Məhkəmə qərarları › İş №2(001)-3250/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3250/2021

30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3250/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X23 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində tikdiyi evə çəkdiyi tikinti xərclərinin – tikinti materiallarına 7.305 manat, usta və fəhlə pulu üçün 7.500 manat olmaqla, ümumilikdə 14.805 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, ev 4 ünvanında yaşayan Cavabdeh aid olan fərdi yaşayış evində 2014-cü il tarixində o, ev sahibinin razılığı ilə 56 kv.metr olmaqla ev tikdirmişdir. Evə sərf edilən bütün xərci özü çəkmişdir. Ev üçün istifadə olunan tikinti materiallarına xərclədiyi ödənişlər qeyd etdiyi kimidir, belə ki, 1.500 ədəd daş – 600 manat, 3 ədəd plastik qapı 540 manat, 1 ədəd seyf qapı 540 manat, 3 ədəd plastik pəncərə 300 manat, 50 kv.m kafel metlax – 800 manat, 20 kv.m dik – 160 manat, 20 kv.m parket – 300 manat, 25 kv.m alçipan, 9 kv.m lanbir - 140 manat, 1 ədəd dəmir barmaqlıq – 30 manat, 1 maşın qum – 220 manat, 50 kisə sement – 325 manat, 1 ədəd tülpan (əl-üz yuyan) – 70 manat, 1 ədəd unitaz – 100 manat, 1 ədəd duş 40 manat, 140 metr cərəyan – 100 manat, 2 ədəd kombi radiatoru – 100 manat, 10 metr qaz xətti çəkilişi – 60 manat, 1 ədəd sayğac – 50 manat, 60 ədəd şifer – 600 manat, 10 metr su xətti sistemi (turbalar) – 100 manat, 5x15 2 kub taxta – 700 manat, 5x5 80 metr taxta – 120 manat, mətbəx mebeli 300 - manat, 50 kv.m taxta döşəmə üçün – 150 manat, 29 kisə şpakilovka – 120 manat, su motoru və generator – 100 manat, qapı ağzı 5 kv.m – 30 manat. Evin tikilişində daş ustası, kafel ustası, pol-parket ustası, cərəyan çəkilişi ustası, mala, su və kanalizator xəttinin çəkilişinə usta və fəhlə pulu ilə birlikdə 7.500 manat xərc çəkmişdir. Tikinti materiallarına isə 7.305 manat pul xərcləmişdir. Bunları hətta orada yaşayan qonşular da təsdiqləyə bilərlər. Ailədaxili münaqişələrə görə həyat yoldaşından 2020-ci il tarixində ayrılmışdır. O, bu evdə 2018-ci ilin yayına qədər yaşamışdır. Lakin, sonra keçmiş qaynatası Cavabdeh onu evdən qovmuşdur. Səbəb isə onun keçmiş yoldaşı ilə arasında olan mübahisə olmuşdur. Bundan sonra o, evdən qovulmağı barədə atasına demişdir. Atası 4 hektar pay torpağı satıb və biraz da kredit götürüb öz adına ev almışdır. O, çöldə qalmasın deyə müvəqqəti ailəsi ilə birlikdə yaşamışdır. Hal-hazırda rəsmi olaraq boşanmışlar. O, evsiz qalmışdır. Torpaq sahəsində əziyyətlə tikdiyi evdən qovulmuşdur. Onun haqqını tələb etmək hüququ vardır. Belə ki, iddia ərizəsində də qeyd etdiyi kimi evin tikintisində istifadə olunan materiallar, usta və fəhlələrin pulunu öz hesabına ödəmişdir. Lakin buna baxmayaraq evsiz qalmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, 2014-cü ildə mübahisəli evi tikmişdir. Evin qaz və işıq sayğacları var idi, müvəqqəti sayğac kimi istifadə olunurdu. Həmin həyətdə 2 ev olmuşdur. Həmin evi qaynatasına məxsus həyətdə tikmişdir. O, 2014-cü il tarixdən 4 ilə yaxın həmin evdə yaşamışdır. 2019-cu il tarixdə atasına məxsus evə köçmüşdür. Hal-hazırda həmin mübahisəli ev cavabdeh tərəfindən kirayəyə verilmişdir. Mübahisəli evin onun tərəfindən tikilməsini sübut edəcək video görüntüləri və şahidləri var. Ev tikilməmişdən qabaq həmin sahədə sanitar qovşaqlarının yerləşdiyi tikili var idi və o, həmin tikili sahələrini artırmaqla evi tikmişdir. Qaz və işıq sayğacları ümumi olduğu üçün həmin ödənişlərə dair sübutu yoxdur. Şahid qismində dindirilmiş elektrik ustası olan Nemət mübahisəli evdə elektrik işlərini görmüşdür. Digər şahidlər isə məhkəməyə gəlməkdən imtina etmişlər. Belə ki, cavabdehin oğlu onlara təzyiq edir. Cavabdehin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş 24 oktyabr 2013-cü il tarixli video görüntülər cavabdehin oğlunun toyu günü çəkilmişdir o, həmin toyda yalnız restoranda iştirak etmiş, lakin tarixi dəqiq xatırlamır. Həmin videoda göstərilən tarix isə sonradan videoya montaj edilə bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdikləri tamamilə yalan və əsassızdır. İddiaçı cavabdehin qızı X10 ilə 28 aprel 2012-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları olmuşdur. 2013-cü il təvəllüdlü X11 və 2015-ci il təvəllüdlü X12. ünvan 1 ünvanın həyətində cavabdeh 2005-ci və 2008-ci illərdə bir mərtəbəli 2 ev tikdirmiş, 2005-ci ildə tikdirdiyi evi tam təmir etdirərək ailəsi ilə birlikdə həmin evdə yaşayır, digər tikdirdiyi evin isə təmirini hissə-hissə olmaqla başa çatdırmış, həmin ev cavabdehin oğlunun ailə qurduqdan sonra yaşaması üçün nəzərdə tutulmuşdur. Eləcə də həyətə giriş qapısının sol tərəfində yay aylarında istifadə olunması üçün iç-içə olmaqla hamam, soyunub-geyinmə otağı və sanitar qovsaq kimi nəzərdə tutulan tikili tikərək tikilinin üstünü bağlamışdır, həmin tikili bir müddət istifadəsiz qalmış, yardımçı otaq olaraq anbar kimi istifadə edilmişdir. Cavabdeh 2012-2013-cü illərdə həmin tikiliyə bitişik olmaqla 2 metr enində divar hördürərək tikilinin damını sökərək yeni dam vurdurmuş və yeni damı tikilmiş divarla birləşdirmiş, tikilinin içərisindəki arakəsmələri sökdürərək həmin tikilini ev formasına salmaqla müəyyən təmir işləri apararaq kiçik bir ailənin yaşaması üçün şərait yaratmış, həmin tikilidə əlavə işlər aparmaqla kiçik ev formasına salınmasına, təmirinə təxmini olaraq 2.500 manat pul xərcləmişdir. Tikili ilə bağlı qeyd etdikləri 2013-cü ildə cavabdehin oğlunun toyu olarkən həyətdə çəkilmiş şəkillərdə və video görüntülərdə öz əksini tapır. Cavabdehin qızı Elnarə iddiaçı ilə ailə həyatı qurduqdan sonra onlar bir müddət Xaçmaz rayonu Niyazabad kəndində iddiaçının valideyinlərinin evində yaşamışlar, sonradan cavabdehin qızının işi ilə bağlı Bakı şəhərinə köçmüşlər. Bir müddət cavabdehin evinin bir otağında yaşasalar da, sonradan kirayə çıxmışlar, 2015-ci ilə kimi kirayədə yaşamışlar. Kirayə haqqını ödəyə bilmədiklərinə görə 2015-ci ildə yenidən cavabdehin evinə dönmüşlər və həyətə giriş qapısının sol tərəfində cavabdehin tikdirdiyi tikilidə yaşamışlar. ünvan 2 ünvanında kommunal xidmətlər bir sayğacla hesablandığından onlar kommunal xidmətlərə görə həmin tikilidə yaşadıqları müddətdə pul ödəməmişlər və 4 il müddətinə təmənnasız olaraq cavabdehin evində yaşamışlar. 2018-ci ildə öz ailə vəsaitləri və İddiaçı atasının köməklik göstərdiyi vəsait hesabına Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 9-da sənədsiz ev almışlar, həmin evi təmir edərkən cavabdehin qızı Elnarə ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını sataraq evin təmirinə qoymuş, evin təmirinə cavabdeh tərəfindən də 3.000 manat əvəzsiz olaraq pul verilmişdir. Ev təmir olunub başa çatdıqdan sonra qızı Elnarəyə cehiz verdikləri əmlakların çox hissəsinin Xaçmazda olan evdən Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 9-da aldıqları evə gətirilməsinə imkan verilmədiyindən qızı Elnarənin adına cehiz kimi kreditə xeyli miqdarda ev əşyaları götürülmüş, həmin əşyalarında dəyəri cavabdeh tərəfindən ödənilmişdir. Qızı ailəsi ilə 2018-ci ildə Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 9-da aldıqları evə köçərək birlikdə yaşasalar da, İddiaçı dəfələrlə cavabdehin qızını vəhşicəsinə döymüş, sonda cavabdeh qızını övladları ilə bərabər evdən çıxarmışdır. İddiaçı ilə qızı Elnarənin arasında bağlanılmış 28 aprel 2012-ci il tarixli rəsmi nikah 28 oktyabr 2020-ci il tarixdə məhkəmədə pozulmuş və azyaşlı övladları qızı Elnarənin himayəsində saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qızın az yaşlı övladları ilə birlikdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 9-da aldıqları evə köçürülməsi təmin edildiyindən iddiaçı cavabdehə qarşı əsassız iddia qaldıraraq özünün düşündüyü formada təsir göstərmək istəyir. Binəqədi qəsəbə Bələdiyyəsinin sifarişi əsasında cavabdehin sahibliyində olan ünvan 3 ünvanın həyətində cavabdeh 2005-ci və 2008-ci illərdə tikdirdiyi evlərin 14 may 2008-ci ildə qiymətləndirilməsi aparılmış, evlərin və həyətdə olan tikililərin layihələri çəkilmişdir, qiymətləndirmə rəyi Binəqədi qəsəbə Bələdiyyəsinin həmin vaxt sədri olmuş E.Salmanovun imzası və bələdiyyənin möhürü ilə təsdiqlənmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, Binəqədi həmin evin həyətində 2014-cü ildə cavabdehin razılığı əsasında 56 kv.m sahəsi olan ev tikdirmişdir. 14 may 2008-ci il tarixli qiymətləndirmə rəyində, iddiaçı tərəfindən 2014-cü ildə tikildiyi iddia olunan tikilinin, yəni həyətə giriş qapısının sol tərəfində olan tikilinin mövcud olduğu öz təsdiqini tapır, 2012-2013-cü illərdə həmin tikiliyə bitişik olmaqla 2 metr enində divar hördürərək tikilinin damının tikilmiş divarla birləşdirməklə həmin tikilini ev formasına salmağı 2013-cü ildə oğlunun toyu olarkən həyətdə çəkilmiş şəkillərdə və video görüntülərdə öz əksini tapır. Bundan sonra cavabdehin sahibliyində olan ünvan 2 ünvanında hər hansı ev, tikili tikilməmişdir. İddiaçının göstərdikləri tamamilə yalandır. İddiaçı həmin tikilidə ailəsi ilə birlikdə təmənnasız olaraq yaşadığı 4 il ərzində həmin tikilidə bir neçə dəfə kosmetik təmir işlərini yəni evin divarlarına emulsiya çəkilməsi, divarın qopan suvaqlarının təmir olunması və sair aparmışdır və həmin vaxtlar həmin tikilidə təmənnasız olaraq özü yaşamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 məhkəməyə bildirmişdir ki, o, iddiaçı onun əmisi nəvəsidir. Evin təmir işlərini görmüşdür. Əvvəlcə həmin sahədə tikinti var idi, lakin ev olmamışdır. İddiaçının toyundan təxminən 1 il və ya 1 il yarım sonra həmin sahədə tikinti işləri aparılmışdır. O, təmir işlərindən santexnika ilə bağlı işləri, həmçinin molyar işlərinin müəyyən hissəsini görmüş və təmir işlərinə rəhbərlik etmişdir. Tikinti işləri təxminən 2014 və ya 2015-ci ilin ortalarında olmuşdur. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tikinti getdiyi zaman həmin evə gedib-gəlmişdir. Gördüyü təmir işlərinə görə ödənişləri ona iddiaçı ödəmişdir. Evin tikintisi təxminən 1 il çəkmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 məhkəməyə bildirmişdir ki, o, cavabdehin qonşusudur. 2013-cü ildə həmin sahədə yerləşən tikilinin hörgü işlərini görmüşdür. Tikiliyə əlavə olaraq bir otaq inşa etdilər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, cavabdehi Cavabdeh 25 ildir ki tanıyır. Əvvəllər Cavabdeh oğlunun evini tikmişdir. Cavabdeh həyətində yerləşən digər evləri də o, tikmişdir. Həmin mübahisəli sahədə təmir işləri aparılarkən İddiaçı tərəfindən ona tapşırıq və ya pul verilməmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 məhkəməyə bildirmişdir ki, o, elektrik ustasıdır. O, mübahisəli evdə 2013-cü ildə elektrik işlərini görmüşdür. Onu mübahisəli evə cavabdehin oğlu Ruslan gətirmişdir. Həmin evin elektrik işləri üçün lazım olan avadanlıqları Ruslan alıb gətirmişdir. Onun xidmət haqqını 200 manat təşkil etmiş, həmin pulu da ona Ruslan ödəmişdir. Ona iddiaçı hər hansı məbləğdə vəsait ödəməmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, mübahisəli evdə 3-5 gün işləmişdir. Evin girişində bir pəncərə həyətə baxırdı, solda hamam tualet, sağda isə bir otaq olmuşdur. İddiaçını mübahisəli evdə bir dəfə görmüşdür. İş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 may 2008-ci il tarixli “daşınmaz əmlakın texniki ekspert qiymətləndirmə” rəyinin və “fiziki şəxslər tərəfindən tikilmiş yaşayış evlərinin qiymətləndirilməsi”nə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində 2005 və 2008-ci il ildə tikilmiş 2 fərdi yaşayış evi, habelə həyətdə sanitar qovşaq, hamam və bir otaqdan ibarət yardımçı tikili işa edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(001)- 5932/2020 saylı qətnaməsindən görünür ki, X3 iddiası qismən təmin edilmiş, X10 ilə İddiaçı arasında 28 aprel 2012-ci il tarixdə Xaçmaz rayon İHB-nın Niyazoba İƏV nümayəndəliyində bağlanmış, 05 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqları - 20 mart 2013-cü il təvəllüdlü Sərdarova Zəhra Ramin qızının və 05 fevral 2015-ci il təvəllüdlü X5 anaları X3 himayəsində saxlanılması, 20 mart 2013-cü il təvəllüdlü X11 və 05 fevral 2015-ci il təvəllüdlü X21 oğlunun yetkinlik yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə biri miqdarında, həmçinin hər ay hər uşağa görə 80 manat olmaqla ümumilikdə 160 manat sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi, alimentin tutulmasının başlanğıcının 28 oktyabr 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(001)- 1091/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia tələbi təmin edilmiş, iddiaçı X10 yetkinlik yaşına çatmayan övladları 20 mart 2013-cü il təvəllüdlü X4 və 05 fevral 2015-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respubliksı Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi sektoru tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli 1765 nömrəli arayışından görünür ki, Cavabdeh Füzuli rayonundan məcburi köçkün kimi Binəqədi rayonu, Ramazanov küçəsində qeydiyyatdadır. X1, Hadı Məhərrəmovun, Sara Məlikovanın, Yaqut Quliyevanın, Arzu Allahverdiyevanın, Şövkət Cabbarovanın, Əbir Əhmədovun, Sofiyya İsmayılovanın və Ziya Yunusovun tərtib etdikləri aktdan görünür ki, onlarla qonşuluqda yəni ünvan 5ünvanında yaşayan həmin evin sahibi Həşimov Nadir oğlu həyətində 2005-ci və 2008-ci illərdə bir mərtəbəli 2 ev tikdirmiş və eləcə də həyətə qapısının sol tərəfində yay aylarında istifadə olunması üçün tikili tikərək tikilinin üstünü bağlamışdı, həmin tikilidən bir müddət anbar kimi istifadə edirdi. 2012-2013-cü illərdə Cavabdeh həmin tikiliyə bitişik olmaqla 2 metr enində divar-hördürərək tikilinin krişasını sökərək yeni kirişa vurdurdu və yeni krişanı tikilmiş divarla birləşdirdi və tikilini ev formasına salmaqla müəyyən təmir işləri apardı. Cavabdeh qızı Elnarənin həyat yolası olmuş İddiaçı xeyli müddət ailəsi ilə birlikdə (həyat yoldaşı və uşaqları ) Binəqədi qəsəbəsi Ramazanov küçəsi ev 4-də yaşamışlar. Sərdarov X7 qəsəbəsi Ramazanov küçəsi ev 4- ünvanında hansısa tikinti işləri aparmamış, həmin ünvandakı tikililər həmin evin sahibi Cavabdeh tərəfindən öz vəsaiti hesabına aparılmışdır. Bu akta imza edənlər həmin evin sahibi Cavabdeh ilə uzun müddətdirki qonşu olaraq yaşadıqlarından, bir-birlərinin xeyrində-şərində iştirak etdiklərindən aktda göstərilənləri bilirlər. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərə və video görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 28 aprel 2012-ci il tarixdə təşkil edilmiş iddiaçının toy mərasimi lentə alınarkən cavabdehin həyətində çəkilişlər aparılmış və cavabdehə məxsus həyətdə sanitar qovşaq fotoşəkillərdə və video görüntülərdə öz əksini tapmışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş video görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 24 oktyabr 2013-cü il tarixdə təşkil edilmiş cavabdehin oğlu Ruslan Həşimovun toy mərasimi lentə alınarkən cavabdehin həyətində çəkilişlər aparılmış və iddiaçı tikdiyini iddia etdiyi mübahisəli tikili artıq inşa olunmuş halda video görüntülərdə öz əksini tapmışdır. 1 saylı “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən 03 dekabr 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 909473 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X16 həmin tarixdə nikahlarını bağlamışlar. 12 mart 2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisənin mahiyyətini nəzərə alıb qeyd edir ki, hazırki vəziyyətdə iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, şahid ifadələri, tərəflərin davranışı və sair bu kimi hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə məxsus torpaq sahəsində - ünvan 6 ünvanında 2 fərdi yaşayış evi və yardımçı tikili inşa edilmişdir. Daha sonra yardımçı tikiliyə əlavələr edilməklə ev formasına salınmış və təmir edilmiş, iddiaçı həmin evdə ailəsi ilə birlikdə bir neçə il yaşamışdır. Hazırda iddiaçı həmin evin (tikilinin) 2014-cü il tarixdə onun tərəfindən inşa edildiyini bildirərək, təmirə çəkdiyi xərclərin ümumi dəyəri olan 14.805 manatın cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir, cavabdeh isə iddianı qəbul etməyərək həmin evin 2012-2013-cü illərdə onun tərəfindən inşa edildiyini bildirir. İş materiallarından müəyyən olunduğu kimi, mübahisəli tikili iddiaçının bildirdiyi kimi 2014-cü ildə inşa edilməmiş, həmin tikili artıq 2013-cü ildə mövcud olmuşdur. Belə ki, cavabdehin oğlunun 24 oktyabr 2013-cü il tarixdə təşkil olunmuş toy mərasimi zamanı mübahisəli tikilinin mövcudluğu fotoşəkillərdə və video görüntülərdə öz əksini tapmış, bunları təkzib edən hər hansı mötəbər sübut isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdehin vəsatəti əsasında məhkəmədə ifadə vermiş şahidlər də həmin tikilinin 2013-cü ildə inşa edildiyini təsdiq etmişlər. İddiaçı tərəfindən dəvət olunmuş şahid isə tikilinin 2014-2015-ci illərdə inşa edildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar