Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3322/2023 08.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu ildən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi qərara əsasən 300 manat alimentinin hər ay ona 200 manat ödənildiyi üçün həmin tarixdən (xx.xx.2019) bu vaxtadək olan borcların qaytarılmasının təmin edilməsini, borcları ödəməyənə qədər ölkədən başqa ölkələrə çıxışına STOP qoyulmasını və Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyi üçün, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşağa görə 220 (iki yüz iyirmi) manat iki uşağa görə cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı iddia tələbində aliment miqdarının artırılması tələbi ilə yanaşı, xx.xx.2019-cu ildən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi qərara əsasən 300 manat alimentinin hər ay ona 200 manat ödənildiyi üçün həmin tarixdən (xx.xx.2019) bu vaxtadək olan borcların qaytarılmasının təmin edilməsini, borcları ödənilməyənə qədər ölkədən başqa ölkələrə çıxışına STOP qoyulmasını xahiş etmiş olsa da, bununla əlaqədar qeyd edirəm ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməsi üzrə tədbirlər icra məmuru tərəfindən həyata keçirilir və icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra sənədinin icrası ilə əlaqədar müvafiq tədbirlər görülmədiyi halda, icra məmrunun hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət verilə bilər. Yəni, bu qəbildən olan işlərə məhkəmədə iddia icraatı qaydasında baxılmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya izah olunmalıdır ki, o, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı icra məmuruna müraciət etməli, icra məmuru tərəfindən müvafiq tədbirlər görülmədiyi təqdirdə isə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, o, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı icra məmuruna müraciət etməli, icra məmuru tərəfindən müvafiq tədbirlər görülmədiyi təqdirdə isə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. İddiaçıya izah edilir ki, o, “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3322/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3322/2023
08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver