Məhkəmə qərarları › İş №2(001)-3298/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3298/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3298/2022 14.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, iki ədəd İPhone 11 pro markalı mobil telefonu, Samsung Galaxy A50 markalı mobil telefon almış, müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçıya 6116,7 manat borcu yaranmışdır. Ona görə də xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 2578,6 manatın, dəbbə puluna görə 778,8 manatın, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 2000 manatın, dəbbə puluna görə 573,3 manatın, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 150 manatın, dəbbə puluna görə 36 manatın, ödənilmiş dövlət rüsumuna görə 81,17 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, ABC Telecom MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, iki ədəd İPhone 11 pro markalı mobil telefonu və bir ədəd Samsung Galaxy A50 markalı mobil telefonu almış, maddi imkanı olmadığından ödənişləri apara bilməmişdir. Hal-hazırda iddiaçının müqavilələr üzrə ondan tələb etdiyi əsas borca görə cəmi 4728,6 manat tələbini qəbul edir. İddiaçının cərimə tələbini qəbul etmir. İddiaçıya olan əsas borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00943833 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 745 manat olan Samsung Galaxy A50 markalı telefonu 12 ay müddətinə hər ay 60 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01101016 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 3529 manat olan iPhone 11 Pro 64 GB markalı telefonu 12 ay müddətinə hər ay 273 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20201661 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı qiyməti 2835,6 manat olan iPhone 11 Pro markalı telefonu 12 ay müddətinə hər ay 236,3 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 2578,6 manat, dəbbə puluna görə 778,8 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 2000 manat, dəbbə puluna görə 573,3 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 150 manat, dəbbə puluna görə 36 manat olmaqla cəmi 6116,7 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 2578,6 manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə əsas borca görə 2000 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 150 manat borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının hər üç müqavilə üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00943833 saylı müqavilə üzrə əsas borca görə 150 manat, dəbbə puluna görə 3 manat, xx.xx.2019-cu il tarixli 01101016 saylı müqavilə üzrə əsas borca görə 2000 manat, dəbbə puluna görə 30 manat, xx.xx.2020-ci il tarixli 20201661 saylı müqavilə üzrə əsas borca görə 2578,6 manat, dəbbə puluna görə 50 manat, dövlət rüsumuna görə 81,17 manat olmaqla cəmi 4892,77 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar