Məhkəmə qərarları › İş №2(001)-334/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-334/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-334/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Elxan Şərbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 8071,62 ABŞ dolları əsas, 3852,75 ABŞ dolları faiz, 1258,4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017ci il tarixdən, xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 943, 55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 14126,32 ABŞ dolları borc və 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı İKB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24% hesablamaq şərti ilə 24 ay müddətinə 19200 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2017ci il tarixədək təyin edilir. Həmçinin kredit müqaviləsinin təminatı olaraq Bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Cavabdeh1 həmin məbləğdə pulu qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, tələb edilən müddətlərdə və məbləğlərdə ödənişlər etməmiş, nəticədə Banka borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli borcverən “İddiaçı İKB” ASC, borcalan Cavabdeh1, zamin X3 arasında bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən İddiaçı İKB ASC Cavabdeh1 24 ay müddətinə illik 24% hesablamaq şərti ilə 19200 ABŞ dolları məbləğində kredit verməyi, borclu isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə borcunu borcverənə qaytarmağı, zamin Bank qarşısında “borcalanın” müqavilənin 1.2-ci bəndi ilə nəzərdə tutulmuş öhdəliyin tam həcmdə icra edilməsinə cavabdeh olması barədə öhdəlik götürmüşlər. xx.xx.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli borcverənlə borcalan arasında bağlanmış əlavədən görünür ki, kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 27 faiz müəyyən edilmiş, kreditin güzəşt müddəti 2 ay təyin edilmişdir. xx.xx.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə xx.xx.2016-cı il tarixli borcverənlə borcalan arasında bağlanmış əlavədən görünür ki, kreditin bitmə müddəti olduğu kimi qalmış, kreditin faizi 24 faizə endirilmiş, əlavə olaraq 3 ay güzəşt müddəti müəyyən edilmişdir. “xxxxxxxxx” ASC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 mübahisə predmeti olan kredit müqaviləsi üzrə əsas borcdan cəmi 12961.76 ABŞ dolları, faiz borcundan 4845,82 ABŞ dolları ödəmişdir. Borclu sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 117.51 ABŞ dolları ödəniş etmişdir. Borclunun kreditin bitmə tarixinə 3852.75 ABŞ dolları faiz borcu qalmışdır. Bununla bağlı aparılmış ekspertiza tədqiqatının nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3701 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixə İddiaçı İKB ASC-yə 11166,69 ABŞ dolları əsas borc, 3841,39 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 15008,08 ABŞ dolları, xx.xx.2020-ci il tarixə isə 7777,76 ABŞ dolları əsas, 3841,38 ABŞ dolları faiz, 5 faizlə hesablanmış faiz borcu 1229,73 ABŞ dolları olmaqla, cəmi 12848,87 ABŞ dolları müəyyən edilmişdir. Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İddiaçı İKB ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2018-ci il və xx.xx.2019-cu tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehlərdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədəona xəbərdar edilmişdir; xx.xx.2018-ci il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin Çıxarışından görünür ki, əvvəlki adı İddiaçı X2 X4 hazırki adı “xxxxxxxxx” X5. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əvvəlki adı ilə İddiaçı İKB ASC hazırki adı ilə “xxxxxxxxx” ASC (bundan sonra-Bank) Cavabdeh1 24 ay müddətinə illik 24% hesablamaq şərti ilə 19200 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 həmin məbləğdə pulu qəbul etmiş və müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu kredit məbləğindən istifadə etmiş, lakin kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənişlər etmədiyindən, onun Banka (iddiaçıya) borcu yaranmışdır.Kredit müqaviləsinin təminatı olaraq Bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehin maliyyə arayışına əsasən borcunun yarandığını bildirməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu məbləğin ondan tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçı Bank ilə fiziki şəxslər olan cavabdehlər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada, yəni ödəniş qrafiki ilə nəzərdə tutulmuş həcmdə və müddətdə icra etməmişdir. Bununla da borclu müqavilə şərtlərini pozmuşdur. Eyni zamanda müqavilə müddəti bitdikdən sonra da borcunu ödəməməklə iddiaçıya zərər vurmuşdur. Məhkəmə tələb olunan borc məbləğləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla işin mübahisəsiz halı ondan ibarətdir ki, bank borcluya 19200 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı tələbində kredit müqaviləsi üzrə 8071.62 ABŞ dolları məbləğində əsas borcun qalmasını bildirsə də, onun tərəfindən təqdim olunan sonuncu maliyyə arayışından görünür ki, borclu əsas borc üzrə 12961.76 ABŞ dolları ödəniş etmişdir. Riyazı hesablama aparıldıqda kreditin 19200 ABŞ dolları olduğunu nəzərə alınarsa qalıq məbləğ həmin məbləğlərin fərqini əhatə etməlidir. Yəni kredit müqaviləsi üzrə əsas borc 6238.24 ABŞ dolları (19200-12961.76=6238.24) məbləğində müəyyən edilməlidir. Faiz borcu ilə bağlı həm tələbdə, həm sonuncu maliyyə arayışında, həm də eskpert rəyində göstərilən məbləğlər təqribən eynilik təşkil etdiyindən məhkəmə hesab edir ki, ekspert rəyi üstün hesab edilməklə faiz borcu 3841.38 ABŞ dolları müəyyən edilməlidir. Bundan başqa illik 5 faizlə tələb olunan borca münasibətdə isə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə qalıq əsas borcun məbləği 6238.24 ABŞ dolları müəyyən edildiyinə görə, iddia ərizəsinin məhkəməyə verildiyi vaxtadək olan müddət (xx xxxx 2017xx xxxx 2019) təqribən 1 ili əhatə etdiyinə görə borc 303.45 (357/müqavilə müddəti bitdikdən sonra iddia verilən günədək olan zaman kəsiyi X 0.85/tələb olunan əsas məbləğin illik 5 faizlə 1 günə düşən məbləği ) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan əlavə tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, müəyyən olunan əsas borc və faiz borcu nəzərə alınaraq tələb olunan cərimə məbləği endirilməli 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə məhkəmə o qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli kredit müqaviləsi (həmin kredit müqaviləsinə əlavələr nəzərə alınmaqla) üzrə Cavabdeh1 qalıq borcu əsas borc üzrə 6238.24 ABŞ dolları, faiz borcu üzrə 3841.38 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, illik 5 faizlə tələb olunan faiz borcu 303.45 ABŞ dolları, cəmi 10483.07 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə həmin məbləğin cavabdehlərdən, yəni həm borclu, həm zamindən tutulması hissəsində də iddianı qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd edilmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Odur ki, xx.xx.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli kredit müqaviləsinin bitmə tarixi xx.xx.2017-ci il olduğundan, iddia məhkəməyə kredit müqaviləsinin bitdiyi tarixdən təqribən 2 il sonra verildiyindən (xx.xx.2019) zaminliyə xitam verilməli, iddia zaminə qarşı əsaslı hesab edilməməlidir. Beləliklə məhkəmə o qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli kredit müqaviləsinə (həmin kredit müqaviləsinə əlavələr nəzərə alınmaqla) əsasən əsas borc üzrə 6238.24 ABŞ dolları, faiz borcu üzrə 3841.38 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, illik 5 faizlə hesablanan faiz borcu üzrə 303.45 ABŞ dolları, cəmi 10483.07 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Odur ki, xarici valyutada olan pul öhdəliyi ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli kredit müqaviləsinə(həmin kredit müqaviləsinə əlavələr nəzərə alınmaqla) əsasən əsas borc üzrə 6238.24 ABŞ dolları, faiz borcu üzrə 3841.38 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, illik 5 faizlə hesablanan faiz borcu üzrə 303.45 ABŞ dolları, cəmi 10483.07 ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, habelə iddia qismən təmin edildiyinə görə 20 manat məbləğində dövlət rüsumu Cavabdeh1 “xxxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti iddia qismən təmin edildiyinə görə tərəflər arasında bölünməli, ekspertiza tədqiqatının dəyərinin 20 manat hissəsi iddiaçıdan, 80 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli, 1-MZ-3-0-1053-14 nömrəli kredit müqaviləsinə (həmin kredit müqaviləsinə əlavələr nəzərə alınmaqla) əsasən əsas borc üzrə 6238.24 ABŞ dolları, faiz borcu üzrə 3841.38 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, illik 5 faizlə hesablanan faiz borcu üzrə 303.45 ABŞ dolları, cəmi 10483.07 (on min dörd yüz səksən üç ABŞ dolları yeddi sent) ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi Cavabdeh1 “xxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyərinin 20 (iyirmi) manat hissəsi iddiaçıdan, 80 (səksən) manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar