Məhkəmə qərarları › İş №2(001)-3251/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3251/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3251/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17611 İphone 12 Pro Max markalı telefon üçün 3915 manat ödənilməmiş hissə, 976,8 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********86062 İphone 12 Pro Max markalı telefon üçün 4165,2 manat ödənilməmiş hissə, 970 manat dəbbə pulu olmaqla, ümumilikdə 10027 manat borc və 120,09 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17611 İphone 12 Pro Max markalı telefon və İMEİ kodu **********86062 İphone 12 Pro Max markalı telefon almış və nəticədə 10027 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4515 manat (18 ay x 217,5 manat + 600 manat ilkin ödəniş) İMEİ kodu **********17611 İphone 12 Pro Max markalı telefon üçün ümumilikdə, 4631 manat olmaqla ondan, 3915 manat ödənilməmiş hissə, 976,8 manat cərimə,14.1.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 4765,2 manat (18 ay x 231,4 manat + 600 manat ilkin ödəniş) İMEİ kodu **********86062 İphone 12 Pro Max markalı telefon üçün ümumilikdə, 4859 manat olmaqla ondan, 4165,2 manat ödənilməmiş hissə, 970 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1200 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmənin nəzərinə çatdırılır ki, tələbin əsaslığını və əmlakın dəyərini sübut edən ərizəyə əlavə olunan Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflərin izahatları və iddiaya münasibətləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2021-ci il tarixli, №22193627 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 4515 manat olan İMEİ kodu **********17611 İphone 12 Pro Max markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 217,50 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 10 fevral 2021-ci il, sonuncu ödəniş tarixi 10 iyul 2022-ci il müəyyən edilmişdir.

6. 07 yanvar 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22193627 saylı saylı müqaviləyə əsasən İMEİ kodu **********17611 İphone 12 Pro Max markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli, №22211417 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 4765,20 manat olan İMEİ kodu **********86062 İphone 12 Pro Max markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 231,40 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 15 fevral 2021-ci il, sonuncu ödəniş tarixi 15 iyul 2022-ci il müəyyən edilmişdir.

8. 14 yanvar 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22211417 saylı saylı müqaviləyə əsasən İMEİ kodu **********86062 İphone 12 Pro Max markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

9. 01 fevral 2021-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3915,15 manat əsas, 976,8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4165,2 manat əsas, 970 manat cərimə borcu olmaqla, ümumilikdə 10027 manat məbləğində borcu vardır.

10. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir;

11. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 120,09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2021-ci il tarixli, №22193627 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı 600 manat ilkin ödənişlə cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 217,5 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

13. Hazırda iddiaçı 07 yanvar 2021-ci il tarixli, №22193627 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 3915 manat, cərimə borcuna görə 976,8 manat pul vəsaitinin tutulmasını tələb edir.

14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli, №22211417 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı 600 ilkin ödənişlə cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 231,4 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

15. Hazırda iddiaçı 14 yanvar 2021-ci il tarixli, №22211417 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 4165,2 manat, cərimə borcuna görə 970 manat pul vəsaitinin tutulmasını tələb edir.

16. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir.

17. İddiaçı tərəfindən 120,09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

20. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

21. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

23. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

24. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

25. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;

26. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

27. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

28. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

29. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur.

30. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

31. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, hər iki müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində müqavilələr üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hər iki müqavilə üzrə ümumilikdə hesablanmış 1946,8 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

32. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.

33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

34. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

35. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hər iki müqavilə üzrə hesablanmış dəbbə pulunun məbləği azaldılaraq, 07 yanvar 2021-ci il tarixli, №22193627 saylı müqavilə üzrə 150 manat, 14 yanvar 2021-ci il tarixli, №22211417 saylı müqavilə üzrə 200 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:

37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

40. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

41. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 07 yanvar 2021-ci il tarixli, №22193627 saylı müqavilə üzrə əsas borca görə 3915 manat, cərimə borcuna görə 150 manat, 14 yanvar 2021-ci il tarixli, №22211417 saylı müqavilə üzrə əsas borca görə 4165,2 manat, cərimə borcuna görə 200 manat olmaqla, ümumilikdə 8430,2 manat məbləğində pul vəsaiti və 120,09 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

42. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 07 yanvar 2021-ci il tarixli, №22193627 saylı müqavilə üzrə əsas borca görə 3915 (üç min doqquz yüz on beş) manat, cərimə borcuna görə 150 (yüz əlli) manat, 14 yanvar 2021-ci il tarixli, №22211417 saylı müqavilə üzrə əsas borca görə 4165,2 (dörd min yüz altmış beş manat, iyirmi qəpik) manat, cərimə borcuna görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 8430,2 (səkkiz min dörd yüz otuz manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti və 120,09 (yüz iyirmi manat, doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar