Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3251/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə birgə nikahlarından 21 iyun 2016-cı il təvəllüdlü X2 adlı övladları dünyaya gəlmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2055/2018 saylı qətnaməsi ilə birgə nikahlarından anadan olmuş 21 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən etibarən Cavabdeh hər ay 150 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq o, uşağın maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh də, bir valideyn olaraq bu məsuliyyəti onunla bərabər bölüşməlidir. Bu səbəbdən alimentin artırılması üçün zərurət yaranmışdır. Tərəfindən alimentin artırılması ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/10/2024-00084 saylı arayış verilmişdir. Hər bir uşağın layiqli həyat tərzi, yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeyinin daha üstün tutulmasını imperativ olaraq göstərir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2055/2018 saylı qətnaməsi ilə tutulan alimentin artırılaraq birgə nikahlarından doğulmuş 21 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət etdiyi tarixdən etibarən hər ay 250 manat olmaqla sabit pul məbləğində alimentin və 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-2055/2018 saylı qətnaməsi ilə tutulan alimentin artırılaraq, birgə nikahlarından doğulmuş 21 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi tarixdən etibarən hər ay 500 manat olmaqla sabit pul məbləğində alimentin və 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, 345 manat əmək haqqı aldığını və iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə gücünün çatmadığını, hazırda yeni ailə qurduğunu və həmin nikahından iki yaşında bir övladının olduğunu əsas gətirməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2055/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı xx.xx.2016-ci ildə anadan olmuş uşağı X1 atası olması müəyyən edilmiş, uşağın doğum akt qeydində ata kimi Cavabdeh yazılması və xx.xx.2016-cil təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00084 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir. Lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 292033 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi əsasında “xəzinədar, bukmekerlik” vəzifəsində işləyir və 345 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2055/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin (hər ay bir uşaq üçün 150 manat məbləğində alimentin ödənilməsi) icrası başladıqdan sonra Cavabdeh maddi vəziyyətində artım olmamış və hal-hazırda onun aylıq vəzifə maaşı 345 manat təşkil edir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hazırki vəziyyətinin tələb olunan alimenti ödəməyə imkanının olmaması özü-özlüyündə cavabdehin bir ata kimi aliment ödənilməsi, uşağın saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən, artan tələbatlarının qarşılanması öhdəliyindən azad etməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, cavabdehin iddiaçı tərəfindən tələb etdiyi miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazancı ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün, həmçinin cavabdehin hazırki (real) maddi imkanı nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2055/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin alimentin məhkəməyə müraciət edildiyi tarixdən hesablanması hissəsini araşdıraraq hesab edir ki, alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalı olduğundan, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2055/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30.20 manat dövlət rüsumu Azərbaycan Respublikasının dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3251/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3251/2024
03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver