdeh tərəfindən ona ödənişlərin edilməsi barədə məlumat verildikdən sonra onun tərəfindən idarədə bu məsələ araşdırılmış və müəyyən edilmişdir ki, cavabdehin 2021-ci il üzrə cəmi 1750 manat ödənişi mövcuddur. Ödənişlər edildiyi təqdirdə iddianın qismən – ödənilməmiş hissədə təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin qismən – edilmiş ödənişlər nəzərə alınmaqla təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o, məhkəməyə bildirdi ki, məhkəməyə həmçinin 2020-ci ildə edilmiş 150 manat məbləğində ödənişə dair qəbz də təqdim edilib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1(001)-2/2020 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “ ... İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar komisyon mühəndis-texniki, bioloji-torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizasının 17 iyun 2020-ci il tarixli, 10/798 10/851 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş 01 avqust 2018-ci i tarixli 48726 nömrəli aktda qeyd olunmuş sahə fiziki şəxs Cavabdeh fəaliyyət göstərdiyi əhəngdaşı daş karxanasında yerləşdiyi halda, həmin əhəngdaşı karxanasında xam materialın (tərkibində əhəngdaşı olan dağ kütləsinin (dağ süxurunun)) götürülməsi zamanı “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10, 21, 41, 46-cı maddələrinin və “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.5ci bəndinin tələbləri pozulmuşdur. Əhəngdaşı karxanasında ümumi hasil (emal) olunmuş xam malının (tərkibində əhəndaşı olan daş kütləsininn (dağ süxurunun)) miqdarından (8320.0 m3 -dan) X2 fəaliyyət göstərdiyi müddətdə hasil olunmuş xam malının (tərkibində əhəndaşı olan daş kütləsinin (dağ süxurunun)) miqdarının (4000 m3 ) çıxdığını və və fiziki şəxs Cavabdeh istifadəsində olan müddətdə əhəngdaşı karxanasında hasil olunmuş xam malından (4320 m3 -dan) alınan məhsulun əhəngdaşına aid mişardaşının cəmi 40% (1728 m3) təşkil etdiyini nəzərə aldıqda, fiziki şəxs Cavabdeh fəaliyyəti nəticəsində xammalından (tərkibində əhəngdaşı olan daş kütləsindən (dağ süxurundan)) hasil olunmuş məhsulun (əhəngdaşın) miqdarı 1728 m3 təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli Qərarına əsasən, “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativləri” əsas götürülərək hasil olnmuş 1 m3 əhəngdaşının dəyəri 7,7 (38 500.0/5000.0 AZN) manat təyin olunmuşdur. Belə olan halda, Cavabdeh istifadəsində olan əhəngdaşı karxanasının fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləği 13305,6 manat (on üç min üz yüz beş manat altmış qəpik) (1728 m3 x 7,7 manat = 13305,6 manat) təşkil edir. Baxış zamanı əldə olunan koordinatların müvafiq ərazi üzrə elektron koordinat bazasında olan məlumatlarla və zərərçəkmiş şəxs tərəfindən təqdim olunan sənədlərdə əks olunan koordinatlarla yoxlanılması, o cümlədən ölçülmüş sahələrin hansının Cavabdeh tərəfindən istismar olunan əraziyə aid olub-olmamasını müəyyənləşdirmək Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından mümkün olmamışdır. Ekspertiza xərcinin dəyəri 102 (yüz iki) manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № TT**********4733000 saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh X5 Departamentinə 3000 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən əlavə olaraq zərərçəkmiş şəxsin hesabına 500 manat ödəniş edilmişdir. ... Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsində nəzərdə tutulan cinayət maddi tərkibli cinayətdir və xeyli miqdarda ziyanın vurulması və ya xeyli miqdarda gəlirin əldə edilməsi əməldə cinayət tərkibinin yaranması üçün zəruri şərtdir. Dəfələrlə keçirilmiş ekspertiza rəyləri ilə (23 aprel 2019-cu il tarixli, 29 iyul 2019-cu il tarixli, 17 iyun 2020-ci il tarixli) təqsirləndirilən şəxs Cavabdeh fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləği 13305,6 manat müəyyən edilmişdir və həmin məbləğ qeyd olunan maddə üzrə cinayət məsuliyyətinə səbəb olmur. Bundan əlavə, məhkəmə baxışı zamanı dindirilmiş ekspertlərin ifadələri, şahid E.Zərbəliyevin ifadəsi, habelə digər tədqiq edilən sübutlar qeyd olunan ekspert rəylərinin əsaslı olduğunu təsdiq etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, E.Zərbəliyev tərəfindən müvafiq dövlət orqanına təqdim edilmiş xx.xx.2015ci il tarixli 5GK formalı hesabatda əks olunan ərazinin Cavabdeh tərəfindən istismar olunan əraziyə aid olub-olmadığının müəyyənləşdirilməsi məqsədilə təyin edilmiş sonuncu ekspertizanın 17 iyun 2020-ci il tarixli rəyinə əsasən, baxış zamanı əldə olunan koordinatların müvafiq ərazi üzrə elektron koordinat bazasında olan məlumatlarla və zərərçəkmiş şəxs tərəfindən təqdim olunan sənədlərdə əks olunan koordinatlarla yoxlanılması, o cümlədən ölçülmüş sahələrin hansının Cavabdeh tərəfindən istismar olunan əraziyə aid olubolmamasını müəyyənləşdirmək Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından mümkün olmamışdır. ... Beləliklə, dəfələrlə keçirilmiş ekspertiza rəyləri ilə (23 aprel 2019-cu il tarixli, 29 iyul 2019-cu il tarixli, 17 iyun 2020-ci il tarixli) təqsirləndirilən şəxsin fəaliyyəti nəticəsində təbiətə dəymiş ziyanın məbləği 13305,6 manat müəyyən edildiyindən və həmin məbləğ qeyd olunan maddə üzrə cinayət məsuliyyətinə səbəb olmadığından, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)”. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasınin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında X3 Xidmətinə xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 150 manat və xx.xx.2021-ci il tarixdə 100 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 238-ci maddəsinə görə, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Yerin təki haqqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü və 5-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azerbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir ve bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Həmin Qanunun 48-ci maddəsinə əsasən, vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 7905,60 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında X3 Xidmətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 7905,60 (yeddi min doqquz yüz beş manat altmış qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında X3 Xidmətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 99,05 (doxsan doqquz manat beş qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar