Məhkəmə qərarları › İş №2(001)-3310/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3310/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3310/2025 29.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********08589 İphone 14 markalı telefon, İmei kod **********34381 İphone 15 markalı telefon üçün 3551.7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.2 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, 355.17 (üç yüz əlli beş manat, 17 qəpik) manat cərimə, ümumilikdə 3954.07 manat borc və 59.55 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3310/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********08589 İphone 14 markalı və İmei kod **********34381 İphone 15 markalı telefon almış və nəticədə 3954,07 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4251,74 manat (18 ay x 233,43 manat + 50 manat ilkin ödəniş) olan İmei kod **********08589 İphone 14 markalı və İmei kod **********34381 İphone 15 markalı telefon üçün ümumilikdə, 3954,07 manat olmaqla ondan, 3551,7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,2 manat rüsum, 355,17 manat dəbbə borcu yaranmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 700,0 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 10.3.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarş tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya yönəldilə bilər. Tərəflərin izahatları və iddiaya münasibətləri:

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iclasın iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehin etirazının səbəbi əslində ondan tələb edilən cərimə məbləği ilə razılaşmamasıdır. Cavabdeh bir nisyə alğı-satqı müqaviləsi ilə 2 məhsul alıb. Müqavilə üzrə bu günə 704,04 manat ödəniş edib. Məhsulun batareyasına zəmanət verilmədiyindən, servis mərkəzində ona kömək göstərilməsi mümkün olmayıb. Əgər məhsulda bu günə qədər problem var idisə , bu barədə məhkəməyə əvvəldən də, özü müraciət edə bilər. Hansı ki, cavabdeh heç özü rəsmi qaydada onlara müraciət etməyib. Ola bilsin telefonun şarj qaydası istehlakçı tərəfindən pozulub, ona görə batareya faizi düşüb. Cavabdehin xüsusi biliyi olmadan, batareya faizinin düşməsini qüsur kimi təqdim etməsi düzgün deyil.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hazırda iddia tələbini əsas borca münasibətdə qəbul edir, lakin hesablanmış cərimə məbləği ilə razı deyil. Bu barədə yazılı ərizəsini də, təqdim etmişdir. Bundan başqa bildirmişdir ki, məhsulları xx.xx.2024-cü il tarixində alıb, cəmi bir ay 233 manat ödəniş edib. Telefonlardan İphone 14 ilə bağlı hər hansı bir narazılığı yoxdur. Onu narahat edən məqam İphone 15 modeli ilə bağlıdır. Belə ki, həmin telefon 1 aylıq istifadədən sonra batareya faizi birdən-birə 100%-dən 97%-ə düşmüşdür. Hansı ki, belə bir hal olmamalıdır. Ona görə də, məhsula görə ödəniş etməyi dayandırmışdır. Telefonun batareyasında yaranan qüsura görə, mağazaya yaxınlaşmış, onu servisə yönləndirmişlər. Orada isə ona köməklik göstərilməmişdir. 7 ildir ki, mağazanın daimi müştərisidir. Lakin bu cür rəftardan və belə məhsuldan sonra nə özü, nə də ki ətrafı oradan alış-veriş etməyi daha düşünmür. İphone 15 modeli ona vitrindən verilmişdir. Hesab edir ki, telefonda zavod istehsalı qüsur var. Ekspert rəyinə görə, qüsur müəyyən edilmədiyi təqdirdə ödəniş etməyə razıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №10738201 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 3551,7 manat olan İmei kod **********08589 İphone 14 markalı və İmei kod **********34381 İphone 15 markalı telefon Cavabdehnın istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 233,43 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 10 yanvar 2024-cü il, sonuncu ödəniş tarixi 03 yanvar 2026-cı il müəyyən edilmişdir. Müqavilənin 3.4-cü maddəsinə əsasən müştəri Müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən, cihazın İMEİ Kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.

9. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında satılmış, İmei kod **********08589 İphone 14 markalı və İmei kod **********34381 İphone 15 markalı telefonların açılıb-bağlanması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə hər birinə görə 23,60 manat olmaqla, 47,2 manat pul ödənilmişdir.

10. xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №10738201 saylı saylı müqaviləyə əsasən olan İmei kod **********08589 İphone 14 markalı və İmei kod **********34381 İphone 15 markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

11. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir;

12. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 59,55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, №10738201 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, nəticədə "xxxx" MMC müqavilə üzrə əşyaları cavabdehə nisyə satmış, cavabdeh isə həmin əşyaları qəbul etmiş, hər bir müqavilədə nəzərdə tutulmuş ödəniş şərtlərini pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

14. Hazırda iddiaçı müqavilə üzrə yaranmış 3551,7 manat əsas, 355,17 manat cərimə olmaqla 3954,07manat məbləğində borcun tutulmasını xahiş edir.

15. Cavabdeh ilk əvvəl məhsulların qüsurlu olmasını iddia etməklə, iddiaya etiraz etsə də, daha sonra idda tələbini qəbul etmişdir.

16. İddiaçı tərəfindən 59,55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

19. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

20. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

22. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

24. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

25. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;

26. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

27. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

28. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

29. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur.

30. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Tətbiq edilən prosessual normalar:

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:

32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

36. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli, №10738201 saylı müqavilə üzrə əsas borca görə 3551,7 manat, cərimə borcuna görə 355,17 manat, ümumilikdə 3954,07 manat məbləğində pul vəsaiti və 59,55 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

37. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, №10738201 saylı müqavilə üzrə əsas borca görə 3551,7 manat, cərimə borcuna görə 355,17 manat olmaqla, ümumilikdə 3954,07 manat məbləğində pul vəsaiti və 59,55 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar