Məhkəmə qərarları › İş №2(001)-3344/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3344/2022

16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3344/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, halhazırda tərəflərin birgə nikahından doğulmuş uşaqların tələbatları artmış, cavabdehin ödədiyi aliment uşaqların saxlanılmasına kifayət etmir və o, uşaqlarının ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Ona görə də, alimentin miqdarının ölkə üzrə müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumuna qədər artırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, bu günədək tələb olunan alimenti vaxtı-vaxtında ödəyib, çalışıb gecikdirməsin. Lakin son bir neçə ay işləmir və ona görə də müəyyən aliment borcu yaranıb. Hal-hazırda nə həmin aliment borcunu ödəməkdən boyun qaçırmır, nə də ki, alimentin artırılmasına etiraz etmir. Məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6137/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ... uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Beləliklə məhkəmə uşaqların maraqlarını əsas götürərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 6137/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə müvafiq olaraq, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6137/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar