Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-330/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Expressbank" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli, 106840-790051/1 saylı kredit müqaviləsinə əsasən, borcluya 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər - Cavabdeh2 arasında 25 oktyabr 2019-cu il tarixli, 106840-790051/1 nömrəli və Cavabdeh3 arasında 25 oktyabr 2019 il tarixli, 106840-790051/1/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyırlar. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 07 iyul 2021-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 8009,13 manat məbləğində əsas borcu və 2545,09 manat faiz borcu olmaqla, ümumilikdə 10554,22 manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, o, borcu ödəməkdən boyun qaçırmır, borcunun mövcud olmasını qəbul edir. Lakin həmin borcu tam olaraq birdəfəlik ödəməyə imkanı yoxdur. İddiaçı buna şərait yaradacağı təqdirdə, borcunu hissə-hissə ödəməyə razıdır. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.10.2019-cu il tarixli, 106840-790051/1 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən, sonuncuya 24 ay müddətinə, illik 29% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 25.10.2019-cu il tarixli, 106840-790051/1 və 106840- 790051/2 saylı Zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında və müqavilələrə əsasən zaminlər borc alan Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti üzərlərinə götürmüşlər. İş materiallarında olan 07.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh1 Banka 8009,13 manat əsas borc və 2545,09 manat faiz borcu olmaqla, cəmi 10554,22 manat borcu mövcuddur. İş materiallarında olan 10.02.2022-ci il tarixli, 9/9005 saylı ekspert rəyində göstərilmişdir ki, ... Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 25.10.2019-cu il tarixli, 106840-790051/1 №-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 07.07.2021-ci il tarixə (iddia ərizəsinin verildiyi tarix) banka olan borcu 10.832,50 manat (8384,20 manat əsas borc, 2448,39 manat faiz borcu) məbləğində müəyyən olunur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər mövcud olan borc və borc ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq addımlar barədə məlumatlandırılmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8009,13 manat əsas borc və 2448,30 manat faiz borcu olmaqla, cəmi 10457,43 manat məbləğində borc tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8009,13 manat əsas borc və 2448,30 manat faiz borcu olmaqla, cəmi 10457,43 (on min dörd yüz əlli yeddi manat qırx üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-330/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-330/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver