Məhkəmə qərarları › İş №2(001)-3243/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3243/2024

07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3243/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon məhkəməsinin İş № 2(001)-6493/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsini, 12 fevral 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Binəqədi rayon məhkəməsinin İş № 2(001)-6493/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə “X4 ilə Cavabdeh arasında 17 iyul 2014-cü il tarixində Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 200 nömrə ilə qeydə alınmış nikah pozulsun, tərəflərin birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü X2 anası X1 yanında qalması müəyyən edilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 ( yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilsin” göstərilmişdir. Uşağın böyüməsi, təhsili ilə əlaqədar, zəruri və digər xərcləri üçün hazırda məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün qət edilən aliment məbləği bugünki, günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər maddi təminatının artmasına səbəb olmuşdur. Bu səbəbdən uşağın təminatının təminində bəzi problemlərlə üzləşir. Uşağın maddi təminatını təmini onunla yanaşı cavabdehin də vəzifə borcudur. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Mediasiya xərci 60 manat da iddiaçıdan tutulmuşdur. 2024-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Bakı şəhər Binəqədi rayon məhkəməsinin İş № 2(001)-6493/2022, xx.xx.2022-ci il tarixli qətnamə ilə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 ( yüz doxsan üç) manat sabit pul məbləğində aliment məhkəmə tərəfindən dəyişdirilməli, birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay 235 manat (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o halhazırda sağlamlığı ilə əlaqədar olaraq işləyə bilmir. Atası veteran, anası isə pensiyaçı qadındır. İddiaçı alimenti ödəyir. Hazırda alimentlə bağlı azca borcu olsa da, onu da bu ay ödəyəcəkdir. Cavabdeh 2-ci dəfə ailə həyatı qurmamış, maddi vəziyyəti yaxşı olmaqla, əlavə xərcləri yoxdur. Anası da, özü də işləyirlər. Həmçinin atasının uşağı ilə görüşünə qarşı deyil. Hər həftənin bir günü uşaq atası ilə birgə qalır. Oğlu 3-cü sinifdə oxuyur, 9 yaşı var. Hal-hazırda xərclərin çoxluğu səbəbilə alimentin artırılmasını xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, motosikletdən yıxılmış və diz qapağında problem var, yeriməkdə əziyyət çəkir. Bundan başqa əsgərlik vaxtı isə qoluna şüşə düşmüşdür, hətta bu barədə hospitaldan arayışı var. X8 by Ares Pub-da barmen işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Əvvəllər isə avtoyuyucuda işləmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6493/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, Cavabdeh ilə Turablı (Əhmədli) Şəfəq Vidadi qızı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 iddiaçının yanında qalması, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X1 xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

8. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00077 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində keçirilən mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir.

9. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh X8 by Ares Pub –da aylıq 345 manat olmaqla, müddətsiz əmək müqaviləsi ilə barmen vəzifəsində çalışır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. Hazırda cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6493/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə 193 manat sabit pul məbləğində aliment ödəyir.

11. İddiaçı qətnamə ilə müəyyən edilən alimentin artırılmasını tələb edir və tələbini isə uşağın tələbatlarının artması və özünün təkbaşına uşağın saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

13. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

14. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

15. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

16. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

17. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

19. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

20. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

21. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2022-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.

22. Məhkəmə tələbi əsaslı, cavabdehin etirazının dəlillərini əsassız hesab edərkən həmçinin nəzərə alır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin qazanca malik olmaması belə onu uşağı saxlamaq vəzifəsindən azad etmir və qanunla müəyyən edilmiş məbləğ isə yalnız uşağın minimal xərclərini qarşılayır. Hansı ki, yaşayış minimumuminimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbətinə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida məhsulları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu daxildir. Halbuki hamıya bəllidir ki, müəyyən edilən alimentin məbləği hər zaman uşaqların bütün tələbatlarını qarşılamır və bu məqamda məhkəmə onu da nəzərə alır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkmək və digər xərclərini qarşılamaq uşağın himayəsində olduğu valideynin üzərinə düşdüyündən, uşaqdan ayrı yaşayan valideynin də həmin yaşayış minimumu həddində aliment ödəmək vəzifəsi yaranır.

23. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, alimentin məbləği hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı və qətnamənin icrası qaydası bu formada müəyyən edilməlidir.

24. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

25. Həmçinin “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

26. Odur ki, Cavabdeh 22 yanvar 2024-cü il tarixində saat 16:30-17:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

30. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

31. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6493/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilə müəyyən edilən alimentin məbləği artırılmalı, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

32. 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6493/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin.. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar