Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-325/2023 15.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 15 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 evin 41 saylı mənzilində yaşayır. Mənzil onun sahibliyində və istifadəsindədir. Mənzildə yaşadığı dövrdə üst mərtəbədə, 44 saylı mənzildə yaşayan qonşusu – Cavabdeh tərəfindən dəfələrlə mənzilinə suyun axması nəticəsində iddiaçının yaşadığı mənzil yararsız hala düşmüşdür. Bu hal təxminən 1 il 6 aydır ki davam edir, üst mərtəbədən iddiaçının mənzilinin sanitar qovşağına, hamamına və dəhlizinə su axıdılır. İddiaçı mənzilini öz hesabına təmir etdirsə də, cavabdeh tərəfindən su axıdılması davam etdiyindən, mənzil yenidən yararsız hala düşmüşdür. Mənzil-Kommunal İstismar Sahəsinin nəzarətçiləri tərəfindən tərtib edilmiş 22 avqust 2022-ci il tarixli aktda iddiaçının mənzilinə üst qonşu tərəfindən suyun axıdılması öz əksini tapmışdır. Həmçinin, suyun axması videoçəkilişlə qeydiyyata da alınmışdır. İddiaçının mənzili yararsız hala salındığındna, mənzilin təmiri üçün 1000 manat pul tələb olunur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, MKİS-in əməkdaşları tərəfindən akt tərtib edilərkən yalnız iddiaçının mənzilinə texniki baxış keçirilmiş, onun mənzilinə baxış keçirilmədən suyun güyə onun mənzilindən axması müəyyən edilmişdir. Halbuki, onun mənzilinə baxış keçirilmədən, suyun məhz onun evinin hamamında kanalizasiya borusundan axmasını müəyyən etmək mümkün deyildi. Ona məxsus mənzilin iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yerləşməsinə əsaslanaraq MKİS nümayəndələri tərəfindən belə nəticəyə gəlinmişdir. İddiaçı tərəfindən mənzilində aparılmış təmir işləri zamanı hamamdakı kanalizasiya boruları ustalar tərəfindən tam bərkidilmədiyinə görə boruarası birləşmədən su axımı olmuşdur ki, sonradan həmin nasazlıq da təmir işlərini görmüş ustalar tərəfindən aradan qaldırılmışdır. Hazırda iddiaçının mənzilinin hamma hissəsinə su axmır. Onun tərəfindən isə mənzilin kanalizasiya borularında təmir işləri aparılmamış, hamamdakı kanalizasiya boruları betonun altında olduğuna görə onları çıxarıb təmir etmək də asan iş deyil. Belə olan halda, əgər həqiqətən də iddiaçının mənzilinin hamam hissəsinə axan su onun mənzilinin kanalizasiya borusundan axırdısa, indi niyə axmır? Çünki iddiaçının mənzilinin hamam hissəsinə axan su ilə onun mənzilinin kanalizasiya borusu arasında heç bir səbəbli əlaqə olmamış və hazırda da yoxdur. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaya etirazda göstərilənləri təsdiq edib, iddianı qəbul etmədiyini bidirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, binalarda elə yerlər var ki, ora MKİS-nin müvafi icazəsi olmadan müdaxilə edilməsi qanunsuzdur. Kanalizasiya da həmin yerlərdən biridir. İddiaçı müvafiq icazə almadan binanın çuqun materialdan olan kanalizasiya borusunun öz mənzilindən keçən hissəsini kəsdirmiş, plastmasla əvəzləmişdir. Hesab edir ki, suyun axması da məhz kanalizasiya borusunun iddiaçının mənzilində çuqun boru ilə plastmas borunun birləşməsindən baş verir. Çünki su məhz kanalizasiya borusu hissədə axır. Tədqiq edilən sübutlar: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 evin 41 saylı mənzili İddiaçı mülkiyyətindədir. - 102 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş 22 avqust 2022-ci il tarixli aktda göstərilmişdir ki, A.Gəraybəyli küçəsi 31a saylı binanın 41-ci mənzilinin sahibi İddiaçı şikayət ərizəsi ilə əlaqədar olaraq həmin mənzilə texniki baxış keçirilmiş, baxış nəticəsində məlum olmuşdur ki, Cavabdeh məxsus 44 saylı mənzilin hamam hissəsində kanalizasiya borusunun nasazlığı nəticəsində 41 saylı mənzilin hamam hissəsinə uzun müddət çirkab suyu axıdılmışdır. Bunun nəticəsində 41 saylı mənzilə maddi ziyan dəymişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayarq, hal-hazırda axıntı davam edir. Məhkəmənin 12 sentyabr 2022-ci il tarixli, 2(001)-5649/2022 saylı qəraradına əsasən, İddiaçı məxsus mənzilə suyun axmasının həmin ünvanda yerləşən 44 saylı mənzillə səbəbli əlaqəsinin olub-olmamasının, dəymiş ziyanın nədən ibarət olması və zərərin aradan qaldırılması üçün nə qədər vəsait tələb olunduğunun müəyyənləşdirilməsi ilə bağlı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, tədqiq olunan ünvan 1 ünvanda yerləşən 41 saylı mənzilə həmin binanın 44 saylı mənzilindən su axıdıldığı müəyyən edilir. 41 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 198 manat məbləğində olduğu müəyyən edildi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. - 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır,amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Ziyanın həcminin müəyyənləşdirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilən halları ilə ünvan 1 ünvanda yerləşən 41 saylı mənzilə həmin binanın 44 saylı mənzilindən su axıdıldığı müəyyən edilir. İddiaçı mənzilinin təmirinə 1000 manat pul tələb olunduğunu bildirərək, dəymiş zərərin əvəzini bu cür qiymətləndirsə də, ekspert rəyi ilə mənzilin təmirinə 198 manat tələb olunduğu göstərilmiş, bu məbləğin 1000 manat olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 198 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməldiri. Həmçinin, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 6 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Habelə, iş üzrə epskertiza xərci 50 manat təşkil edir. Ekspert rəyi ilə cavabdehin təqsiri sübuta yetirildirindən, ekspertiza xərci cavabdehdən aidiyyəti üzrə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddiası qismən təmin edilsin. Zərərin əvəzi qismində 198 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 6 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutulararaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-325/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-325/2023
15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver