Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3283/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı Şəhəri, Biləcəri bələdiyyəsinin 02 dekabr 2005-ci il tarixli, 904 saylı qərarı ilə ona məxsus olan 350 kv.metr torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, o cümlədən hasarın bərpa edilməsinə yönəlmiş qanunsuz hərəkətlərin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 02 dekabr 2005-ci il tarixli, 904 saylı qərarı ilə Binəqədi rayonu Biləcəri bələdiyyəsinin ərazi hüdudları daxilində 350 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə ona ayrılmışdır. Mütəxəssis tərəfindən torpaq sahəsinin eskizi tərtib edilməklə təsdiq edilmişdir. Hal-hazırda ona məxsus torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, Cavabdeh heç bir əsas olmadan ona məxsus olan torpaq sahəsindən istifadə etməyə imkan vermir, hər dəfə torpaq sahəsinə getdiyində ondan əsassız olaraq şikayətlər edir. Sonuncu ona məxsus hasar söküldükdən və ona 800 manat ziyan vurulduqdan sonra o, polisə şikayət etmiş və Binəqədi RPİ 6-cı PB-nin 08 aprel 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və naməlum şəxs və ya şəxslər barəsində AR İXMnin 232-ci maddəsinə əsasən tədbirlər görülməsi qərara alınmışdır. Hal-hazırda sahiblik, istifadə hüquqları pozulmuşdur. Bakı şəhəri Biləcəri bələdiyyəsinin 02 dekabr 2005-ci il tarixli, 904 saylı qərarı ilə ona məxsus olan 350 kv.metr torpaq sahəsindən cavabdehin qanunsuz əməllərinə görə təyinatı üzrə istifadə edə bilmir və sökülmüş hasarını bərpa edə bilmir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirmişdir ki, cavabdeh ona məxsus olan 350 kv.metr torpaq sahəsinə daxil olmuşdur. Hazırda tələb edir ki, hasar cavabdehə məxsus evin yanında olmalıdır. Ona görə də hasarın cavabdehin evinin yanından tikilməsini tələb edir, evin sökülməsini isə tələb etmir. Cavabdehin isə əvvəllər küçəyə çıxışı digər tərəfdən olmuşdur. Əvvələr aralarında razılıq olmuş və cavabdehə məxsus evdən iki metr aralı məsafədə mişar daşdan hasar çəkmişdir. Bu zaman cavabdehlə münasibətləri yaxşı olduğundan belə bir razılığa gəlmişlər. Sonradan isə ona məxsus hasar cavabdeh tərəfindən sökülmüşdür. Bu səbəbdən o, polisə şikayət etmişdir. Şikayətinə baxıldığı vaxtı yenidən setka ilə həmin yerdən hasar çəkmişdir. Belə ki, icra hakimiyyətinin nümayəndəsi ona bildirmişdir ki, həyətyanı torpaq sahəsində mişar daşından hasar çəkilə bilməz. Ona görə də setka ilə hasar çəkmişdir.
4. Məhkəmə baxışına hazırlıq iclasında İddiaçı izahatında bildirmişdir ki, o, yeznəsi olan cavabdehlə birlikdə 2004-2005-ci ildə şərikli torpaq sahəsi almışdır. Torpaq sahəsinin bir hissəsində 2 otaqlı tikili olmuşdur. Qarşılıqlı razılığa əsasən torpaq sahəsinin boş olan hissəsində 3.5 sot ona aid olmuş və həmin hissəyə dair bələdiyyə qərarı almışdır. Uzun müddət maddi imkansızlıqdan torpaq sahəsində hər hansı tikinti işləri aparmamış və hər hansı məzrlənmə etməmişdir. Sonradan özünə aid olan torpaq sahəsini hasarlamışdır və 2024-cü ilin mart ayında cavabdeh icra hakimiyyətinin əli ilə hasarı sökdürmüşdür. Cavabdeh onlara məhkəmə qərarı olmadan torpaq sahəsində hər hansı iş aparmağa icazə verməyəciyini bildirir. Hazırda hasarın əvvəlki qaydada çəkilməsinə cavabdehin maneə törətməsindən narazıdır.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, o, hasarın əvvəlki yerində çəkilməsinə etiraz etmir. Onun küçəyə başqa yerdən çıxışı isə olmamışdır.
6. Məhkəmə baxışına hazırlıq iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçının 3.5 sot torpaq sahəsinin bir hissəsini qonşu zəbt etmişdir. İddiaçı isə qonşunun zəbt etdiyi hissəni onlara aid olan hissəyə keçməklə əvəzləşdirmək istəyir. Yəni onlar iddiaçının 3.5 sota hissəsinə daxil olmamışlar. Məhkəmə tərəfindən tədqiq edilmiş və iş materiallarında olan sübutlar:
7. Notarial qaydada təsdiq edilmiş və Milli Arxiv İdarəsi tərəfindən verilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 904 nömrəli qərarının surətindən görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 350 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə İddiaçı ayrılması qərara alınmışdır.
8. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, bu məktubda İddiaçı barəsində Binəqədi rayon Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 904 saylı qərarı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcud olması bildirilmiş, həmçinin qərarın və ona əlavə edilmiş cizgi sənədinin təsdiq edilmiş ksero surətləri göndərilmişdir.
9. Milli Arxiv İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin cizgisindən görünür ki, X1 ayrılmış torpaq sahəsi 350 kv.metr olmaqla 10x35 nisbəti ölçüsündədir.
10. Məhkmənin iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadı əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AE-07-018/25 nömrəli mütəxəssis rəyindən görünür ki, təqdim olunan sənədlər və mütəxəssis tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 904 nömrəli qərarı ilə İddiaçı 350 m2 sahəsi torpaq sahəsi ayrılmışdır. Qeyd olunan qərara əlavə edilmiş yerləşmə sxemində torpaq sahəsinin eni 10 metr, uzunluğu isə 35 metr göstərilmişdir. Bu ölçülər üzrə ümumi sahə 350 m2 təşkil edir. Lakin faktiki ölçmələr nəticəsində torpaq sahəsinin eninin 7 metr (6.5 metr — daxili hissə, 0.5 metr — qərb tərəfində qonşular arasında məsafə), uzunluğunun isə 35 metr olduğu müəyyən edilmişdir. Bu da torpaq sahəsinin faktiki sahəsinin 245 m2 olduğunu göstərir. Beləliklə, sxemdə qeyd olunan torpaq sahəsinin eni ilə faktiki ölçülən torpaq sahəsinin eni arasında uyğunsuzluq mövcuddur. Köhnə peyk şəkilləri və faktiki vəziyyətə əsasən müəyyən edilmişdir ki, sənədlə nəzərdə tutulan və faktiki olaraq çatışmayan en istiqamətində 3 metr hissə c avabdehin faktiki istifadəsində olan torpaq sahəsi istiqamətində yerləşir. Bu isə onu göstərir ki, əvvəllər mövcud olmuş hasar bələdiyyə qərarına əlavə edilmiş sxemdə göstərilən məsafələrə uyğun inşa edilməmişdir. Əlavə olaraq bildiririk ki, faktiki olaraq sökülmüş hasardan (hazırda məftil tor hasar ilə əhatə olunub) cavabdehin istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə qədər olan məsafə 2 metr təşkil edir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı əsasında iddiaçıya 350 kv.metr torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsinin yan hissəsində yerləşən torpaq sahəsi isə iş üzrə cavabdehin faktiki sahibliyindədir.
12. Əvvəllər tərəflər arasında hər iki torpaq sahəsinin arasında hasarın çəkilməsi barədə razılıq mövcud olmuş və bu razılığa əsasında mərzlənmiş hissədə iddiaçı tərəfindən mişar daşından ibarət hasar çəkilmişdir. Daha sonra həmin hasar sökülmüş və tərəflər arasında münasibətlər pozulmuşdur.
13. İddiaçı sökülmüş hasarın yerində yenidən məftil tordan ibarət hasar çəkmişdir.
14. Hazırda iddiaçı, izahatında hasarının cavabdehin evinin yanında (bitişik) çəkilməsinin tələb etdiyini vurğulasda, iddia tələbi ona ayrılmış 350 kv.metr torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və əvvəllər çəkilmiş hasarın bərpa edilməsinə yönəlmiş cavabdehin hərəkətlərin dayandırılmasından ibarətdir.
15. Cavabdehin iddiaya etirazının əsası isə onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməməsidir. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
19. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
20. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
23. 170.1-ci maddəsinə əsasəm ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
24. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
25. 176.1-ci maddələrinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.
26. 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
27. 176.3-cü maddəsinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.
28. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
29. 3-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.
30. 3-cü maddəsinin 4-ci hissəsinə əsasən torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir.
31. 4-cü maddəsinin 2-ci hissəsinə əsasən torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.
32. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
33. 84-cü maddəsinin 1 və 2-ci hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Tətbiq edilən prosessual normalar:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər.
39. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
40. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
42. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi:
45. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya Biləcəri Bələdiyyəsi tərəfindən 350 kv.metr torpaq sahəsi ayrılsada və torpaq sahəsinin ölçüsünə dair cizgi verilsə də, torpaq sahəsinin yerləşməsinə dair dəqiq koordinatları mövcud deyil. İddiaçıya ayılmış torpaq sahəsi və cavabdehin faktiki sahibliyində olan torpaq sahəsi uzun müddətdir onların istifadələrindədir. Onlar arasında əvvəllər torpaq sahələrinin ayrılması yeri (mərzlənməsi) barədə razılıq mövcud olmuş və bu razılığa əsasən iddiaçı, razılıq əldə olunmuş yerdən mişar daşından hasar çəkmişdir. Daha sonra qohumluq əlaqələrinin olmasına baxmayaraq, tərəflər arasında münasibətlər pozulmuş, iddiaçı tərəfindən inşa edilmiş hasar sökülmüşdür. Bundan sonra hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir.
46. İş üzrə verilmiş mütəxəssis rəyi isə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü və yerində müəyyən edilmiş faktiki vəziyyəti əsasında verilmişdir. Yəni mütəxəssis rəyindən görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə yerinə dair koordinatı mövcud olmadığından bu torpaq sahəsinin eninə və uzunluğuna olan ölçüsü əsas götürülməklə, mübahisə üzrə torpaq sahəsinin faktiki vəziyyəti bu ölçülər əsasında yerində müqayisə edilməklə nəticəyə gəlinmişdir. Bu nəticəyə əsasən isə Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 904 nömrəli qərarı ilə iddiaçıya ayrılan sahəsi torpaq sahəsinin yerləşmə sxemində eni 10 metr, uzunluğu isə 35 metr göstərilmişdir. Bu ölçülər üzrə ümumi sahə 350 m2 təşkil edir. İddiaçıya ayrılan 350 m2 torpaq sahəsinin enində uyğunsuzluq mövcuddur. Belə ki, torpaq sahəsinin hazırki vəziyyətdə eni 7 metrdir. Köhnə peyk şəkilləri və faktiki vəziyyətə əsasən müəyyən edilmişdir ki, sənədlə nəzərdə tutulan və faktiki olaraq çatışmayan en istiqamətində 3 metr hissə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi istiqamətində yerləşir.
47. İşin müəyyən edilmiş hallarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçıya ayrılan 350 kv.metr torpaq sahəsinin sərhədlərinin koordinatlarına dair sübutlar məhkəməyə təqdim olunmadığından (bu zaman məhkəmə nəzərə çatdırır ki, qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir ) ona ayrılmış torpaq sahəsinin çatışmayan hissəsi məhz cavabdehin istifadəsində olan torpaq sahəsi ilə əhatə olunması və bununla da cavabdeh tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin bütün hissələrindən istifadə edilməsinə maneəçilik yaradılması nəticəsinə gəlinməsi əsaslı və qanuni hesab edilə bilməz.
48. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən və məhkəməyə təqdim edilmiş sənədlər əsasında torpaq sahəsinin sərhədlərini dəqiq müəyyən etmək mümkün olmadığından torpaq sahəsinin ölçüsünün çatışmayan hissəsindən sahiblik və istifadə edilməsinə cavabdeh tərəfindən maneələrin törədilməsi tələbinin irəli sürülməsi hazırki vəziyyətdə əsassızdır.
49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki sahibliyində olan torpaq sahələrinin sərhədləri, həmçinin onların arasında torpaq sahələrinin ayrılmasına dair əvvəllər mövcud olmuş razılıq əsas götürülməklə iş üzrə yekun nəticə əldə olunmalıdır. Belə ki, həmin razılığa əsasən iş üzrə tərəflər torpaq sahələrinin mövcud sərhədlərini könüllü olaraq faktiki istifadələrində olan torpaq sahəsini nəzərə alaraq bölgü (mərzlənmə) işlərini aparılmışlar və həmin mərzlənməyə əsasən iddiaçı tərəfindən torpaq sahəsinin uzunluğunda mişar daşından hasar çəkilmişdir. Həmin hasar isə söküldüyündən məhkəmə hesab edir ki, onun bərpasına dair cavabdeh tərəfindən törədilən maneələr əsasız hesab edilməli və bu maneələr ona qadağan edilməlidir. Bu zaman məhkəmə həmçinin qeyd edir ki, baxılan iddia tələbi məhz əvvəllər razılıq əsasında çəkilmiş həmin bu hasarın bərpasına edilən maneələrin aradan qaldırılmasından ibarətdir.
50. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin “350 kv.metr torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması” hissəsi əsassız, “hasarın bərpa edilməsinə yönəlmiş qanunsuz hərəkətlərin dayandırılması” hissəsi isə əsaslı hesab edilməlidir. Nəticə:
51. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdehin faktiki sahibliyində olan Biləcəri qəsəbəsində (Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 904 saylı qərarı əsasında Biləcəri Bələdiyyəsi hüdudları daxilində ayrılmış torpaq sahəsi) yerləşən torpaq sahələrinin aralarında əvvəllər mövcud olmuş hasarın (hazırda məftil tordan ibarət olan hasarın yerində) düz xətt boyunca sonadək bərpa edilməsinə(tikilməsinə) maneələrin törədilməsi cavabdehə qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
52. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh faktiki sahibliyində olan Biləcəri qəsəbəsində (Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 904 saylı qərarı əsasında Biləcəri Bələdiyyəsi hüdudları daxilində ayrılmış torpaq sahəsi) yerləşən torpaq sahələrinin aralarında əvvəllər mövcud olmuş hasarın (hazırda məftil tordan ibarət olan hasarın yerində) düz xətt boyunca sonadək bərpa edilməsinə (tikilməsinə) maneələrin törədilməsi Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev