Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3249/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixli kredit (borc) müqaviləsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri 18 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən «3M-638» reyestr nömrəsi ilə təsdiq edilmişdir. Kredit müqaviləsinə görə Cavabdeh xx.xx.2022-ci tarixinədək - kredit müqaviləsi bağlandığı andan iki ay müddətinə 15.000 manatı ödəməyi, qalan 17.000 manat məbləği isə hissə-hissə kredit müqaviləsi bitənədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin borc məbləğinin 15.000.00 manatının müqavilə bağlandığı andan iki ay müddətinə, yerdə qalan 17.000 manatını isə kredit müqaviləsi bitənədək, yəni xx.xx.2022-ci il tarixinədək tam şəkildə qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi həmin borcdan heç bir manatda qaytarmamışdır. Hal-hazırda da qaytarmaq niyyəti də yoxdur. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh Bakı şəhəri 18 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən «3M-638» reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit (borc) müqaviləsində göstərilmiş 32.000 manat məbləğində borcun və ödənilmiş 186 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Lakin məhkəməyə poçt xidməti vasitəsilə ərizə ilə müraciət edərək, ona qarşı irəli sürülmüş iddia tələbini tam şəkildə qəbul etməklə yanaşı, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iş üzrə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında həmin tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Borc verən Borc alana 32000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc vermişdir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən “Borc alan” krediti 14 noyabr 2022-ci il tarixinədək, yəni – kredit müqaviləsi bağlandığı andan 2 ay müddətində 15000 manatı ödəməyi, qalan 17000 manat məbləği hissə-hissə kredit müqaviləsi bitənədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh həmin ərizədə İddiaçı tərəfindən ona qarşı irəli sürülmüş pul tələbinə dair iddiasını tam şəkildə qəbul etdiyini, məhkəmə iclasının onsuz keçirilməsinə və iş üzrə qətnamə qəbul edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Beləliklə, mülki işin materialları, iddiaçının məhkəmə iclasında verdiyi izahat, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizə və tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə təsdiq edilir ki, Cavabdeh 14 iyun 2022-ci il tarixdə İddiaçı 32000 manat məbləğində borc pul alaraq, 14 noyabr 2022-ci il tarixinədək, yəni – kredit müqaviləsi bağlandığı andan 2 ay müddətində 15000 manatı, qalan 17000 manat məbləği hissə-hissə kredit müqaviləsi bitənədək qaytaracağını öhdəlik olaraq üzərinə götürsə də, hazırki günədək həmin məbləği geri qaytarmamışdır. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməməsi sübut edildiyi üçün iddia tələbi təmin edilməli, Cavabdeh 32000 manat məbləğində borc pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 32.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 186 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3249/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3249/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver