Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3287/2020 30.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıCavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh Salmanova Sevil Rzaağa qızı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2892,02 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 3222,02 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H: AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı İB 09 sentyabr 2019-cu il tarixli, AKX- 0150879/09-2019 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G- 4 markalı, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələbini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBnin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq, aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağıdakı aktlar tərtib edilmişdir. 28 fevral 2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 133 m3, dəyəri 262,60 manat, 25 my 2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 9720 m3 dəyəri 1944 manat hesablanmışdır. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçı İB-nə cəmi 2892,02 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğini könüllü ödəməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərcinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin hər iki akta uyğun olaraq təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki,: İddiaçı ilə Cavabdeh arasında 09.09.2019-cu il tarixli, AKX-0150879/09-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00000 olan Cavabdeh qeydiyyata alınmışdır və ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin ünvanda “ Smart G-4 İTRON GALLUS Pay” tipli sənaye cihazı, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Qeyd edilən mənzildə 4 gözlü qaz plitələri (PQ-4), (1/1) , Samovar (1/1) Qızdırıcı radiator peçı (1/1) cihazları mövcuddur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16.02.2017-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvan 2ndə yerləşən Cavabdeh məxsus fərdi yaşayış evində qaz sayğacına qeyri-qanuni qoşulma müşahidə olunmuşdur. Belə ki, 01 fevral 2017-ci il tarixində İTRİ-in 1602-0306 №-li rəyinə görə 1402AZ**********21 №-li qaz sayğacının hesablanma mexanizminin qoruyucu örtüyü üst hissədən deşilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2017-ci il tarixli QİS-in görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinədə qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 22 gün, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 68 gün: QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 22 gün, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 68 gün, radiator sobanın maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 22 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1313 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25.05.2018-ci il tarixli, ******* saaylı aktın surətindən görünür ki, ünvan 2ndə yerləşən Cavabdeh məxsus fərdi yaşayış evində qaz sayğacına qeyri-qanuni qoşulma müşahidə olunmuşdur. Belə ki, ARDNŞ, İddiaçı İB və İTRİ-nin MSK 29/1710-00333-1 saylı rəyinə əsasən 1802AZ**********74 №-li sayğacının hesablama mexanizmi üst hissədən deşilib. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 25 may 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinədə qaz işlədicilərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 9720 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. 12 aprel 2018-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılmaası və istismara qəbulu haqqında” aktdan görünür ki, Cavabdeh məxsus Binəqədi qəsəbəsi, Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evinə İTRON tipli, G4 markalı, 1802 AZ**********74 saylı yeni sayğac quraşdırılmışdır. İddiaçı İB tərəfindən Cavabdeh ünvanlanan 11 aprel 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı İB-nə olan borcunu 3 gün müddətində ödəməsi barədə məlumat verilmiş əks təqdirdə ona məxsus əmlakın qaz təchizatının dayandırılacağı və müvafiq qaydada məhkəməyə müraciət diləcəyi barədə xəbərdarlıq edilmişdir. 26.11.2019-cu il tarixli, 58891594 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 09 sentyabr 2019-cu il tarixdə “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək 16 fevral 2017-ci il tarixində akt tərtib edilmiş cavabdehə 1313 m3 həcmində borc hesablanmışdır. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları yenidən cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə 25 may 2018-ci il tarixdə akt tərtib etmişlər. Hazırda iddiaçı tərəf həmin aktlara görə ümumilikdə 2892,02 manat pul vəsaitinin, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı çəkdiyi 300 manat xərcin, 30 manat dövlət rüsumu ilə birlikdə 3222,02 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı təbii qazdan istifadəyə görə yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış 09.09.2019-cu il tarixli, AKX-0150879/09-2019 nömrəli müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qaz xəttinə sayğacdan kənar qeyri-qanuni yolla qoşulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. HəminMəcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də sadalanan əsaslar mövcuddur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı ilk dəfə 16 fevral 2017-ci il tarixində aşkar edilmişdir. Daha sonra yenidən eyni faktla əlaqəli 25 may 2018-ci il tarixində akt tərtib edilmişdir. Odur ki, yenidən qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırılmadan davamlı olaraq yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qeyri-qanuni olaraq qazdan istifadə etməsi ilə bağlı 16 fevral 2017-ci il tarixli, ******* saylı akt əsas götürülməli, həmin akt üzrə hesablanma İddiaçı Tarif Şurasının qiyməti nəzərə alınmaqla 1 kubmetr üçün 0.10 qəpik hesablanaraq 131.3 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: “xxxx” MMC ilə “Mirzayev and X3” MMC arasında bağlanan 01 may 2019-cu il tarixli “Alyans yaradılmasına dair” müqavilənin 3.5-ci bəndinə görə partnyor tərəfindən 1 saatlıq hüquqi xidmətin göstərilməsi üçün 130 manat, böyük hüquqşünas tərəfindən 1 saatlıq hüquqi xidmətin göstərilməsi üçün 100 manat, hüquqşünas tərəfindən 1 saatlıq hüquqi xidmətin göstərilməsi üçün 80 manat dəyərində tariflər müəyyən edilmişdir. “Mirzəyev və Partnyorları” vəkil brosunun direktoru Səyyad Mirzəyev tərəfindən İddiaçıİB-nə ünvanlanan məktubdan görünür ki, İddiaçı İB-nin maraqlarının bütün instansiya məhkəmələrində müdafiə edilməsi ilə bağlı “Mirzayev and X3” MMC-yə 25.07.2019-cu il tarixli, 189/AZQ saylı sifariş daxil olmuşdur. Məktubda “xxxx” MMC ilə “Mirzayev and X3” MMC arasında bağlanan 01 may 2019-cu il tarixli “Alyans yaradılmasına dair” müqavilənin 3.5-ci bəndinə görə hər bir iş üzrə böyük hüquqşünas tərəfindən göstərilən hüquqi xidmətin dəyəri hazırlıq və digər iclaslarda iştirakın müddəti 1 saat hesablanmış və 1 saat üçün 100 manat xidmət haqqı müəyyən edilməsi qeyd edilmişdir. İş materialları üçün tanışlıq müddəti isə 2 saat olacağı qeyd edilmişdir. Nəticə olaraq isə hər bir iş üzrə xidmət haqqının 300 manat təşkil edəcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, nümayəndə vəkilin, iş materialları ilə tanış olmaq üçün sərf etdiyi müddətlə bağlı sənəd məhkəməyə təqdim olunmadığından, vəkilə çəkilən xərc tam həcmdə tələb edildikdə cavabdehin vəziyyətini ağırlaşdıracağından məhkəmə hesab edir ki, tələb edilən xərc ağlabatan məbləğdə müəyyən edilməklə və nümayəndə, vəkilin məhkəmənin hazırlıq və baxış iclaslarında iştirakının müddəti 1 saat üzrə hesablanmaqla, vəkilə çəkilmiş xərcin əvəzi qismində 100 manat mələğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 131.3 manat məbləğində pul vəsaiti, hüquqların bərpası məqsədilə çəkilən 100 manat xərc olmaqla ümumilikdə 231.3 manat pul vəsaiti və 10 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 131.3 (bir yüz otuz bir manat otuz qəpik) manat məbləğində pul vəsaiti , hüquqların bərpası məqsədilə çəkilən 100 (bir yüz) manat xərc olmaqla ümumilikdə 231.3 (iki yüz otuz bir manat otuz qəpik) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3287/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3287/2020
30.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver